Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:06

Von Der Leyen Kiyevə gedib


Ursula von der Leyen (solda), Volodimir Zelenski və Aİ Şurasının Prezidenti Şarl Mişel
Ursula von der Leyen (solda), Volodimir Zelenski və Aİ Şurasının Prezidenti Şarl Mişel

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen mayın 9-da Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib. Bundan öncə Rusiya Ukrayna paytaxtına növbəti raket hücumu endirib.

"Kiyevə qayıtmaq xoşdur. Əziz tutduğumuz dəyərlərin hər gün müdafiə olunduğu məkana", – von der Leyen Twitter-də yazıb.

O, Zelenskinin 9 May Avropa Gününü Ukraynada da keçirmək qərarını alqışladığını sözlərinə əlavə edib.

Von der Leyen Rusiyanın Ukraynaya səbəbsiz işğalı başlanandan beşinci dəfədir bu ölkəyə səfər edir. Səfərin bu dəfə mayın 9-na düşməsi həm də simvolik anlam daşıyır. Belə ki, Avropa İttifaqında bu tarix Avropa Günü kimi qeyd olunur.

Fransanın Xarici İşlər Naziri Robert Şumanın 1950-ci ilin bu günündə təqdim etdiyi Şuman Bəyannaməsi hazırda 27 üzvlü Aİ-nin təməl daşı kimi qəbul edilir.

Von der Leyenin sözçüsü deyib ki, o, "Aİ-nin Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləyəcək".

Bu səfərdən bir neçə saat öncə Rusiya Ukraynaya 25 qanadlı raket atıb, onların 15-i Kiyevi hədəfə alıb. Mayın 8-də isə Ukraynaya dron zərbələri endirilmişdi.

Kiyevin havadan müdafiə qüvvələrinin 15 raketi şəhər üzərində məhv etdiyi bildirilir.

8 və 9 may tarixləri

Zelenski mayın 8-də Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünü münasibətilə deyib ki, xalqı Rusiya üzərində qələbə çalacaq. Zelenski parlamentə 9 Mayın Ukraynada rəsmi olaraq Avropa Günü, 8 May Qələbə Gününün isə “Anım və Nasizm üzərində Qələbə Günü” kimi qeyd olunması ilə bağlı qanun layihəsi təqdim edib. Bu, Ukraynanın Avropaya inteqrasiyasına mane olmaq üçün onu işğal edən Rusiyaya qarşı sərt gediş kimi qiymətləndirilib.

Rusiya və digər keçmiş Sovet respublikaları İkinci Dünya Müharibəsinin başa çatmasını mayın 9-da, Avropa isə bir gün əvvəl qeyd edir.

Bu arada Baxmut və Mariinkada şiddətli döyüşlərin getdiyi bildirilir. Rusiyanın Vaqner muzdlu qruplaşmasının Kremlə bağlı rəhbəri Yevgeni Priqojin qüvvələrinin şərqi Donetsk vilayətindəki Baxmut şəhərində irəlilədiyini iddia edib.

Bir neçə gün öncə Priqojin sursat çatışmazlığı ilə üzləşdiklərini deyir, onları şəhərdən çıxarmaqla hədələyirdi. Mayın 8-də isə o deyib ki, qüvvələrinə sursat gəlməyə başlayıb.

XS
SM
MD
LG