Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:01

Vəkillər Kollegiyasından borca görə çıxarılan vəkil narazıdır


Yardımlı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Qubadəli Rzayev Vəkillər Kollegiyasından çıxarılıb. İddia olunur ki, o, 6 aydan çox üzvlük haqqını (toplam 398 manat) ödəməməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu pozub.

Qanunun 23-cü maddəsində yazılıb ki, üzvlük haqqını 6 aydan çox üzrsüz səbəbdən ödəmədikdə vəkilin fəaliyyətinə xitam verilə bilər.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu əsasla Qubadəli Rzayevin vəkillik fəaliyyətinə xitam vermək qərarına gəlib. Ardınca Kollegiya rəhbərliyi bu iddia ilə məhkəməyə üz tutub. Şirvan İnzibati İqtisad Məhkəməsi iddianı təmin edərək, onun Vəkillər Kollegiyasından çıxarılmasına qərar verib.

Vəkilin bu qərardan yuxarı instansiya məhkəmələrinə şikayətləri nəticə verməyib və onun əleyhinə olan qərar dəyişməyib.

6 ay yox, 5 ay 10 gün?

Qubadəli Rzayev deyir ki, apellyasiya məhkəməsində işə baxılanda xəstəliyi ucbatından prosesə qatıla bilməsə də elə qərar veriblər. Onun sözlərinə görə, üzvlük haqqını ödəməməsilə bağlı 6 aylıq müddət tamamlanmayıbmış. Vəkillər Kollegiyası 5 ay 10 gün sonra onunla bağlı qərar verib.

Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, Qubadəli Rzayevin vəkillik fəaliyyətinə xitam verilməsindən ötrü məhkəmədə iddia qaldırılandan sonra ondan daha bir şikayət daxil olub. Kollegiya həmin şikayəti də məhkəməyə təqdim edib.

Qubadəli Rzayev vəkillikdən öncə hakim olub

O, fevralın 9-da keçirilən parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd olub. Bu üzdən indi də Mərkəzi Seçki Komissiyasıyla (MSK ilə) çəkişir.

Həmin dairədən başqa bir namizəd Nəsrəddin Qənbərovla birlikdə MSK-ya şikayət verən Qubadəli Rzayev iddia edir ki, seçki günü məntəqələrdə onların nümayəndələrinin müşahidə aparmasına imkan verilməyib. Səsverməyə çox az seçici gəlib, amma məntəqə seçki komissiyaları protokollara saxta rəqəmlər yazaraq, sayı çox göstərib.

Onun sözlərinə görə, səsvermə gününün sonunda nəticələrlə bağlı protokollar məntəqədə tərtib edilməyib.

MSK hər iki namizədə cavab verib ki, şikayətləri araşdırılıb, yazdıqları təsdiqini tapmayıb.

Ardından sabiq hakim və vəkil MSK-nı məhkəməyə verib. Qubadəli Rzayev Şirvan Apellyasiya Məhkəməsindən də “yox” cavabı alıb.

XS
SM
MD
LG