Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:44

BMT-də Xədicə İsmayılın çıxışı yayıldı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın BMT İnsan Haqları Şurasının sessiyasında videoçıxışı olub.

Fevralın 26-dan martın 23-dək keçirilən illik sessiyada dünyada insan haqlarının vəziyyəti ilə bağlı təşkilatın baş katibi, ali komissar və məruzəçilərin hesabatları dinlənilir.

X.İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulduğundan o, tədbirə videobağlantı ilə qatılıb.

Jurnalist Azərbaycandakı korrupsiya, qanunsuz biznes, yoxsulluq, səhiyyə və digər sahələrdəki problemlərdən danışıb, hakimiyyəti sərt tənqid edib.

Xədicə İsmayılovanın BMT insan haqları şurasında videoçıxışı
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

X.İsmayıl qanunsuz varlanmaların üstünü açmaq üçün dünyanı daha şəffaf etməyə və korrupsiya əməllərinin üstünü açanlara dəstək olmağa çağırıb.

X.İsmayılın bu tənqidlərinə hələlik Bakıdan rəsmilər hər hansı şərh verməyiblər. Amma Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov da fevralın 27-də bu sessiyada çıxış edib.

Nazir: Azərbaycan xalqının BMT-yə etimadı sarsılıb

Nazir bildirib ki, Azərbaycan hökuməti vətəndaşların bütün insan hüquqlarından tam yararlanmaları üçün genişmiqyaslı proqramlar həyata keçirir: «Şura tənbeh üçün platforma kimi istifadə edilməməli, onun fəaliyyətini müəyyən edən əsas anlayışlar dialoq, əməkdaşlıq və yardım olmalıdır».

E.Məmmədyarov çıxışında həmçinin, Ermənistanın 25 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğalda saxladığını, bir milyondan çox azərbaycanlının etnik təmizlənməyə məruz qaldığını, onların təməl insan haqlarının pozulduğunu deyib. Nazir bildirib: «Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb».

X.İsmayıl ötən il sentyabrın 26-da «Nobel mükafatına alternativ» sayılan «Dürüst Həyat» mükafatına layiq görülüb. Mükafat ona cəsarəti və yüksəkvəzifəli məmurların korrupsiya əməllərini aşkara çıxaran yazılarına görə verilib.

2014-cü il dekabrın 5-də həbs olunan jurnalist vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

X.İsmayıl bütün ittihamları rədd edir.

XS
SM
MD
LG