Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:39

Vaqon yanıb, gənc ailə küçədə yaşayır


Foto illüstrasiya.
Foto illüstrasiya.

«Səhər obaşdan idi. Vaqon alışanda yuxuda olmuşuq. Yəqin ki, Allahın körpəmizə yazığı gəldi. Hər yeri alov götürmüşdü, uşağı bağrıma basıb dualar edə-edə alovun içindən keçdik, özümüzü çölə atdıq».

Bu il fevralın 12-də Bakının Xətai rayonu, Naximov küçəsində Həsənovlar ailəsinin yaşadığı vaqon yanıb.

«BU VAQONA GÖRƏ BAŞIMIZ O QƏDƏR AĞRIMIŞDI Kİ...»

Bu ailə illər öncə Ağdamın Əlağalı kəndindən məcburi köçkün düşüb. Evsiz-eşiksiz qalan və «Qaçqınkom»dan əlini üzən ailə, nəhayət, 2 il öncə vaqona sığınıb. Həm də necə çətinliklə… Ailə başçısı Mirov Həsənov deyir, yalnız Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəbuluna düşəndən sonra ona bu vaqonda yaşamağa imkan verilib: «Gənc həyat yoldaşım və iki azyaşlı balam var. İcra hakimiyyəti deyirdi, vaqonda qalmaq olmaz. Yəni küçədə qalmaq olar, gedin, küçənin bir küncündə paltonuza bürünün yatın, ancaq vaqonda yaşamaq olmaz. Nəhayət, Mehriban xanımın qəbuluna düşəndən sonra icra nümayəndəsi bizi vaqona yaxın buraxdı. Bir az ora-burasını təmir edib yığışdıq içərisinə... Ortadan arakəsmə düşəltmişdim. Bir tərəfində yatırdıq, bir tərəfində yeməyimizi yeyirdik. Nə deyim, vallah, bu vaqona görə o qədər başımız ağrımışdı ki, heç içərisində yaşamaq da qismət olmadı».

Buna da bax-'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'

1 aya yaxındır ki, Mirovun ailəsi yenə küçəyə «sığınıb». İş orasındadır ki, bədbəxt ailənin zar-zor topladığı əşyalar da külə dönüb. «Əynimizdəki paltarlarımızdan başqa heç nəyimiz yoxdur. Bizə kömək etsinlər. İki körpə və gənc həyat yoldaşımla küçə həyatı sürmək dözülməzdir», – deyir Mirov Həsənov.

«EVİN YOXDURSA...»

«Yataqxanalardan birində bircə otaq ayırsınlar, küçədə qalmayaq. Qohum da 2 gündən çox saxlamır. Evin yoxdursa, sənə yanaşma da fərqlidir. Kimin evinə gedib 2 saatdan çox oturursan, narahat olmağa başlayırlar. Elə bilirlər, yorğan-döşək salmağa gəlmisən. Görün insana bunlar necə pis təsir edir. Yaşamayan bilməz…», – bunu isə Mirovun həyat yoldaşı Rüxsarə xanım deyir.

Rüxsarə xanım yataqxanalardan birində məskunlaşmaqdan ötrü müraciət etdiyini deyir: «Hər dəfə cavabları bu olur ki, guya mən Bərdədə qeydiyyatdayam. Halbuki, Ağdamın işğal altında olan Əlağalı kəndində qeydiyyatdayam. Vallah, kəndi işğaldan qurtarsınlar, birinci mən yığışıb gedərəm».

«AKTLAŞDIRIB SİZİ ÖLKƏDƏN ÇIXARARIQ»

Rüxsarə xanımın deməsinə görə, Ağdamdan seçilmiş deputatın qarşısını kəsib dərdini bildirəndə, deputat əlikörpəli anayla kobud davranaraq özündən uzaqlaşdırıb. Xətai rayon İcra Hakimiyyəti isə ailənin problemini həll etmir: «Kirayə ev tutmaq imkanımız yoxdur. İcra hakimiyyətinə gedirik, hədələyirlər ki, ora-bura şikayət edirsiz, elə etməyin ki, aktlaşdırıb sizi ölkədən çıxardaq».

Xətai rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qurumun Həsənovlar ailəsinə heç cür kömək etmək imkanı yoxdur: «Deyilənlərin heç bir əsası yoxdur. Köçkün ailənin problemi ilə «Qaçqınkom» məşğul olmalıdır».

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Həsənovların problemi araşdırılacaq.

XS
SM
MD
LG