Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:38

Eldar İbrahimov: 'Vasif Talıbov deyir ki, oxuyub adam olun'


Eldar İbrahimov
Eldar İbrahimov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov «Oxunması zəruri olan kitablar haqqında» sərəncam imzalayıb. Sənəddə 30 kitabın adı qeyd olunub.

Bu məsələ sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, Naxçıvan Muxtar Respublikası sakinlərinin sözlərinə görə, son illər kənd və rayon mərkəzlərində çayxanalar yığışdırılır, kəndlərdə təndirlərin sayı azaldılır, əhaliyə mağazalardan çörək almaq tövsiyə edilir. Eyni zamanda, yas yerlərində təmtəraqlı süfrə açmağın da şifahi şəkildə yasaqlandığı bildirilir. Bir neçə il əvvəl isə Naxçıvan şəhərində binaların balkonlarında zivədən paltar asmağa da icazə verilmədiyi haqda məlumatlar gəlirdi və s.

Kimi bu göstərişləri muxtar respublikada vətəndaşın seçiminin məhdudlaşdırılması, həyatına müdaxilə kimi dəyərləndirirsə, kimi də bunun arxasında faydalı yönlər axtarır.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən deputat seçilən, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov AzadlıqRadiosunun bununla bağlı suallarını cavablandırıb. O, baş verənləri demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirməyib:

- Naxçıvanda demokratiya var, özü də çox yüksək səviyyədə. Naxçıvanda demokratiya özbaşınalıq demək deyil. Demokratiya ən böyük qayda-qanun deməkdir. Vasif Talıbov da insanlara deyir ki, o kitabları – onların davamı da olacaq, hələ 30 kitabdır - oxuyun adam olun. Elm olsun. Camaat elmlə hər şeyə çatır. Belə bir söz deyirlər ki, anadan olandan ölənə qədər insanlar oxumalıdır, öyrənməlidir. Burda nə var ki? Bu, demokratiya deyil? İnsanları kitab oxumağa məcbur etmir ki. Bu adam sərəncam verib və bu kitabları oxumağı tövsiyə edib. Oxuyursan oxu, oxumursan oxuma. Kimin xoşuna gəlmirsə oxumasın. Amma o tövsiyə verib və düzgün də tövsiyə verir. Azərbaycanda yeganə belə məsələ Naxçıvandadır. Vasif Talıbovun rəhbərliyi ilə bu işlər həyata keçirilir. Bunun nəyi pisdir ki? Çox yaxşıdır. Hamı da bunu bəyənir. Hamı da bunu Azərbaycanda alqışlayır. Bu sərəncamı düzgün sayıram. Əsl demokratiya Naxçıvandadır. Bunu da hamı bilsin.

- Naxçıvanda söz, fikir azadlığı, azad jurnalistlərin qalmaması haqda deyilənlər barədə nə söyləyə bilərsiniz?

- Yalandır. Azad jurnalist də var. Hər şey də var. Hamı da yazır. Ürəyi istədiyi fikri də ifadə edir, o fikir düzdürsə düzdür, əyridirsə cəzasını alır, vəssalam. Heç cəzasını da almır. Əslində, heç bir söz də deyən deyil. Bunlar hamısı Vasif Talıbovun apardığı işlərə kölgə salmaq istəyən xain insanlardır. Onların dediyinin əsası yoxdur. Yersiz də danışmasınlar. Qoy getsinlər Naxçıvandan öyrənsinlər demokratiyanı da, Naxçıvanda olan böyük-kiçik yerini də. Abır-həya, insanlıq, böyüyün yerini bilmək, qanun-qayda-filan, nə bilim hər şey ordadır. Mən elə Naxçıvanda qəbir daşları ilə bağlı mətbuata demişəm ki, bu qərar nə qədər gözəldir. O dünyada varlı-kasıb var? O tərəfdə vəzifəli-vəzifəsiz var? Hamı o dünyaya özü ilə altı arşın ağ aparır. Burda nə var? Neyləyibsə düzdür.

- Bəs necə olur ki, kəndlərdə çayxanaların sayı azalır? Məsələn, kəndlərdən birində əvvəl 15 çayxana vardısa, indi ikisi qalıb.

– Heç yerdə çayxanalar bağlanmır. 15 çayxanadan ikisi qalıbsa, deməli, qalır. Yəqin çayxanalara getmirlər, o birilər bağlanır, yerdə ikisi qalır. Çayxana da mövzu deyil ki? Kimsə çayxananı işlədə bilmirsə, bağlayır. Siz elə söz axtarırsınız, elə AzadlıqRadiosu da, demokratiyanın «carçıralar»ı da. Çayxananın bağlanması demokratiyadır? Çay içməyə gedən yoxdur, o da bağlanır.

- Eldar müəllim, kitab məsələsinə qayıdaq. Deyirsiniz, siyahının davamı olacaq. Bu haqda nə bilirsiniz?

– Bu haqda sərəncamda da var. Özü də bu, tövsiyədir. Heç kəsi məcbur etmirlər ki, hökmən bu kitabı oxu. Tövsiyə olunur ki, sən bunu oxu, orda həm Azərbaycan ədəbiyyatı, həm dünya ədəbiyyatı, həm də çox ağıllı, lazımlı kitablar var. Bu siyahının davamı da olacaq. Kitabxanalar-filan yaradılır ki, gənclər oxusun, gələcəkdə gənclərin tərbiyələri olsun, gənclər öyrənsinlər. Mən özüm orta məktəbdə oxuyanda nəinki Azərbaycan ədəbiyyatını, nəinki dünya ədəbiyyatını... Yadımdadır, özbək yazıçısı Abdulla Qədirinin «Ötən günlər» əsərini oxumuşam, indi də yadımdadır. Pis iş görmüşəm? Özbək xalqının həyatını oxumuşam, öyrənmişəm. Niyə oxumayım? İndi heç kim oxumur, hamı gözünü dikir televizora, oxumaq yox, yazmaq yox, hamı kompüterdə parta-part yazır, kimə lazımdır bu? Bir az da barmaqlar işləsin, qələm tutsunlar. Mən kompüterin əleyhinə deyiləm. Kompüter də hökmən lazımdır. Texniki tərəqqidir. Hər şeyin də qanun-qaydası var, axı...

XS
SM
MD
LG