Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Sadə fermer daha çox sevinəcək ya oliqarx?


Üzümlük
Üzümlük

Yeni üzüm bağlarının hektarına 8 min manat subsidiya veriləcək.

Bu günlər Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb. Orada diqqətçəkən məqamlardan biri 2022-ci ildə Azərbaycanın bəzi rayonlarında üzümçülüklə məşğul olacaq fermerlərə birdəfəlik əkin subsidiyalarının verilməsidir. Söhbət Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarından gedir. Salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur.

Lakin birdəfəlik subsidiyaları almaq istəyən fermerlər üçün bəzi şərtlər də qoyulub. Üzüm bağları dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində becərilməlidir.

Mütəxəssislərin bildirməsinə görə, SSRİ dönəmində Azərbaycanda üzümçülük yüksək səviyyədə inkişaf edib. Amma onların bildirməsinə görə, həm SSRİ-nin son illərində üzümçülüyün gözdən salınması, həm də müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin qırılması üzündən bu sahə tənəzzülə uğrayıb. (Azərbaycan lazımı gübrə ala bilmədiyindən üzüm bağlarını xəstəliklər bürüyüb)

'Vaxt vardı üzüm satıb qız köçürürdük, maşın alırdıq, indi isə...'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

Lakin 10 il əvvəl "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, 2020-ci ildə Azərbaycanda üzümlüklərin sahəsi 16.5 min hektara, üzüm istehsalı 208 min tona, məhsuldarlıq isə 104.8 sentnerə çatdırılıb.

"İşğaldan azad olunmuş ərazilərdə…"

Nazirlikdən qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Abşeronda, Naxçıvanda, Şamaxıda, Cəlilabadda, Gəncə-Qazax və digər bölgələrdə müasir tipli yeni üzüm plantasiyaları salınıb, aqrotexniki qulluq istiqamətində yeni texnologiyanın tətbiqinə başlanıb. Qurumdan habelə vurğulanıb ki, bundan sonra işğaldan azad olunmuş ərazilərdə üzümlüklərin salınmasına üstünlük veriləcəyi gözlənilir: "1980-ci illərdə regionda bitkiçilik məhsullarından, əsasən, taxıl məhsulları və üzüm istehsalı üstünlük təşkil edib. Həmin dövrdə Qarabağ və ətraf rayonlar ölkə üzrə taxıl istehsalının 13.9 faizinə, üzüm istehsalının isə 25.5 faizinə malik idi".

Hökumət kəndlidən məhsul ala bilər - yeni şərtlər açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Dövlətin böyük dəstəyidir"

Subsidiyalarla bağlı qeyd edilən şərtlərə, məbləğə gəlincə, nazirlikdən vurğulanıb ki, bu, həm dəmyə üzümçülük və növbəti mərhələdə şərabçılıq, həm də ümumilikdə bu sahənin inkişafı üçün dövlətin böyük dəstəyidir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin isə AzadlıqRadiosuna deməsinə görə, son vaxtlar subsidiyalarla bağlı elə mexanizm yaradılıb ki, o, əsasən, məmur oliqarxlarının işini asanlaşdırır və bizneslərini stimullaşdırır: "Orada müəyyən şərtlər var. O şərtlərə adi fermerlər əməl edə bilmir. Həmin şərtlərə uyğun maliyyə qoyuluşu həyata keçirilməlidir və buna ancaq varlı adamların imkanı çatır".

"Oliqarxların şərab zavodları var"

Ekspert daha sonra da deyib: "Artıq demək olar ki, hakim ailə gəlirli kənd biznesinə əl qoymaqdadır. Bunların içində bağlardır, aqroparklardır, indi də fermer təsərrüfatlarını yaradıblar".

Goranboylu fermer: 'Biz pomidoru 20 qəpiyə satmağa məcburuq, Bakıdasa 1 manatdı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

O qeyd edib ki, üzümçülüklə məşğul olan fermerlər kifayət qədər ciddi çətinliklərlə üzləşirlər: "Qazax və Tovuz rayonlarının fermerləri istehsal etdikləri məhsul üçün bazar tapa bilmirlər. Onlar məcbur olub öz məhsullarını dəyər-dəyməzə satırlar. Oliqarxların şərab zavodları var, onlar avadanlıqları alıb gətiriblər, yaxşı şərait qurublar. İndi də dövlət büdcəsi hesabına onlar əraziləri genişləndirəcəklər. Azad olunmuş rayonlarının əhalisi gedib hələ orada məskunlaşmayıb, amma artıq orada əkin işi və subsidiya ilə bağlı qərarlar qəbul edilib".

Onun sözlərinə görə, bu qərar ona görə qəbul edilib ki, o ərazilərdə artıq oliqarxlar tərəfindən əkin işləri aparılır.

Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, hakim ailənin biznesi haqqında deyilən fikirləri qəbul etmirlər. Hakimiyyət rəsmiləri tez-tez vurğulayırlar ki, Azərbaycanda həm biznesdə azad rəqabət sistemi, həm də korrupsiya ilə mübarizədə hakim iradə var.

XS
SM
MD
LG