Bu gün, noyabrın 19-da ötən ilin mayında vətənə xəyanətdə ittiham olunub həbs edilən hərbçilərin bəzilərinin ailə üzvləri Prezident Administrasiyasının qarşısına toplaşıblar.
Onların dediyinə görə, bəzilərinin övladları həbsdədir, bəzilərinki isə öldürülüb. Onlar iddia edirlər ki, övladları haqqında 2017-ci ildə açılan cinayət işi qurama olub.
Tərtər rayonunun Qaradağlı kənd sakini Familə Ağayeva deyir ki, oğlu Elxan Ağazadə 2014-cü ildə könüllü olaraq müddətdən artıq xidmətə yazılıb, ön cəbhədə kiçik çavuş kimi çalışıb.
“Günahı olanı öldürürlərmi?”
“Həmişə nümunəvi xidmət edib, tabeçiliyindəki əsgərlərin birinin belə burnu qanamayıb. 3 il ərzində demək olar ki, ev üzü görməyib. 2017-ci il may ayının 1-də evdə idi, sənədlə buraxmışdılar. Heç hərbi formasını geyinməyə qoymadılar, mülki formada xidməti yerinə apardılar. Oğlum o gedən getdi, telefonu da elə evdə “zaryadkada” qaldı. Heç bir xəbər ala bilmədik. Hərbi hissəyə buraxmadılar, dedilər xəbərimiz yoxdur. 10 gün heç bir xəbər ala bilmədik. 11-ci gün tabutu gəldi”, ana deyir.
Onun sözlərinə görə, oğlunun tabutunu birbaşa qəbiristanlığa aparıblar.
“Öyrəndiyimizə görə, 10 gün komada qalıb. Oğluma ən ağır işgəncələr verilib. Çox ağır travmalar alıb. Evin bir oğlu idi, 25 yaşı vardı, toy eləməyə hazırlaşırdım, indi tək qalmışam. Günahı olanı öldürürlərmi? Azərbaycanda belə qanun varmı? İstintaqsız, məhkəməsiz, valideynlərinə xəbər verməmiş... Rəsmi deyirlər ki, oğlununz vətən xaini olub, əsgərləri ermənilərə satırmış. İndi məhkəmə gedir, iş uzanır”, deyən ana Prezident Administrasiyasından məsələyə aydınlıq gətirilməsini istəyir.
Yeganə Hüseynova oğlu Mehman Hüseynovu itirib.
“Keçən il mayın 1-də evdən aparıblar. Mayın 8-də isə gecə meyitini gətirdilər. Qəbiristanlığın çöl tərəfində dəfn etdilər ki, vətən xainidir. 1 il sonra hökumət nümayəndələri gəlmişdilər. Meyiti çıxarıb qəbiristanlığın içəri tərəfində dəfn etdilər. İtttiham edirlər ki, güya ermənilərə işləyirmişlər. Ermənistana işləyirmişsə, hanı onun pulu? Bu evdə 2 uşaqla yaşayıram (uçuq evinin fotolarını göstərir). Ortalıqda heç nə yoxdur, məhkəmə də hələ davam edir”.
Başqa bir valideyn Lalə Əhmədova oğlu Elçinin işgəncə ilə öldürüldüyünü iddia edir:
“Müddətdən artıq hərbi xidmətdə olub, sürücü işləyib. Heç bir problemi olmamışdı işində. Ölənə qədər işgəncə veriblər. Mayın 3-də əmisigildən tutub aparmışdılar. Döyüblər, işgəncə veriblər, ayın 6-na keçən gecə ölüb”.
Lalə Əhmədova istintaqdan narazılıq edir.
“Bu qurulma bir oyundur. Cinayət işində yazırlar ki, postda keşik çəkərkən nəsə olub. Mənim oğlum sürücü olub, nə post, nə keşik?” - oğlunu itirən ana söyləyir.
Onlardan biri, Kamal Qasımov isə hazırda həbsdə olan müddətdən artıq hərbçi Məcid Qasımovun atasıdır. Oğluna 10 il həbs cəzası veridliyini deyən atanın sözlərinə görə, onu məzuniyyətdən qayıdandan sonra həbs ediblər.
“İstintaqı düzgün aparılmayıb”
“İşgəncə veriblər, boynuna bəzi şeyləri qoymaq istəyiblər. Müstəntiq onlara zülm verib. İstintaqı düzgün aparılmayıb. Gedib bütün əsgərləri danışdırmışam, hamısını işgəncə ilə oğlumun üzünə durğuzublar.Məndə həmin əsgərlərin hamısının səs yazıları, diskləri var. Deyirlər ki, bizi “toka” qoşurdular. Əsgərlərin başına elə oyun açıblar ki, dilə gətiriləsi deyil”.
Valideynlər deyirlər ki, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməkdən ötrü administrasiyanın qarşısına toplaşıblar. Ancaq Fuad Ələsgərov onları qəbul etməyib. Administrasiyadan deyiblər ki, iş araşdırılır.
Bu şikayətlərdə yer alan iddialara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Həmin valideyinlərin artıq bir neçə gündür müxtəlif media orqanlarında şikayətləri yer alır. Amma rəsmi qurumlar buna hər hansı reaksiya verməyiblər.
Xatırlatma
Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən il mayın əvvəllərində birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub.
Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.
Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.Ancaq həbs edilənlərin dəqiq sayı açıqlanmırdı.
Elə bundan az sonra bəzi media orqanlarında vətənə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərləri baş prokurorluğa çağırılaraq xəbərdarlıq almışdılar.
Xəbərdarlıq alan redaktorların bildirməsinə görə, onlara xəbərdarlıq edilib ki, son günlərdə orduda baş vermiş “xəyanət” faktları barədə istintaq başa çatmamış, isbatını tapmayan məlumatların dərc olunması yolverilməzdir. Demələrinə görə, onlara habelə bildirilib ki, ordu ilə bağlı məsələlərdə yalnız rəsmi mənbələrə istinad etmək vacibdir.
Məhkəmə iclaslarının gedişi ilə bağlı isə, hələlik, əlavə məlumat almaq cəhdləri nəticə verməyib.