Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:52

Vəkillər koronavirus testinə etiraz edir, Ədliyyə Nazirliyi isə...


İllüstrativ foto
İllüstrativ foto

Pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin bir çoxu aradan qalxsa da, penitensiar müəssisələrdə vəkillərdən test tələbi hələ də qüvvədədir. İstintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində müvəkkili ilə görüşmək istəyən vəkil öncə PCR testi verməlidir. Testin cavabının hazır olması bir neçə saat çəkir.

Vəkil COVİD-19 infeksiyasının daşıyıcısı olmadığı haqda cavabı əldə edəndən sonra penitensiar müəssisədə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilər.

Vəkillər PCR test tələbinin hələ də qalmasını peşə fəaliyyətlərinə maneə sayırlar. Deyirlər ki, bu tələb üzündən fəaliyyətlərində bəzən yubanmalar olur, hüquqlarını müdafiə etdikləri şəxslə vaxtında görüşə bilmirlər və s.

“Onlar da virus daşıyıcısı ola bilərlər”

“Başqa sahələrdə məhdudiyyətlər aradan qalxdığı halda, biz vəkillərə bu maneə niyə qalır, anlamaq olmur. Həbs yerlərindəki şəxslərin təhlükəsizliyini deyirlərsə, onlarla hər gün ünsiyyətdə olan Penitensiar Xidmət əməkdaşları işə gələndə testin nəticəsini təqdim edirmi? Xeyr. Eyni məntiqlə, onlar da gündəlik evlərinə gedib-gəlir, virus daşıyıcısı ola bilərlər”, – vəkil Rövşanə Rəhimova narazılığını bildirir.

Onun sözlərinə görə, çətinlik yaradan əsas məqamlardan biri də testin cavabının çox qısa müddətdə qüvvədə olmasıdır - cəmi iki gün. Rəhimova deyir ki, bu səbəbdən vəkillər analiz vermək, onun cavabını almaqla bağlı çox vaxt itirir:

“Heç olmasa, müddəti 1 həftə, 10 gün də deyil. Bir gün səhər gedib test veririk, axşamüstü cavabı götürürük. Həmin gün gedib görüşməyə vaxt qalmır deyə, ertəsi gün gedib görüşürük. İki gün sonra başqa bir müvəkkillə görüşməyə gedəndə yenə eyni proses təkrarlanır. Artıq vaxt itkisi və əziyyətdir...”

Penitensiar müəssisələrdə PCR test tələbi Nazirlər Kabinetinin yox, Ədliyyə Nazirliyinin daxili qaydada tətbiq etdiyi tələbdir. Vəkillər Bakının Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında (metronun “Koroğlu” stansiyasının yaxınlığı) yerləşən tibb məntəqəsində analiz verib, sonra da oradan cavabını alırlar.

Vəkillər üçün artıq vaxt itkisi, əziyyət, maneə...

Vəkil Fariz Namazlı başqa qurumlarda belə məhdudiyyət olmadığı halda, penitensiar müəssisələrdə PCR test tələbinin saxlanmasının anlaşılmaz olduğunu düşünür. O deyir ki, vəkil hüquqlarını müdafiə etdiyi şəxslə prokurorluqda, polis idarəsində, məhkəmədə və s. qurumlarda da ünsiyyətdə olur. Lakin bu binaların heç birinə giriş üçün vəkilə qarşı belə bir tələb yoxdur.

“Yalnız Ədliyyə Nazirliyinin bu tələbi israrla saxlaması başadüşülən deyil. Vəkillər üçün artıq vaxt itkisi, əziyyət, maneə olan bu tələb aradan qaldırılmalıdır”, – Namazlının sözləridir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosu-na bildirib ki, bu tələbin əsas məqsədi həbs yerlərində saxlanılan şəxslərin sağlamlığının qayğısına qalmaqdır.

O, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və s. qapalı yerlərdə yüzlərlə insanın saxlandığını deyir:

“Məqsəd virusun o insanların arasına yol tapmasının qarşısını almaqdır. İstintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sağlamlığına görə bu addım atılır”.

Tələb başqa kimlərə aid olunur

Ədliyyə Nazirliyi isə PCR test tələbini ölkədə karantin rejimi və koronavirusa yoluxma hallarının davam etməsilə əsaslandırır. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, bu tələb təkcə vəkillərə aid deyil. Penitensiar müəssisələrdə saxlanılan şəxslərlə görüşə gələn yaxınları, müstəntiqlərə münasibətdə də bu tələb var:

“Penitensiar müəssisələrin qapalı mühit və məhkumların kütləvi saxlanıldığı məkan olduğu nəzərə alınaraq, preventiv tədbirlərimiz də davam edir. O cümlədən virusa qarşı test nümunələrinin götürülməsi. Bu tələb məhkumlarla görüşə gələn şəxslərə – onların yaxınlarına, hüquqlarını müdafiə edən vəkillərə və müstəntiqlərə münasibətdə də var. Bütün bunlar, ilk növbədə məhkumların həyat və sağlamlığının qorunmasına yönəlib”.

2019-cu ilin sonlarında aşkarlanan COVID-19 infeksiyasından indiyədək dünyada 6,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə ümumilikdə 825 min nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 10 min nəfəri vəfat edib.

Ölkədə koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2023-cü il martın 1-dək uzadılıb.

Azərbaycanda pandemiya məhdudiyyətləri əsasən aradan qaldırılsa da, quru sərhədləri bağlı qalır.

XS
SM
MD
LG