Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

'Vosmoy bazarı'nın ətrafında obyektləri sökülənlərə kompensasiya veriləcəkmi?


"8-ci km bazarı" ticarət mərkəzinin ətrafında obyekt və piştaxtalar sökülür.
"8-ci km bazarı" ticarət mərkəzinin ətrafında obyekt və piştaxtalar sökülür.

Oktyabrın 29-u gecə saatlarından Bakıda "Vosmoy bazarı" kimi tanınan "8-ci km bazarı" ticarət mərkəzinin ətrafında obyekt və piştaxtalar sökülür. Rəsmilər bunu həmin obyektlərin küçə ticarəti kimi fəaliyyət göstərməsi ilə əlaqələndirir.

İllərdir Azərbaycanda küçə ticarəti mübahisə predmeti olub. Zaman-zaman bu məsələdə şikayətlər eşidilir.

"Buradan evə bir tikə çörəkpulu aparırdıq"

"8-ci km bazarı"nın ətrafında xırda ticarət ilə məşğul olan Ə.V. AzadlıqRadiosuna deyib ki, sökülmə ilə bağlı onlara xəbərdarlıq üç gün qabaqcadan edilib: "İllərdir burada xırda alverlə məşğulam. Heç bir problem olmamışdı. İndi də deyirlər ki, abadlıq işi aparırıq. İllərdir yadlarına düşmürdü, indi yada düşdü? Buradan evə bir tikə çörəkpulu aparırdıq".

Amma sahibkarın sözlərinə görə, onlara başqa ərazidə ticarət üçün yer veriləcəyi bildirilib.

Qanun nə deyir?

"… Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarında bəzi qida məhsulların küçədə satışına icazə verilmir. Amma onların arasında dondurma, alkoqolsuz içkilər, qablaşdırılmış çörək-bulka, qənnadı məmulatları və meyvə-tərəvəz məhsulları istisna təşkil edir.

Eyni zamanda vurğulanır ki, səyyar ticarət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət qurumlarının binaları, tarixi, mədəniyyət abidələri və təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.

Sahibkarlara hər hansı kompensasiyanın verilməsi nəzərdə tutulmur.
Sahibkarlara hər hansı kompensasiyanın verilməsi nəzərdə tutulmur.

İH: "…Antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür"

Nizami rayon İcra Hakimiyyətindən (İH) "Turan"a bildirilib ki, söküntü işləri yalnız "8-ci km bazarı" ətrafında gedir: "Bazarda heç bir iş aparılmır. Bazar ətrafında qanunsuz quraşdırılmış piştaxtalar və köşklər sökülür. Yəni, qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur".

İH-dən iddia edilib ki, Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə bir ay öncə xəbərdarlıq edilmişdi. Həmçinin vurğulanıb ki, sahibkarlar qanunsuz ticarətlə məşğul olublar deyə, onlara hər hansı kompensasiyanın verilməsi nəzərdə tutulmur.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Məhkəməyə müraciət edə bilərlər"

İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna deyib ki, sözügedən köşkləri vətəndaşların özləri qurubsa və onların kommunal xidmətlərə görə ödənişlər barədə qəbzləri qalıbsa, onlar məhkəməyə müraciət edə bilərlər: "Sənədlər yoxdursa, burada mülkiyyət hüququ yoxdur. Ancaq hansısa itirilmiş fayda məsələsi var, hansını ki, həmin vətəndaşlar mübahisələndirə bilərlər".

Onun sözlərinə görə, bu onun nəticəsidir ki, Azərbaycanda illərdir 100 minlərlə həm yaşayış evlərinin, həm də ticarət obyektlərinin sənədləri yoxdur: "Bu da qanunlarda boşluğun, inzibati qurumların süründürməçiliyinin, rüşvət istəməsinin nəticəsidir".

Ekspertin vurğuladığına görə, hamı üçün vahid qayda olmalıdır: "Əlbəttə ki, hər yerdə küçə ticarətini qurmaq olmaz. Amma küçənin bir tərəfində icazə verib, o biri tərəfində icazə verməmək insanlarda narazılıq yaradır".

Natiq Cəfərli
Natiq Cəfərli

"İllərdir əlaqədar qurumlar hara baxırdı?"

Başqa bir iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda bir çox vətəndaşlar bilmir küçə ticarəti ilə bağlı lisenziyanı almaq üçün hara müraciət etmək lazımdır, ödənişi nə qədərdir: ""8-ci km bazarı" ətrafında 30 ildən çoxdur ticarət gedir. Əgər bu, qeyri-qanunidirsə, illərdir əlaqədar qurumlar hara baxırdı? Nəyə əsasən icazə veriblər? Əgər bu, korrupsiyanın nəticəsidirsə, niyə heç kəs cəzalandırılmır? Onda onların məsuliyyəti nədir? Deməli, dövlət qurumları dövlətin gücündən istifadə edərək insanların hüquqlarını orada pozurlar".

O hesab edir ki, bu sahədə şəffaf oyun qaydaları olmalı və qanunlarda aydın təsnifatlar verilməlidir: "Məsələ məmurların insaflına buraxılıb".

XS
SM
MD
LG