Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:58

Xaçatryanın məhkəməsi: Meşəli sakinləri ittiham edir, o razılaşmır


Vaqif Xaçatryan
Vaqif Xaçatryan

1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətl və deportasiyasında təqsirləndirilən Vaqif Xaçatryanın Bakıda mühakiməsi davam edir. Cinayət işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə iclasları Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

Zərərçəkmiş qismində Meşəli hadisələrində həyatını itirənlərin yaxınları, yaralananların özləri, toplam 58 nəfər tanınıb. Xocalı rayon İcra Hakimiyyəti də bu məhkəmə prosesində zərərçəkmiş statusundadır. İndi məhkəmədə zərərçəkənlərin dindirilməsi mərhələsidir.

Oktyabrın 24-də dindirilən zərərçəkənlər 1991-ci il dekabrın 23-də Meşəli kəndində baş vermiş qətliamla bağlı yaddaşlarında qalanları məhkəmədə danışıblar. Zərərçəkmişlərin hamısı Xaçatryandan şikayətçi olduğunu vurğulayaraq ona qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini istəyiblər.

Zərərçəkənlərdən bir neçə nəfər təqsirləndirilən şəxsi olay zamanı Meşəli kəndində gördüyünü desə də, Xaçatryan bunu təkzib edib.

68 yaşlı V.Xaçatryan Əsgəran rayonunun Badara kəndində doğulub, orada yaşayıb. O iddia edir ki, Meşəlidə qətliam yaşanan zaman Badarada öz evində olub: "Qurban olum, mən Meşəliyə hücum eləməmişəm. Həmin hadisələr olan vaxt xəstə olmuşam. Evimdə yatmışam".

Onun sözlərinə görə, özü də, Badara kəndinin bir çox başqa sakini də Meşəli kəndində yaşananlardan sonradan xəbər tutub.

Ancaq zərərçəkənlər Xaçatryanın məsuliyyətdən yayınmaqdan ötrü yalan danışdığını deyirlər. Onlar iddia edirlər ki, Badara kəndinin Xaçatryandan başqa da bir neçə erməni sakini onlara qarşı silahlı hücuma qatılmışdı.

Xaçatryanın işi üzrə məhkəmə araşdırmaları oktyabrın 25-də davam edəcək. Zərərçəkənlərdən dindirilməyən 8 nəfər qalıb. Dindiriləndən və sənədlərin tədqiqi mərhələsindən sonra onların da məhkəmə istintaqı yekunlaşacaq və prokuror Xaçatryana cəza istəyəcək.

Xatırlatma

Vaqif Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, həmin vaxt müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istədiyini bildirmişdi. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandıraraq Qarabağ sakininin saxlanmasını "adam oğurluğu" adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.

Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-ninsə yaşadığı yerdən didərgin salındığı bildirilir.

Azərbaycan qanunvericiliyində soyqırımı cinayətinə görə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG