Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:32

Vəkil: Avtandil Mәmmәdovun Azәrbaycana ekstradisiyası mәsәlәsinə baxılır


A.Məmmədov
A.Məmmədov

İyunun 19-da Gürcüstanın Kvemo-Kartli Regionunun Marneuli şəhər mәhkәmәsində hüquq müdafəçisi Avtandil Mәmmәdovun hakim önünə çıxarıldığı bildirilir.

Bu barәdә AzadlıqRadiosuna vәkil Arçil Çopikaşvili danışıb.

Vəkilin sözlərinə görə, Avtandil Məmmədovun azadlığa çıxmasından ötrü 3 min lari ( 1 lari 36 sentdir) mәblәğindә girov tәyin edilib.

Arçil Çopikaşvili vurğulayıb ki, bu mәblәğ 30 gün әrzindә ödәnilmәlidir: “Yalnız bundan sonra AvtandilMәmmәdov azadlığa çıxa bilәr”

Vəkil hәmçinin bildirib ki, Avtandil Mәmmәdovun Azәrbaycana ekstradisiyası ilә bağlı mәsәlәyә baxılır:

"Paralel olaraq Avtandil Mәmmәdovun ekstradisiya mәsәlәsinә baxırlar. Gürcüstanda ekstradisiya ilә bağlı baxılan işlәr uzun prosesdir".

O, әlavә edib ki, Gürcüstan hökuməti inzibati qaydada Avtandil Mәmmәdova oturum verilmәsi ilә bağlı müraciәtinә də baxır.

Vəkilin bu dediklərini, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Ailəsi bildirir ki, Avtandil Mәmmәdov iyunun 17-də Azərbaycanın müraciəti əsasında Gürcüstanda saxlanıb. Xanımı Günel Məmmədova Azadlıq Radiosuna deyib ki, o Azərbaycan tәrәfindәn İnterpol xətti ilə axtarışa verilib:

“Ona Azərbaycanda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Lakin bütün ittihamlar saxtadır...”

Hüquq müdafiəçisinin saxlanması ilə bağlı deyilənlərə də, hələlik, Azərbaycan və Gürcüstan daxili işlәr nazirliklərindən münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Avtandil Mәmmәdov Azərbaycanda bir sıra hüquq-müdafiə təşkilatları ilə әmәkdaşlıq edib.

Yaxınlarından verilən məlumata görə, 2017-ci ildə Azərbaycanda bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra Gürcüstana köçüb, yerli hakimiyyətdən sığınacaq istəyib, amma müraciətinə, hələlik, müsbət cavab almayıb.

Onun 2018-ci ilin oktyabrında Gürcüstanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” (HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaratdığı söylənir. Yaxınlarının bildirdiyinə görə, təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb.

Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər. Onlar ölkədə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçilərinə basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG