Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Bələdiyyələr kasıbladı...


►Ötən il əvvəlki illərlə müqayisədə ölkə bələdiyyələrinin qazancı 37,2 faiz azalıb

Ötən il Azərbaycan bələdiyyələrinin toplam gəliri 30 milyon 800 min manat olub.

Əvvəlki illə müqayisədə bələdiyyələrin qazancı 37,2 faiz azalıb.

Gəlirlərin təxminən yarısı (14 milyon 886 min 500 manat) Bakı şəhərindəki 53 və Abşeron iqtisadi rayonundakı 30 bələdiyyənin payına düşür. Paytaxt bələdiyyələrinin gəliri ilboyu 14 faiz artıb.

Abşeron və Xızı rayonlarının, Sumqayıt bələdiyyəsinin toplam gəliri isə 57,9 faiz azalıb. AzadlıqRadiosuna bu məlumatı Dövlət Statistika Komitəsi (DSK) verib.

Vergi gəliri də azalıb

Azərbaycan bələdiyyələrinin vergi gəlirləri də bir ildə 3,7 faiz geriləyib və 11,5 milyon manat olub.

Bu vergilər vətəndaşların mülkiyyətindəki torpaq (5 milyon 281 min 300 manat) və əmlaka görə (5 milyon 923 min 300 manat) yığılıb.

Təhlillər regionlarda yerləşən bələdiyyələrin əmlak vergisi toplamaqda çətinliklə üzləşdiyini göstərir.

Ötən il bu bələdiyyə vergisi üzrə Bakıda 4 milyon manatdan çox toplanıb.

Ölkənin yerdəqalan 1554 bələdiyyəsi isə təxminən 2 milyon manat yığa bilib. Bələdiyyələr villa sahiblərinin onlara qapı açmadığından və bu üzdən torpaq və əmlak vergisi ala bilmədiklərindən şikayətlənirlər.

Bələdiyyələrdə ötənilki gəlir azalmasının başlıca səbəbi heç də ölkədəki iqtisadi böhranla bağlı deyil. Səbəb - torpaq satışından gəlirlərin azalmasıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi torpaq hərracları önəmli bir məqamı üzə çıxarır: bələdiyyələr torpağı bazar qiymətindən qat-qat aşağı qiymətə hərraca çıxarırlar və bu hərraclarda, adətən, rəqabət olmur.

___________________________________________________________

Bunlara da bax:
"Putinka" arağının gəliri kimə çatır?
Hacıbala Abutalıbovun işində büdcə pozuntuları var

___________________________________________________________

Parkomatlardan yığılan vəsaitin məbləği və nəyə xərcləndiyi açıqlanmır

Ekspertlər kommersiya və fərdi ev tikintisisinə ayrılan bələdiyyə torpaqlarının sahəcə ilbəil azaldığını deyirlər.

Torpaq satışı 2014-cü ildə bələdiyyələrin büdcəsinə 20 milyon manatdan çox pul gətirmişdisə, ötən il bu rəqəm 6 milyon 700 min manata düşüb.

Küçə reklamları, gündüz avtomobil dayanacaqlarına görə ödənişlərin çox az bir hissəsi bələdiyyə büdcələrinə çatır.

Bələdiyyələr 2015-ci ildə bu mənbələrdən, vur-tut, 460 min manat qazana biliblər. Belə sahələrdən əsas gəlir yerli icra hakimiyyətlərinin nəzarətindədir.

Məsələn, 2 ildir ki, Bakıda gündüz avtomobil dayanacaqlarına şəhər İcra Hakimiyyəti nəzarət edir. Amma bələdiyyələrdən fərqli olaraq, icra hakimiyyəti parkomatlardan yığılan vəsaitin məbləğini və nəyə xərcləndiyini açıqlamır.

Hər il dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiya da son qəpiyinədək onlara gedib çatmır. Ötən il büdcədə nəzərdə tutulan 5 milyon 300 min manatın 122 min manatını bələdiyyələr almayıblar.

Dövlət büdcəsinin 1 faizindən də 4 dəfə az...

2015-ci ilin hesabatına görə, qazancın əsas hissəsi (17 milyon manat) bələdiyyə üzvlərinin əməkhaqqına və bələdiyyə aparatlarının saxlanmasına sərf olunub. Mənzil-kommunal təsərrüfatına 7 milyon 200 min manat yönəldilib.

Azərbaycanda bələdiyyələr, yerli özünüidarə orqanı kimi, 1999-cu ildə formalaşıb. Yerli ekspertlər, eləcə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi öz hesabatlarında bildirirlər ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etmir və bələdiyyələr indiyədək yerli hakimiyyət orqanı statusu almayıb. Ölkədə bu funksiyanı yerli icra hakimiyyəti gerçəkləşdirir.

Bələdiyyələrin yetərli maliyyə resursu və yerli idarəçiliyi həyata keçirməyə yetkiləri də yoxdur. Ötən il 1607 bələdiyyənin toplam xərci dövlət büdcəsinin 0,16 faizini təşkil edib. Bu səbəbdən müxalifət, bir qayda olaraq, bələdiyyə seçkilərinə qatılmır.

XS
SM
MD
LG