Martın 14-də Binəqədi rayon Məhkəməsində Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə yanaşı, daha bir ictimai fəal haqqında həbs qərarı verilib. Adları çəkilən iki nəfərdən fərqli olaraq, Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarış elan edilib.
B.Süleymanlı və M.Alpay kimi, S.Həsənli də Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda tanınıb. Vətəndaş cəmiyyəti fəallarına qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. İctimai fəallar donor təşkilatlardan layihə üçün alınan maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi ilə rəsmiləşdirməkdə suçlanırlar.
Təqsirləndirilən fəallar çirkli pulların yuyulması ittihamını qəbul etmir, yaşananları vətəndaş cəmiyyətinə qarşı repressiyaların növbəti dalğası kimi qiymətləndirirlər.
Haqqında həbsli axtarış qərarı çıxarılan S.Həsənli də açıqlama yayaraq onunla bağlı ittihamlara aydınlıq gətirib. IWPR və FHI360 təşkilatları ilə xidməti müqavilə bağladığına görə cinayət törətməkdə təqsirləndirildiyini vurğulayan ictimai fəal yada salır ki, bu qurumlardan aldığı 5 min avro və 10 min dollar vəsaitdən təxminən 5 min 200 manat dövlətə vergi ödəyib: "O zaman bu pul da cinayət yolu əldə edilmiş olur? Hətta Dövlət Vergi Xidməti iki dəfə bizim işimizlə bağlı yoxlama aparıb. Nəticəsi də bu olub ki, heç bir problem aşkarlanmayıb. Əgər bu ödənişlər qanunsuz idisə, niyə yoxlama aparılanda bizə deyilməmişdi ki, qanunsuzluqla məşğulsunuz?".
"Dövlət Vergi Xidməti dəstək verib, özü də ən yüksək – rəhbərlik səviyyəsində"
S.Həsənli deyir ki, FHI360 təşkilatından xidməti müqavilə ilə layihə alanlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü də var. Onun sözlərinə görə, bu layihələrdən birində ədliyyə orqanları əməkdaşlarına təlimlər keçiblər: "Ədliyyə Nazirliyi niyə soruşmurdu ki, bu qrantdır, siz niyə xidmət müqaviləsi bağlamısınız? Bu layihələrdən birinə isə Dövlət Vergi Xidməti dəstək verib, özü də ən yüksək - rəhbərlik səviyyəsində...".
Seçki Müşahidə Alyansı da M.Alpayın həbsi ilə bağlı yaydığı açıqlamada onun 2010-cu ildən bəri seçki müşahidəsi, demokratik iştirakçılığın təşviqi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərdiyini xatırladıb: "Bu, ölkədə seçki monitorinqi ilə məşğul olan qurumlara qarşı genişmiqyaslı hüquqi təzyiqlərin davam etdiyini göstərir".
Martın 14-də B.Süleymanlı və M.Alpayla yanaşı, "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov və media hüququ üzrə ekspert Xalid Ağəliyev saxlanılıb. Həmin gün axşam saatlarında X.Ağəliyev və H.Həsənov buraxılsalar da, B.Süleymanlı və M.Alpay haqqında istintaq dövrü üçün Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
İctimai fəallara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
B.Süleymanlı 2014-cü ilin mayında da QHT-lərə qarşı cinayət işi üzrə qanunsuz sahibkarlıq, vergidən yayınmada suçlanaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman da bu ittihamları qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.
Son ilyarımda Azərbaycanda 40-a yaxın jurnalist, bloqer və ictimai fəal həbs olunub.