Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:02

'Öldüyünü bilmirdim'. Xəlvətcə basdırılan 'Vaqner'çilər


Mixail Skripkinin məzarı
Mixail Skripkinin məzarı

“Onun öldüyünü bilmirdim. Ancaq məzarın üstündəki tarix ona aiddir”, – atasının məzarının Ukraynada öldürülən rusiyalı muzdlularının qəbiristanlığında tapıldığını öyrənən Nadejda Skaleyuş deyir.

Skaleyuş ayrı yaşadığı atası, 40-yaşlı Aleksandr Skaleyuşun həbsxanadan Kremlə bağlı “Vaqner” muzdlu qruplaşması tərəfindən işə götürülməsindən xəbərsiz olub.

AzadlıqRadiosunun “Idel.Realities” portalı Skaleyuşun məzarını Nikolayevka kəndinin qəbiristanlığında tapıb. 2010-cu ilin siyahıya alınmasında əhalisi 522 nəfər göstırilən Nikolayevka kəndi Samara şəhərindən təqribən 25 kilometr cənub-şərqdə, magistral yolda yerləşir.

Aprelin ortalarında “Vaqner”in rəhbəri Yevgeni Priqojin Nikolayevkaya gedib. O, qəbiristanlıqda dəfn edilmiş muzdlular üçün ucaldılmış abidənin açılışını edib. Abidənin üzərində “Burada 2022-23-cü illərdə vətən uğrunda həlak olan “Vaqner” döyüşçüləri dəfn olunub” sözləri yazılıb.

Mərasimə heç bir jurnalist dəvət edilməsə də, Vaqner Priqojinin qısa nitq söylədiyi videonu yayımlayıb. Priqojin videoda deyib: “Bizim nəsil boyu onların şöhrətini xatırlayacaq”.

Moskva 14 aydan çoxdur davam edən müharibənin itkiləri ilə bağlı rəqəmlər açıqlamayıb. Birləşmiş Ştatlar təkcə son beş ayda təxminən 10 min “Vaqner” muzdlusunun öldürüldüyünü təxmin edir; onların əksəriyyəti Donetsk vilayətinin Baxmut şəhəri və ətrafında gedən gərgin döyüşlərdə həlak olan məhkumlardır.

Jurnalist araşdırmaları

Jurnalistlər altısı Rusiyada, biri isə Ukraynanın Luqansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində olmaqla yeddi “Vaqner” qəbiristanlığı aşkarlayıblar.

Aprelin əvvəlində jurnalistlər Novosibirsk qəbiristanlığında ən azı 69 “Vaqner” məzarı müəyyənləşdiriblər. İrkutskdakı qəbiristanlıqda “Vaqner” muzdlularının dəfni üçün torpaq sahəsi ayrılıb. Aprelin ortalarına qədər orada ən azı 11 məzar olduğu deyilir. Martda Yekaterinburqdan kənar bir kənddə 70-ə yaxın “Vaqner” məzarı tapılıb. Jurnalistlər apreldə onların sayının 106-ya çatdığını bildiriblər. BBC-nin məlumatına görə, Moskvanın Fryanovo qəsəbəsi yaxınlığındakı qəbiristanlığında 22 “Vaqner” məzarı tapılıb. Onların əksəriyyəti Tacikistan və Özbəkistan vətəndaşlarına aiddir. Bu ərazidə əlavə dəfnlər üçün ayrılmış böyük bir sahə olduğu da ortaya çıxıb.

Bakinskaya qəbiristanlığına ziyarət zamanı, təzə qazılmış qəbir cərgələrini, həmçinin yandırılmış qalıqları saxlamaq üçün yeni tikilmiş divarları görmək olar.

Aprelin əvvəlində jurnalistlər Krasnodar diyarının Bakinskaya kəndində 607 “Vaqner” məzarının olduğunu bildiriblər. Ukraynanın işğal olunmuş Luqansk şəhərindəki qəbiristanlıqda da 100-ə yaxın “Vaqner” məzarının olduğu bildirilir.

“Vaqner” döyüşçülərinin ölümünü qəhrəmanlıq kimi təqdim etsə də, qəbirləri əldən-ayaqdan uzaq yerlərdə dəfn etməyə, ölülərini səs-küysüz basdırmağa diqqət edir. Qəbiristanlıqda dəfn edilən bəzi əsgərlərin sosial şəbəkələrdəki səhifələrində axtarış aparan AzadlıqRadiosu onların bəzi qohumları ilə əlaqə saxlaya bilib.

