Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:40

‘Vaksin oğurluğunda’ ittiham olunan Rusiya…həmin vaksindən alacaq


Prezident Vladimir Putin Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitrievi qəbul edərkən
Prezident Vladimir Putin Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitrievi qəbul edərkən

Rusiya iyulun 17-də Britaniyada hazırlanan COVID-19 vaksininə dair əczaçılıq nəhəngi AstraZeneca şirkəti ilə saziş imzaladığını bəyan edib.

AstraZeneca yeni tipli koronavirusa qarşı peyvəndi İngiltərənin Okford Universitetinin alimləri ilə birlikdə hazırlayıb.

Britaniya, Kanada və Birləşmiş Ştatlar bir gün əvvəl Moskvanı dünya boyunca COVID-19 vaksini araşdırmalarına dair materialların oğurluğu cəhdində ittiham etmişdilər.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriev iyulun 17-də Reuters agentliyinə verdiyi müsahibədə deyib ki, Moskvanın vaksin oğurluğuna ehtiyacı yoxdur, çünki artıq AstraZeneca şirkəti ilə Britaniya vaksininin Rusiyada mümkün istehsalına dair razılaşma imzalayıb:

“AstraZeneca şirkətinin artıq Rusiyanın R-Pharm firması ilə Oksford vaksininin Rusiyada lokalizasiya və istehsalına dair razılaşması var”.

Sazişin Rusiya Birbaşa İnvestisiyalar Fondunun firmalarından biri olan R-Pharm-ın direktorlar şurasının sədri Alexey Repik tərəfindən imzalandığı xəbər verilir.

Rusiyanın öz vaksininin hazırlanmasında iştirak edən Dmitriev Reuters agentliyinə daha sonra deyib:

“Heç nəyi oğurlamaq lazım deyil. Bu vaksin Rusiyaya da veriləcək”.

“Qərb qısqanclıq göstərir”

Reuters yazır ki, AstraZeneca bu barədə heç bir şərh vermək istəməyib. Hərçənd şirkət ötən ay Rusiya və başqa ölkələrlə vaksin təchizatı barədə danışıqlar apardığını bildirmişdi.

Dmitriev əlavə edib ki, Britaniya vaksini Rusiyanın öz vaksinini əvəzləməyəcək, sadəcə olaraq təchizata dəstək olacaq.

O iddia edib ki, Qərbin Moskvanı “vaksin oğurluğu cəhdində” ittiham etməsi Rusiyanın hazırladığı vaksini gözdən salmaq niyyətindən irəli gəlib.

Dmitrievin sözlərinə görə, bu preparat, Çinin hazırladığı preparat kimi dünyanın ən ümidverici vaksinlərindən biridir:

“Bu hücumlar göstərir ki, başqa ölkələr məsələyə açıq yanaşmırlar. Onlar Rusiya vaksininin uğurlu alınmasını istəmirlər. Onlar qısqanırlar ki, Rusiyanın vaksini bəlkə də birincidir və bəlkə də başqa vaksinlərdən effektli olacaq”.

Dmitriev bildirib ki, Rusiyada hazırlanan vaksinə dövlət icazəsi gələn ay veriləcək və bundan sonra, sentyabrda ölkə əhalisinin böyük bir hissəsi bu preparatla peyvəndlənəcək.

Onun sözlərinə görə, əgər bu belə olarsa, onda Rusiyanın preparatı dünyanın ilk COVID-19 vaksini olacaq.

Britaniya vaksininə marağın səbəbi

Rusiyada vaksinin insanlar üzərində ilk sınaqları bir ay müddətində 38 könüllünün iştirakı ilə keçirilib.

Alimlərin fikrincə vaksin istifadə üçün təhlükəsizdir və immun reaksiyası yaradır. Hərçənd bu reaksiyanın nə qədər güclü olacağı hələ məlum deyil.

Rusiyada vaksinin bir neçə min insanın iştirakilə daha geniş III faza sınaqları avqustda başlanacaq. Bundan əvvəl 100 könüllünün iştirakilə II faza avqustun 3-də başa çatacaq.

Dmitriev deyir ki, onun özünə bu vaksindən vurulub və o peyvəndin başqalarından güclü olduğuna inanır.

Reuters agentliyi bu iddiaları müstəqil olaraq təsdiq edə bilmir.

Dmitrievin sözlərinə görə, qlobal vaksin yarışı həm də ölkələr arasında elmi prestij və əməkdaşlıq məsələsidir.

Rusiyalı rəsmi bunu da bildirib ki, Rusiya vaksin yaradılmasından qazanc güdmür, çünki onun istehsalı olan preparat qeyri-mənfəət qiymətləri ilə satılacaq, müəyyən bir mərhələdə isə ümumiyyətlə pulsuz olacaq.

Dmitriev deyib ki, Rusiyanın Oksford vaksininə marağı onun vaksin hazırlanmasına beynəlxalq dəstəkdə iştirak etmək niyyətindən irəli gəlir.

O bildirib ki, Rusiya istehsal etdiyi Britaniya vaksinini başqa ölkələrə də verəcək.

XS
SM
MD
LG