Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 07:15

Vəkil: 'Narkotiklə şərləyiblər, mənimlə görüşməyə də qoymurlar'


Ramil Rüstəmov
Ramil Rüstəmov

Vəkil Ramil Rüstəmov deyir ki, əlində order və vəsiqə olduğu halda, polis şöbəsində müvəkkili Elgün Quliyevlə görüşməsinə imkan vermirlər. Onun əvəzinə dövlət hesabına başqa bir vəkil gətirib şöbədə Elgün Quliyev haqqında sənədləri imzalatdırıblar. Onun sözlərinə görə, bütün bunlar yanvarın 20-də Şirvan Şəhər Polis Şöbəsində olub.

Elgün Quliyev yanvarın 18-də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürülüb. Yaxınları onun hüquqlarının müdafiəsi üçün vəkil Ramil Rüstəmovla yanvarın 19-da müqavilə bağlayıb. Vəkilin sözlərinə görə, o da yanvarın 20-də səhər saatlarında Şirvan Şəhər Polis Şöbəsinə yollanıb, vəsiqəsini, orderini təqdim edib, hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək istəyib.

"Yaxınlarından aldığım məlumata görə, Elgün Quliyevi işlədiyi krandan düşürüb aparıblar, narkotiklə şərləyiblər. Şöbədə ona işgəncə veriblər. Səhər saat 10-un yarısından şöbənin qarşısında olsam da, görüşməyə icazə vermədilər. Xeyli gözləyəndən sonra Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Baş Prokurorluğun "Qaynar Xətt"inə şikayət etdim, dəftərxanaya ərizə verdim", – vəkil bildirib.

"Məni içəri buraxmırlar"

Lakin şikayətlər nəticəsiz qalıb – müdafiəçi deyir ki, onu yenə müvəkkili ilə görüşə buraxmayıblar. Vəkilin sözlərinə görə, görüşə buraxılmamasına səbəb kimi isə Şirvan şəhər prokurorunun icazə verməməsini göstəriblər. Ona görə prokurora da ərizə yazıb.

Rüstəmov bir neçə saat sonra isə xəbər tutub ki, Quliyevi polis şöbəsinin arxa qapısından çıxarıb barəsində həbs qərarı verilməsi üçün məhkəməyə aparıblar. O da Şirvan Şəhər Məhkəməsinin qarşısına gəlib: "Hakim Ceyhun Mustafayevin köməkçisinə orderimi təqdim elədim, bilsinlər ki, bu adamın vəkili mənəm. Təsəvvür edin, məni içəri buraxmırlar. Mən çöldə qala-qala dövlət hesabına vəkili çağırıb, onun iştirakı ilə məhkəmə keçirib həbs-qətimkan tədbiri seçirlər. Budurmu məhkəmə-hüquq islahatı?".

Elgün Quliyevin yaxınları hesab edir ki, onun üzərində işgəncə izləri var və bunları gizlətmək üçün ailənin etibar etdiyi vəkili görüşə buraxmayıblar. Ailə üzvləri Quliyevin narkotiklə şərləndiyini iddia edir.

DİN-in mövqeyi

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən isə AzadlıqRadiosuna bildirilib ki, Elgün Quliyev yanvarın 18-də Şirvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Polis şöbəsində onun üzərinə baxış zamanı 3 qramdan artıq heroin aşkarlanıb: "Elgün Quliyevə işgəncə verilməsi ilə bağlı iddialar həqiqətdən uzaq, böhtan xarakterlidir".

Vəkil Rüstəmovun orderinin qəbul olunmamasını da nazirlik təkzib edib: "Vəkil Ramil Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub".

DİN bundan öncə də saxlananlara işgəncə iddialarını rədd edib.

XS
SM
MD
LG