“Həmişə sərxoş idi”

Məhkəmə sənədlərinə görə, Orenburqun cənubunda yaşayan Aleksandr Skaleyuş, 2020-ci ilin iyununda yoldan keçən şəxsi saxlayıb və onun mobil telefonunu oğurlayıb. Daha sonra o, telefonu 1200 rubla (15 dollar) taksi sürücüsünə satıb.

Skaleyuşun məhkəmədə günahını etiraf etdiyi, peşmançılığını dilə gətirdiyi bildirilir. 2022-ci il iyunun 30-da məhkəmə Skaleyuşu təqsirli bilib. Əvvəllər də quldurluq və oğurluqda ittiham olunduğunu nəzərə alaraq, onu bir il müddətinə azadlıqdan məhrum edib.

"Qohumlarımızdan heç biri onunla əlaqə saxlamaq istəmədi", – qızı Nadejda Skaleyuş AzadlıqRadiosuna belə deyib. “Daima qanunla problemi çıxırdı. Həmişə sərxoş idi. Bilmirəm, sizə nə deyim. O, işləmirdi, çox içirdi. 2020-ci ildə yoxa çıxdı. Bildiyim budur", – o sözlərinə əlavə edib.

Skaleyuşun sosial media səhifələri 2022-ci ilin martına qədər aktiv olub. Avqustun 25-də onun apellyasiya şikayəti təmin edilməyib. Məzar daşında onun 2022-ci il noyabrın 19-da Ukraynada öldürüldüyü yazılıb.

AzadlıqRadiosu ilə danışandan sonra Nadejda Skaleyuş “Vaqner”lə əlaqə saxlayıb və atası haqqında məlumat istəyib. Dediyinə görə, Vaqner nümayəndəsi istehza ilə ona söyləyib ki, “atasının öldüyünü deyən jurnalistdən ölüm haqqında şəhadətnamə alsın”. Daha sonra Vaqner-in başqa bir nümayəndəsi atasının ölümünü təsdiqləyib və onun əşyalarını qaytaracağına söz verib.

“Cəzasının yarısından çoxunu çəkmişdi”

Mixail Skripkinin məzarı Nikolayevka qəbiristanlığında fotoşəkili olan azsaylı məzarlardan biridir. Məzar Rusiya ordusunda xidmət etdiyi vaxtdan qalan və hərbi geyimdə olan oval şəkli ilə bəzədilib. Skripkin 27 oktyabr 2022-ci ildə öldürülüb. Onun 32 var idi.

“Bəli, bu mənim qardaşımdır. Onun öldüyünü bilmirdim”, – qardaşı Dmitri Skripkin məzarın şəkilini görəndən sonra AzadlıqRadiosuna deyib:

Dmitri Skripkin məsələ ilə bağlı danışmaq istəməsə də, onun həyat yoldaşı Yekaterina Koltunova müsahibə verməyə razılaşıb. O deyib ki, qaynının oktyabrın 1-də müharibəyə getdiyini bilirdilər: “Cəzasının yarısından çoxunu çəkmişdi, amma ona dedilər ki, altı ay [əsgər kimi] xidmət etsə, azad olunacaq”.

Qadın əlavə edib ki, onun cəmi üç həftə sonra döyüşdə öldürülməsi, “Vaqner” muzdlularının necə zəif hazırlıqlı olduğunu göstərir. Koltunova deyib ki, Skripkini müharibə tərəfdarı olan xalası könüllü olmağa həvəsləndirib: “Xalası ona dedi ki, gedənlər oradan yaxşı qayıdırlar, yaxşı da pul verirlər. Dmitri də qeydiyyatdan keçdi”.

2016-cı ilin iyulunda, 25 yaşı olanda, Skripkin içində üç mobil telefon olan möhürlənmiş paket alıb. Daha sonra o, məhkəmədə ifadə verib ki, bağlı çantada 14 qram heroinin olduğunu bilməyib.

Buna baxmayaraq, Samara məhkəməsi onu, 2016-cı il oktyabrın 31-də külli miqdarda narkotik qaçaqmalçılığına cəhddə təqsirli bilib və 10 il 1 ay müddətinə azadlıqdan məhrum edib.

