Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Xameneyi son beş ildə ilk ictimai moizəsini oxuyub


Ayətüllah Əli Xameneyi moizə ozuyur
Ayətüllah Əli Xameneyi moizə ozuyur

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi nadir hallarda oxuduğu moizədə bu həftənin əvvəllərində İranın İsrail üzərinə hücumunu müdafiə edib.

O bildirib ki, bu hücum “legitim və qanuni” idi və “lazım gələrsə”, Tehran bunu bir daha etməyə hazırdır.

Oktyabrın 4-də Tehranda həm fars, həm də ərəbcə danışan Xameneyi deyib ki, İran və onun dəstəklədiyi regional proksiləri İsrailin qarşısından geri çəkilməyəcəklər.

Xameneyinin sözlərinə görə İran İsraili dəf etmək vəzifəsinin icrasında “nə tələskənliyə, nə də ləngliyə yol verəcək”.

Xameneyinin bu moizəsindən az əvvəl İsrail Livanın paytaxtı Beyrutun ətraflarına raket zərbələri endirib. Ağır raket zərbələri habelə Beyrutun beynəlxalq hava limanının yaxınlığındakı Dahiye məhəlləsini hədəfləyib. Bu ərazi ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan Hizbullah silahlı qruplaşmasının istehkamı hesab olunur.

İsrail ordusu hava zərbələrinin hədəfləri barədə adətən şərh vermir, lakin mediada dolaşan söhbətlərə görə zərbələrin hədəfi, ölçüsü və miqyası söhbətin ötən həftə öldürülmüş Həsən Nəsrullahın vəzifəsinə əsas namizəd Haşem Səfiəddindən getdiyini göstərir. Bu zərbələr nəticəsində Səfiəddinin öldürülüb-öldürülmədiyi məlum deyil.

İsrailin Livana bu həftənin əvvəllərində başlanmış müdaxiləsi Yaxın Şərqdə daha geniş münaqişə təhlükəsi yaradıb.

Narahatlıqlar, İran oktyabrın 1-də İsrail üzərinə raket hücumu etdikdən sonra daha artıb. Tehran bəyan edir ki, bu hücum İsrailin Livanın cənubunda İran tərəfindən dəstəklənən Hizbullaha qarşı kampaniyasına cavabdır.

Ekspert: “Təzə heç nə deməyib”

Xameneyinin oktyabrın 4-də etdiyi çıxış onun son beş ildə az qala ilk ictimai moizəsizidir. Ali rəhbər son dəfə 2020-ci ilin yanvarında, Tehran İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Qasem Süleymaninin İraqda öldürülməsinə cavab olaraq bu ölkədəki ABŞ hərbi bazalarına raket hücumu etdikdən sonra moizə verib.

Parisdə yaşayan İran məsələləri üzrə ekspert Mojtəba Nəcəfi AzadlıqRadiosunun Fərda redaksiyasına deyib ki, Xameneyi, əslində bu moizə ilə təzə heç nə deməyib və belə görünür, məqsədi tərəfdarlarının ruhlandırılması, habelə İsrailin mümkün cavabından olan xofun azaldılması olub:

"Onun hətta İslam Respublikasının “nə tələskənliyə, nə də ləngliyə yol verməyəcəyinə” dair tezisi də yeni deyil. Bu, hazırkı böhranda Tehranın tammiqyaslı müharibədən yayınmaq siyasətinin davamıdır”.

Livanın nəqliyyat naziri Əli Hamiyə bildirib ki, oktyabrın 4-də İsrailin hava zərbələri nəticəsində Livan və Suriya arasında, Məsnaa keçidinin yaxınlığındakı yol kəsilib. Livanlılar son günlərdə hava zərbələrindən yayınmaq üçün bu sərhəd keçidindən istifadə edirdilər.

ABŞ-la məsləhətləşmə

Bu da xəbər verilir ki, İsrail İranın 1 oktyabr hücumuna mümkün cavabı Birləşmiş Ştatlarla müzakirə edir.

ABŞ prezidenti Co Bayden oktyabrın 3-də İranın neft qurğularına mümkün zərbələr barədə müxbirin sualına “biz bunu müzakirə edirik” cavabını verib.

Oktyabrın 3-də İsrailin Beyrutun mərkəzindəki çoxmənzilli binaya raket zərbəsi nəticəsində 9 nəfərin həlak olduğu bildirilir.

İsrail bildirib ki, onun Beyruta raket zərbəsi “konkret və dəqiq” əməliyyatın bir hissəsi olub.

Hizbullaha bağlı vətəndaş müdafiə qrupu bildirir ki, Beyruta raket zərbələri nəticəsində iki həkim də daxil, təşkilatın 7 üzvü həlak olub.

Fələstin Səhiyyə Nazirliyi ayrıca olaraq xəbər verir ki, işğal olunmuş Qərb sahilindəki Tülkərm qaçqın düşərgəsinə oktyabrın 3-də İsrailin hava zərbəsi nəticəsində 18 fələstinli həlak olub.

İsrail ordusu bildirir ki, hava zərbəsi ilə ABŞ və Avropa İttifaqında terrorçu təşkilat sayılan HƏMAS-ın Tülkərm şəbəkəsinin başçısı Zahi Yader ər-Razeq Oufi öldürülüb.

XS
SM
MD
LG