Venesuelada beynəlxalq birlik tərəfindən tanınan hökumət başçısının ölkə parlamentinə girişinin qarşısı zorakılıqla alınıb.
Bundan əvvəl hakimiyyətini qoruyub saxlamağa çalışan Venesuela prezidenti Nicolas Maduro ölkə Konqresinin yeni başçısını elan etmişdi.
Juan Guaido 2019-cu ilin əvvəllərində müxalifət lideri olmasından istifadə edərək Milli Məclisin başçısı kimi özünü ölkənin keçid prezidenti elan etmişdi.
CNBC yazır ki, Maduronun Bolivar Milli Qvardiyası yanvarın 5-də onun milli məclisin binasına daxil olmasının qarşısını alıb.
O təkrar spiker seçilmək üçün parlamentin sessiyasında iştirak etməli idi.
Karakasın mərkəzində baş vermiş xaotik və zorakı qarşıdurmanın bir məqamında Guaido-nun parlament həyətinin hasarından aşmağa çalışdığı görünür.
Milli qvardiyaçılar onun parlamentə daxil olmasının qarşısını ala biliblər.
Onun parlamentə buraxılmaması ABŞ, Avropa İttifaqı və onlarca Latın Amerikası ölkəsi tərəfindən demokratiya üzərinə hücum kimi pislənib.
Maduro Guaido-nun postuna əvvəllər müxalifətçi olsa da, sonralar korrupsiya ittihamları ilə partiyadan qovulan Luis Parranı təyin edib.
Buna cavab olaraq müxalif millət vəkilləri El Nacional müxalifyönlü qəzetinin redaksiyasında keçirdikləri sessiyada Guaido-nu təkrar spiker seçiblər.
Bu çoxdan bəri siyasi qarşıdurma şəraitində yaşayan Venesuelanın parlamentində iki spikerin seçilməsi ilə nəticələnib.
Guaido ötən il yanvarın 23-də özünü keçid prezidenti elan edib. Müxalifət Maduronun təkrar prezident seçildiyi 2018-ci il seçkisinin nəticələrini tanımayıb.
Buna baxmayaraq Maduro hakimiyyətdən əl çəkməyib. Rusiya, Çin və bir sıra başqa ölkələr Maduroya dəstək verirlər.
Yanvarın 5-də çıxış edən Maduro deyib ki, Konqres Guaido-dan narazı olduğuna görə yeni spiker seçkisi keçirib.
ABŞ dövlət katibi Mike Pompeo Guaido-nu yenidən spiker seçilməsi münasibətilə təbrik edib və bildirib ki, ABŞ onun hökumətini dəstəkləməkdə davam edir.