Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:20

Zibilliyə gedən vaksinlər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-da təkcə Şimali Karolinada 800 min dozanın vaxtı bitir

“The Washington Post” qəzeti dünyada koronavirusa qarşı milyonlarla doza vaksinin istifadə müddətinin tezliklə bitəcəyindən yazır. Məsələn, Niderlandın Leyden şəhərində bir hökumət binasının soyuducusunda minlərlə dollarlıq AstraZeneca vaksininin müddəti avqustda qurtarır.

Leyden Universiteti Tibbi Mərkəzinin həkimi Denis Muk-Kanamori bunu faciəvi sayır. Onu ən çox incidən isə Niderland hökumətinin bu dozaları xaricə göndərməməsidir. Muk-Kanamori və həmkarları ötən ay 600 doza vaksini atıblar. Avqustun sonuna 8 min dozanı tullaya bilərlər. Heç nə dəyişməsə, oktyabradək 10 min civarında doza zibilliyə gedəcək. Həkimlər Niderlandda 200 min AstraZeneca dozasının oxşar tale ilə üzləşdiyini deyirlər.

Ziyan

Di gəl, Afrikada ötən ay əhalinin cəmi 2.2 faizinə azı bir doza vurulmuşdu. Niderlandda isə əhalinin yarıdan çoxu peyvəndlənib. Hökumət vaksin dozalarının hüquqi və logistik səbəblərdən ixrac olunmayacağını bildirib.

İsraildə iyulun sonuna 80 min doza Pfizer-BioNTech, Polşada müxtəlif istehsalçıların hazırladığı 73 min doza atılıb. Slovakiya Rusiyaya 160 min doza istifadə müddəti bitmək üzrə olan Sputnik V vaksinini qaytarıb. ABŞ-da təkcə Şimali Karolinada 800 min dozanın vaxtı bitir.

Dünya Səhiyyə Təşkilatı avqustun 9-dək Afrikadan 470 minə yaxın dozanın vaxtının bitdiyini bildirir. Bəzi vaksin dozalarının qiymətinin 20 dollar civarında olduğunu nəzərə alsaq, itki onmilyonlarla dollarla ölçülür.

Vaksinlərin istifadə müddətinin tez bitməsinin bir səbəbi onların tez xarab olması, yəni “Tamiflu” kimi illərlə saxlanmasının qeyri-mümkünlüyüdür. Corctaun Tibb Məktəbindən Cesse Qudman deyir ki, dozaların vaxtı keçdikcə, “eyni immun reaksiyası yaratmaya bilərlər”. Pfizer və Moderna kimi mRNA vaksinləri xüsusilə kövrəkdirlər.

Uşaqları pandemiyadan necə qorumalı

“The Washington Post” digər məqaləsində uşaqları pandemiyadan qorumağın yollarından yazır.

Avqustun 5-də bitən həftədə ABŞ-da 93 mindən çox uşağın koronavirus testi müsbət çıxıb. Bu, üç həftə öncəylə müqayisədə 400 faizə yaxın artım deməkdir. Uşaqların çoxu koronavirusu yüngül keçirsə də, bəzilərinin vəziyyətinin ağırlaşması haqda xəbərlər gəlir. Birləşmiş Ştatlarda hər həftə yaşı 18-dən aşağı 200-dən çox uşaq xəstəxanaya aparılır.

Qəzet məktəblərdə dərslər öncəsi ailələrə bəzi tövsiyələri açıqlayır. Birincisi, evdəki böyüklərin hamısı vaksin olunsunlar. Bu, həssas uşaqları qorumağın ən yaxşı yoludur.

Daha çox açıq havada zaman keçirmək təhlükəsizdir. Qapalı məkanda peyvənd olunmayanların əhatəsində isə maska taxmaq tövsiyə olunur.

Testlərin sayının artırılması da tövsiyələr sırasındadır. Bundan başqa “pandemiya qılafları” təşkil etmək olar. Bu qılaflarda hamı maska taxmağa razılaşır, peyvənd olunmayanlarla qapalı yerdə bir araya gəlmirlər.

Daha bir tövsiyə sosial fəaliyyət zamanı da ehtiyatı əldən verməməkdir. Məsələn, bəzi ailələr qapalı restoranlara getmir, evlərinə gələn yaxınlardan peyvənd olunmağı xahiş edirlər.

XS
SM
MD
LG