Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Keçmiş nazirin vəkili deportasiya olunduğunu deyir


Vəkil, Tofiq Allahverdiyev, Bakı, apr.2016
Vəkil, Tofiq Allahverdiyev, Bakı, apr.2016

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Tofiq Allahverdiyev Muxtar Respublikadan deportasiya edildiyini bildirir.

Tofiq Allahverdiyev deyib ki, Vəli Ələsgərovla görüşmək məqsədi ilə aprelin 26-da Naxçıvana gedib. Ancaq muxtar respublikanın dövlət təhlükəsizlik xidmətinin iki əməkdaşı onu məcburi şəkildə hava limanına gətirərək, Bakıya yola salıblar.

Başqa bir vəkil Vüqar Xasayev isə bildirib ki, Vəli Ələsgərovun özünə və yaxınlarına məxsus xeyli əmlak əllərindən alınıb. Vəkil bu siyahıya onun Şahbuz rayonundakı fərdi evini, Bakıda üç mənzilini daxil edib. Vuqar Xasayevin deməsinə görə, bu mənzillərdən birini prezident ona hədiyyə edib.

Vəkil əlavə edib ki, keçmiş nazirin qardaşına və bacısına məxsus obyektlər də əllərindən alınıb:

«Bundan başqa, qaz və işıqdan qanunsuz istifadə adı altında Vəli Ələsgərova 57 min manat cərimə yazılıb. Vəli Ələsgərova bir günün içində 650 min manat vergi borcu hesablanıb».

Naxçıvanın adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqibi ilə bağlı sıx-sıx hallanan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun hazırda ev dustağı olduğu bildirilir. Vəkilin deməsinə görə, onu martın 7-də Naxçıvanın Dövlət Təhlükəsizlik Xidməti saxlayıb. Martın 29-da isə Vəli Ələsgərov ev dustaqlığına buraxılıb.

Vəkili Vüqar Xasayev əlavə edib ki, keçmiş nazir barəsində cinayət işi açılıb:

«Vəli Ələsgərovu vəzifə səlahiyyətlərini aşmaqda, mənimsəmədə ittiham edirlər. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb. Ancaq müdafiə etdiyim şəxs bu ittihamların hamısını rədd edir. Əslində bu ittihamları əsaslandıracaq hər hansı sübut da yoxdur. Bu artıq adətə çevrilib, həmin maddələr üzrə vəzifədən çıxarılan hər bir məmura qarşı ittiham irəli sürülə bilər. Bunlar növbətçi maddələrdir»

Vüqar Xasayev deyib ki, bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Ancaq onun müraciəti Naxçıvana göndərilib. O, işin Bakıda araşdırılmasını istəyir.

Həm Naxçıvan Muxtar Respublikasında, həm də Bakıda hakimiyyət orqanları həbsxana və təcridxanalarda işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

Bu məsələdə Ombudsman aparatının mövqeyi də hakimiyyət orqanlarından fərqlənmir. Aparatın şöbə müdiri Faiq Ağayev bu günlər demişdi ki, onlar tez-tez həbsxana və təcridxanalarda monitorinq aparırlar. Ancaq indiyə qədər işgəncə halları ilə bağlı bir faktla belə qarşılaşmayıblar.

XS
SM
MD
LG