Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:11

Venesiya Komissiyası: Siyasi partiyalar qanunu ciddi narahatlıq doğurur


Venesiya Komissiyası
Venesiya Komissiyası

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında birgə rəy açıqlayıb.

Sənəddə qanundan irəli gələn qüsurlar və “problemli müddəalar” təfsilatlı şəkildə şərh olunub.

Birgə rəydə yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağan qoyulması kimi müddəalar, Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinə aşırı müdaxiləsi tənqid olunur.

Bu da diqqətə çatdırılır ki, qanunda sözü gedən bu müddəaların beynəlxalq insan haqları konvensiyaları ilə uyğunsuzluğu narahatlıq doğurur.

Venesiya Komissiyası və DTİHB-nın birgə rəyində xatırladılır ki, birləşmə və ifadə azadlığı demokratik cəmiyyətlərin əsasını təşkil etməlidir və bu mənada siyasi partiyalara kollektiv siyasi ifadə vasitələri kimi baxılmalıdır.

Əsas tövsiyələr

Sənəddə bildirilir ki, siyasi partiyaların üzərində dövlət nəzarəti onların qeydiyyatı ilə məhdudlaşmalıdır və qeydiyyat müraciətlərinə müsbət yanaşılmalıdır.

Birgə rəydə vurğulanır ki, siyasi partiyalardan üzv sayı, hətta üzvlərin siyahısının təqdim olunması tələbi də zərurətdən kənar və məhdudlaşdırıcı amildir.

Venesiya Komissiyası və DTİHB-nın birgə rəyində deyilir ki, siyasi partiyaların fəaliyyətinin dayandırılmasına və onların ləğv olunmasına bu partiyalar yalnız qanunları ciddi şəkildə pozduğu hallarda yol verilə bilər.

Venesiya Komissiyası və DTİHB Azərbaycanı qanunda göstərilən nöqsanların aradan qaldırılmasına çağırır.

Məsələn konkret olaraq siyasi partiyalar üçün minimum üzv sayının 1000 nəfərə qaytarılması tövsiyə olunur.

Birgə rəy habelə siyasi partiyaların qeydiyyatı üçün tələb olunan sənədlərin minimuma endirilməsini tövsiyə edir.

Venesiya Komissiyasdının rəyində deyilir ki, siyasi partiyaların dövlət maliyyələşməsinin parlamentdəki mandat sayına uyğun həyata keçirilməsi prinsipinə də yenidən baxılmalıdır.

Birgə rəyə görə siyasi partiyalar sponsorların adlarını yalnız o halda açıqlamalıdırlar ki, ianələr müəyyən hüquqi normaları aşmış olsun.

Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun 2022-ci ilin sonunda qəbul edilib və 2023-cü ilin 11 yanvarında qüvvəyə minib.

Rəsmilər hələlik, bu rəyə münasibət açıqlamayıb. Onlar daha öncəki açıqlamalarında oxşar tənqidləri qəbul etməyiblər.

Hökumətyönlü deputatlaq qeyd edirlər ki, Venesiya Komissiyasından asılı olmayaraq, Azərbaycan Konstitusiyasında insan hüquqları əhatəli təsbit olunub, onun müddəaları daha böyük azadlıqlar verir və qanunlar da buna uyğunlaşdırılıb.

XS
SM
MD
LG