Prezident İlham Əliyev bugün, fevralın 8-də “Media haqqında” qanunu təsdiqləyib
Bununla bağlı fərman “Media haqqında” Azərbaycan Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədədir.
Sənədə əsasən Nazirlər Kabineti Azərbaycan Medianın İnkişafı Agentliyinin və Audiovizual Şurasının (bundan sonra - Şura) yaradılması ilə əlaqədar normative-hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.
Medianın İnkişafı Agentliyi ötən ilin yanvarında Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında publik hüquqi şəxs kimi yaradılıb.
Milli Televiziya və Radio Şurasının hüquqi varisi kimi yeni sözü gedən Şuranın yaradılması isə Prezidentin təsdiqlədiyi qanunda nəzərdə tutulub.
Üstəlik, “Media haqqında” Azərbaycan Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi də hazırlanmalıdır.
Venesiya Komissiyasından media haqqında qanuna rəy istənilir
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusu daxil olub. O, Azərbaycanda Milli Məclisin qəbul etdiyi “Media haqqında” yeni qanun layihəısi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib. Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda bildirilir.
Hələ bir müddət öncə AŞPA-da Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennaxın “Media haqqında” yeni qanunla bağlı Venesiya Komissiyasına müraciət edəcəyi bildirilirdi.
“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu onların verdiyi sorğuya cavabında Ştefan Şennax demişdi.
Agentliyin xəbərinə görə, ondan da əvvəl ABŞ Dövlət Departamentinin sözcüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.
“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib:
“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Bu qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib. Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.
Orada jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Bir neçə dəfə bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər.