Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Xarici investorları qaçaq salanlar...


'Sahibkar olmayan məmur var ki?' - Prezidentin dediklərinə Bakı sakinlərindən reaksiya
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

'Sahibkar olmayan məmur var ki?' - Prezidentin dediklərinə Bakı sakinlərindən reaksiya

Son günlər Azərbaycanın rəhbər şəxsləri tez-tez bir sıra ölkə rəsmiləri ilə təmaslarında qapılarının xarici investorlara açıq olduğunu, ölkədə əlverişli biznes və investisiya mühitinin mövcudluğunu ifadə edirlər. Halbuki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) "Dünya İnvestisiya Hesabatı – 2021"da qeyd edir ki, ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalarda ciddi azalma baş verib. Sənəddə yazılanlara görə, 2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir və dünya ortalamasından təxminən iki dəfə yüksək göstərici sayılır.

Hesabata görə, Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyada da ciddi azalma baş verib. Xarici ölkələrə 2019-cu ildə 2 milyard 432 milyon dollar, 2020-ci ildə isə 825 milyon dollar investisiya yatırıldığı qeyd edilir. Bununla belə, Azərbaycan xaricə yatırılan investisiya həcminə görə keçid ölkələri arasında Rusiyadan sonra (6.3 milyard dollar) ikinci yerdə sayılır.

Bu azalmanı pandemiya ilə izah edənlər var. Amma bəzi ekspertlər də düşünür ki, burada başqa amillər də istisna olunmamalıdır.

S.Möhbalıyev
S.Möhbalıyev

"Xarici sərmayəçiləri narahat edəcək heç bir məqam yoxdur"

Milli Məclisin deputatı, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev "Turan"a bildirib ki, Azərbaycan indi dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri kimi də xarici investorlar üçün kifayət qədər cəlbedicidir: "Azərbaycan Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) əldə etdiyi tarixi qələbə ilə həm öz ərazi bütövlüyünü təmin etdi, həm də Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla regionda sabitlik yaratdı".

O qeyd edib ki, ən kiçik hərbi münaqişə ehtimalı belə istənilən bölgədən xarici investorların çıxıb getməsi üçün yetərli ola bilər: "Hətta bütün digər iqtisadi və maliyyə şərtləri nə qədər cəlbedici olsa belə, investisiyanın təhlükəsizliyinin təminatı ən önəmli məsələlərdən biridir. Məhz bu baxımdan da Azərbaycanı bu gün bütün dünya etibarlı tərəfdaş kimi tanıyır. Azərbaycan öz gücünü, ordusunun qüdrətini Vətən müharibəsinin gedişində göstərdi və artıq bu xüsusda xarici sərmayəçiləri narahat edəcək heç bir məqam yoxdur".

Sahibkar: 'Rasim Məmmədovun qoçuları zavodumu əlimdən aldılar'
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

"Regionda uzunmüddətli sabitliyin bərqərar olması…"

S.Möhbalıyevin sözlərinə görə, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik də hər bir investor üçün əsas şərtlərdən biridir: "Məsələ bundadır ki, investisiyaların təhlükəsizliyinin təminatı üçün təkcə ölkələrarası hərbi münaqişələrin istisna edilməsi kifayət deyil. İnvestisiya qoyuluşları ölkədaxili destabillik səbəbi ilə də itirilmə riskinə düşə bilərlər. Buna görə də sabitlik olmayan ölkələrə heç bir şirkət sərmayə qoymur. Məhz bu baxımdan da Azərbaycanda bu gün xarici investorlar üçün son dərəcə cəlbedici mühit formalaşıb".

Deputatın fikrincə, indi Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi dünyanın heç bir ölkəsində müşahidə olunmur. Onun sözlərinə görə, bütün bu amillər və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb: "Regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, eləcə də bu sülhün ən etibarlı qarantının da məhz Azərbaycan olduğu artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu, əlbəttə ki, xarici sərmayədarları ölkəyə cəlb edəcək".

Q.İbadoğlu
Q.İbadoğlu

"Azərbaycanda xarici şirkətlər üçün cəlbedici mühit yoxdur"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, ölkə iqtisadiyyatına xarici sərmayələrin trendinə baxsaq, ildən-ilə onun azalmasını görəcəyik. Onun fikrincə, əvvəllər Azərbaycan xarici investorlar üçün ona görə cəlbedici olub ki, onlar neft və qaz yataqlarının istismarına cəlb olunublar: "Ən böyük sərmayələr neft sektoruna gəlir. Qeyri-neft sektoruna isə xaricdən böyük sərmayələr gəlmir və, əsasən, Türkiyədən, Rusiyadan gəlir. Bu neqativ trend özü də göstərir ki, Azərbaycanda xarici şirkətlər üçün cəlbedici mühit yoxdur".

İqtisadçının düşüncəsinə görə, xarici investorlar üçün ən böyük problem inhisarçılıqdır: "Bazarlara giriş baryeri var və inhisarçı şirkətlər başqalarını bu bazara buraxmır".

"Müstəqil məhkəmə hakimiyyəti yoxdur"

Q.İbadoğlu daha sonra da deyib: "Amma ən böyük problemlərdən biri ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır. İnvestorun mülkiyyətini, sərmayəni qorumaq və öz haqlarını müdafiə etmək üçün Azərbaycanda lazımi səviyyədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Bu baxımından da mən yaxın zamanda Azərbaycana xarici investorların gələcəyini düşünmürəm".

XS
SM
MD
LG