Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:41

İyunun 1-dən xaricə yük daşıyanların üzü güləcək


Yük maşınları
Yük maşınları

-

Prezident İlham Əliyev mayın 26-da Vergi Məcəlləsinə və «Dövlət rüsumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu dəyişiklikləri AzadlıqRadiosuna şərh edib.

DİQQƏT, İYUNUN 1-DƏN...

Dəyişikliklərə əsasən, dəmiryoluyla daşınan yüklər Azərbaycan ərazisindəki son stansiyada xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə endiriləcək və ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən xaricə aparılarkən və ya xaricdən gətirilərkən, iyunun 1-dən başlayaraq, 3 il müddətinə yol vergisi və dövlət rüsumundan azad olunacaq. V.Qasımlı bu dəyişikliyin nəyi hədəflədiyini belə açıqlayır:

«Deməli, eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmiryolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənməyəcək. Məsələn, sahibkar İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatanadək yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azad sayılacaq».

«DAŞIMAÇI ŞİRKƏTLƏR RAZI QALACAQLAR»

O, əvvəllər sözügedən vergi və rüsumun Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasınadək olan məsafədə yükün daşınmasına həmişə problem yaratdığına diqqət çəkir: «Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşınma xərcləri, az qala, Astaradan Yalamayadək 500 kilometrlik yolun daşınma xərcləriylə müqayisə oluna bilərdi. Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaq. Bu isə Azərbaycan dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımaçı şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etdiklərindən məmnun qalacaqlar».

«GÜZƏŞT DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİNƏ...»

İcraçı direktorun fikrincə, yol vergisi və dövlət rüsumundan azad olunmağa 3 illik müddətin nəzərdə tutulması da optimal sayılmalıdır: «Çünki Astara (Azərbaycan) - Astara (İran) dəmiryolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizində dəmiryolu əlaqəsi tam təmin ediləcək. Azərbaycan dövləti tranzit yüklərin indidən həmin marşruta cəlb edilməsi üçün İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Yol vergisi və dövlət rüsumunun ləğvi Azərbaycanı tranzit daşıma şirkətlərinin davamlı və etibarlı tərəfdaşına çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin ləğvi dövlət büdcəsinin gəlirlərinə elə əhəmiyyətli təsir göstərməyəcək, amma yükdaşımaların artması böyük perspektivlər vəd edir».

V.Qasımovun sözlərinə görə, dəyişikliklər Naxçıvan ərazisində də önəm qazana bilər: «Naxçıvanla Türkiyə arasında dəmiryolunun olmaması buna zəmin yaradır. Orada da Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinədək olan ərazidə dövlət rüsumu və yol vergisi ödəmədən yükləri daşımaq olar».

XS
SM
MD
LG