Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Ateist teleaparıcı prezidentdən soruşdu: 'Buna görə adamı tuturlar?'


Vladimir Pozner
Vladimir Pozner

Məşhur rusiyalı televiziya aparıcısı Vladimir Pozner ölkə prezidenti Vladimir Putin, Rusiya patriarxı Kirill və Konstitusiya Məhkəməsinin sədri Valery Zorkin-ə müraciət edib. Telejurnalist onlardan ateizmə görə cinayət məsuliyyətinin nəzərdə tutulub-tutulmadığını aydınlaşdırmağı xahiş edib.

Mayın 15-də V.Pozner Rusiyanın «Birinci kanal»ının efirində, öz proqramında kilsədə pokemon tutduğuna görə «dindarların hisslərini aşağılamaq»da suçlanaraq həbs olunmuş videobloqqer Ruslan Sokolovsky-nin məhkəmə prosesini müzakirə edib. O, proqramını bu sözlərlə yekunlaşdırıb: «Hörmətli tamaşaçılar, sizi xəbərdar etməliyəm ki, ola bilsin, məni məhkəməyə cəlb edərək həbs cəzası versinlər...».

«HESAB EDİRƏM Kİ, ALLAH YOXDUR»

V.Pozner ateizmin Cinayət Məcəlləsini pozub-pozmadığını sual edərək, ətraflı izah almaq istədiyini bildirib.

«Bəlli olduğu kimi, mən ateistəm və deməli, hesab edirəm ki, Allah yoxdur. Düzdür, mən səhərdən axşama qədər ora-bura qaçaraq «yoxdur, yoxdur» deyə qışqırmıram, ancaq öz baxışlarımı da gizlətmirəm. Bəlkə patriarx Kirill desin, mən Allahın mövcud olmadığını deməklə onun dini hisslərini təhqir edirəmmi? Bəlkə Konstitusiya Məhkəməsinin sədri desin, düşündüyümü düşünmək və ifadə etdiyimi ifadə etmək hüququm varmı? Bəlkə dövlət başçısı bu məsələyə aydınlıq gətirsin: Allahın izni ilə (söz oyununa görə üzr istəyirəm) məni məhkəmə, ya da «yüngül hökm» gözləmir ki?», - Pozner sual edib.

V.Pozner həmçinin, Allahın mövcudluğunu inkara görə insanların odda yandırıldığı inkvizisiya dövrünü də xatırladıb.

O xatırladıb ki, Sokolovsky barəsində məhkəmə hökmünün motiv hissəsində Allahın mövcudluğunu inkar barədə qeyd yer alıb.

«BU, HEÇ KƏSİN HİSSLƏRİNİ TƏHQİR ETMİR»

Həm Prezident Administrasiyası, həm də rus pravoslav kilsəsi teleaparıcının bu sualına cavab verib.

«Xeyr, heç bir reaksiya olmayacaq. Bu, bir növ ritorik sualdır. Həm də məsuliyyət məsələsi Kremlin səlahiyyətlərinə daxil deyil. Bu, bizim məhkəmə sistemimizə aid sualdır», – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bildirib.

Moskva patriarxatının ictimaiyyət və KİV-lə əlaqələr şöbəsinin sədr müavini Vakhtang Kipshidze qeyd edib ki, kilsə istənilən şəxsin, o cümlədən ateistin hisslərinə hörmətlə yanaşır.

«Bizim yanaşmamız belədir ki, əgər insan ateist baxışlara malikdirsə, bu, heç kəsin hisslərini təhqir etmir. Biz hər zaman açıq və ədalətli dialoq tərəfdarı olmuşuq, o cümlədən ateistlərlə. Onlarla dialoq həm inanclı, həm də inanmayan insanların ləyaqətinə hörmət əsasında qurulur. İnanclı və inanmayan adamların ləyaqəti var. Çünki insan Allahın görkəmində və ona bənzər yaradılıb», – deyə Kipshidze vurğulayıb.

Kilsədə Pokemon tutan bloqçu məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

«RUSİYADA VİCDAN AZADLIĞI VAR»

«Sokolovsky barəsində hökmə bənzər hökmlər onun ateist baxışlarına görə yox, dindarlar barədə ifadələrinin onların ləyaqətini alçaltdığına görə çıxarılır. Söhbət bu və ya digər dünyagörüşünə malik olmağa görə təqibdən yox, insan ləyaqətinin müdafiəsindən gedir», – deyə rus pravoslav kilsəsinin nümayəndəsi əlavə edib.

Kilsə nümayəndəsi həmçinin bildirib ki, Allahın mövcudluğunun inkarına görə məhkəməyə cəlb edilmə kilsəyə aid məsələ deyil. «Konstitusiyaya əsasən, Rusiyada vicdan azadlığı mövcuddur. Bu isə ateist baxışların qanuni olduğunu nəzərdə tutur», – deyə Kipshidze qeyd edib.

Bir müddət öncə «Human Rights Watch» beynəlxalq insan hüquqları təşkilatı Rusiya hökumətini videobloqqer R.Sokolovsky barəsində məhkəmə hökmünü ləğv etməyə çağırmışdı.

Mayın 11-də Yekaterinburqdan olan bloqqer dindarların hisslərinin təhqir olunması və nifrət toxumu səpmək maddələri üzrə üç il yarımlıq şərti cəzaya məhkum edilib. Məhkəmə qərarında həmçinin deyilir ki, R.Sokolovsky İsa Məsihin və Məhəmməd peyğəmbərin mövcudluğunu inkar edir.

XS
SM
MD
LG