“Mişa həqiqətən orduda xidmət etmək, güclü olduğunu hər kəsə göstərmək istəyirdi. O, əvvəllər Lipetskdə hərbi xidmətə gedib. Normal vəziyyətdə geri qayıdıb. Çox mehriban və səxavətli idi. Ailə qurmamışdı. Yaxşı oğlan idi. Daha nə deyəcəyimi bilmirəm. Əsgərliyə qayıtmağı planlaşdırırdı - ona mənzil verəcəklərinə söz vermişdilər. Amma sonra o, həbsxanaya düşdü”, – Koltunova söyləyib.

O, AzadlıqRadiosuna bildirib ki, qaynının ölümünü təsdiqləmək və ölüm şəhadətnaməsi almaq üçün əri ilə birlikdə “Vaqner”lə əlaqə saxlayıb.

Hər bölgəyə bir təmsilçi düşsə də...

Sergey Podsıtnik yerli “Protokol.Samara” xəbər saytının baş redaktorudur. O, AzadlıqRadiosuna bildirib ki, Nikolayevkadakı “Vaqner” məzarları haqda ilk dəfə aprelin əvvəllərində eşidib.

“Qəbirlərin çoxunun Tatarıstan və ya Orenburq vilayətindən məhkumlara aid olduğunu aşkarladıq”, – Podsıtnik deyir. Onun sözlərinə görə, apardığı araşdırmalar göstərib ki, məzarların əksəriyyəti qohumları ilə az və ya heç əlaqəsi olmayan, “Vaqner” yoldaşları ilə dəfn olunmaq istəyən şəxslərə məxsusdur.

"Bunlar özündən sonra heç bir əlaqə məlumatı qoymayan muzdlulardır. Yaxud da “Vaqner” nümayəndələri onların qoyub getdikləri əlaqə məlumatlarına məhəl qoymayıblar. Bir qayda olaraq, hər bölgəyə bir təmsilçi düşür və onlar ölümlə bağlı məlumat vermək, sənədləri vermək, ödənişlər etmək üçün məsuliyyət daşıyırlar”, – Podsıtnik əlavə edib.

Podsıtnik onu da qeyd edib ki, Vaqner itkilərini gizlətmək üçün, əlçatmaz yerlər seçir və sadə dəfnlər aparır: "Müharibənin əleyhinə olan bizlər üçün itkilər göz qabağındadır".

“Bütün qohumları ondan imtina etdilər”

Nikolayevkadakı başqa bir “Vaqner” qəbri Yuri Jartsev adını daşıyır. AzadlıqRadiosu sosial şəbəkələrdəki səhifələri vasitəsilə onun Başqırdıstan vilayətinin paytaxtı Ufa şəhərindən olduğunu öyrənib. 2023-cü il yanvarın 18-də Ukraynada öldürülən Jartsevin 44 yaşı var idi.

Onun keçmiş həyat yoldaşı Oksana Zemlyanskaya dedi: "Yurkamın təvazökar tərcümeyi-halı vardı. O, çoxuşaqlı ailədən çıxıb və yeddinci uşaq idi. Əvvəllər onun bacısı ilə dost idim və onu uşaqlıqdan tanıyırdım. Amma 15 yaşında pis mühitə düşdü və həyatı nəzarətdən çıxdı. Həbsə girdikdən sonra bütün qohumları ondan imtina etdilər”.

2021-ci il iyulun 29-da Ufa məhkəməsi Jartsevi öz tanışını döyərək öldürdüyü üçün, qəsdən adam öldürmə ittihamı ilə 12 il yarım müddətinə azadlıqdan məhrum edib. Yuri Jartsev günahını boynuna alıb, lakin bildirib ki, adamı öldürmək niyyətində olmayıb. Məhkəmə prosesində şahidlərdən biri deyib ki, Jartsevi 30 ildir tanıyır və “bütün bölgə ondan qorxur”.

Zemlyanskaya danışır ki, keçmiş həyat yoldaşı ona Ukraynaya getdiyini deməyib və əlavə edib ki, bu təəccüblü deyil, çünki onlar çoxdan boşanıblar. Son olaraq o, Yurinin məzarını ziyarət etmək üçün səy göstərəcəyini söyləyib.

XS
SM
MD
LG