Dünya gücləri Vyanada keçirilən iclasda İranı nüvə sazişinin şərtlərinə əməl etməkdə davam etməyə çağırıblar.
Britaniya, Almaniya, Çin, Rusiya və Fransa səfirləri və İran nümayəndələrinin iştirakilə müzakirə iyunun 28-də keçirilib.
ABŞ İranla 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə sanksiyalarını bərpa edib və yeni sanksiyalar qoyub.
Sanksiyalardan məqsəd İranın əsas xarici valyuta mənbəyi olan neft ixracatını “sıfra” endirməkdir.
Vaşinqton bildirir ki, bu sanksiyalar İrana 50 milyard dollar itki verəcək və Avropa müttəfiqləri Tehranla ABŞ arasında seçim etməlidirlər.
Hazırda İranın neft ixracatı gündə cəmi 500 min barrelə enib.
İran nümayəndəsi deyib ki, Vyana danışıqlarında tərəqqi olub, lakin bu, Tehranın nüvə fəaliyyətini bərpa etmək qərarını dəyişməsi üçün kafi deyildir.
İran xarici işlər nazirinin müavini Abbas Araqchi müxbirlərə deyib ki, İran böyük bir ehtimalla 2015-ci il sazişinin qoyduğu 300 kilogram zənginləşdirilmiş uran limitini aşmalı olacaq.