Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərinin sakinləri iyulun 15-də artıq beşinci gündür ki, Xabarovsk diyarının qubernatoru Sergei Furgal-ın həbsinə etiraz aksiyasını davam etdirirlər.
Rusiya Antikorrupsiya Fondunun lideri Aleksey Navalny-nın regional qərargahı aksiyadan canlı reportaj yayınlayıb:
Nümayiş şəhərin mərkəzi küçələrində keçirilir. Etirazçılar “Bizimkiləri tək qoymarıq” və “Biz Xabarobskı xilas edəcəyik” şüarları səsləndirirlər.
Bu aksiyalar yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb, amma polis və Rusiya Qvardiyasının əməkdaşları hadisələrə müdaxilə etmirlər.
Yürüşdən əvvəl şəhərin mərkəzində həbsdə olan qubernatorla həmrəylik mitinqi keçirilib.
Bu aksiyadan əvvəl hakimiyyət orqanları koronavirusun yayılması təhlükəsi ilə bağlı aksiyaların dayandırılmasına çağırmışdı.
Xabarovsk diyarının qubernatoru iyulun 10-da həbs edilib. O 2000-ci illərin əvvəllərində iki qətl və bir qətlə qəsdlə əlaqədə ittiham olunur.
Furgal bu ittihamları rədd edir.
Xabarovskda Furgal-a ilk dəstək aksiyası iyulun 11-də keçirilmişdi. DİN həmin mitinqdə 12 min nəfərin iştirak etdiyini bildirsə də, jurnalistlər etitrazçı sayının 40 min olduğunu bildiriblər.
Zhirinovsky yumşalır?
Bu arada Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Zhirinovsky Xabarovskda keçirilən aksiyalarla heç bir əlaqəsinin olmadığını bəyan edib.
Zhirinovsky vurğulayıb ki, sözü gedən aksiyalar kor-təbiidir və “adamların özləri tərəfindən təşkil edilib”.
LDPR lideri deyib ki, onun partiyası icazəsiz aksiyaların əleyhinədir.
Amma Furgal-ın həbs edildiyi gün Dövlət Dumasında çıxış edən Vladimir Zhirinovsky öz fraksiyasını bütünlüklə parlamentdən çıxaracağı və “küçə inqilabı” ilə hədələmiş, Kremli kəskin tənqid etmişdi.
Furgal-a dəstək yürüşləri Xabarovsk diyarının başqa şəhərlərində də keçirilir. Yerli sakinlərin bəziləri bu həbsi Kremlin qisası kimi qiymətləndirirlər.
Onların fikrincə, həbsə əsas səbəb LDPR üzvü olan Furgal-ın qubernator seçkisində hakim Vahid Rusiya partiyası namizədini məğlub etməsidir.