Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:58

Xədicə İsmayıldan 63 min manat tələb olunur


Xədicə İsmayıl
Xədicə İsmayıl

Fevralın 20-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə X.İsmayıl və nümayəndəsi Yalçın İmanov nazirliyin iddiasına yazılı etiraz təqdim edib.

X.İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılırdı. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla, onlara 14 faizlik gəlir vergisi deyil, 4 faizlik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10 faizlik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham verilib. İndi Vergilər Nazirliyi jurnalistdən həmin pulları tələb edir.

***Buna da bax-Xədicə İsmayıl: 'Bu qanunsuzluq məni önəmli hadisələrdə iştirakdan məhrum edir'

Y.İmanov məhkəmədə etirazını əsaslandırarkən bildirib ki, Ali Məhkəmə X.İsmayıla CM-nin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib: «İkincisi, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb etdiyi pulu AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, AzadlıqRadiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər?».

Vergilər Nazirliyinin müraciəti əsasında X.İsmayılın bank hesabına həbs qoyulub. Y.İmanov deyir ki, şəxsin hesabı haqda məlumatlar bank sirri hesab olunur. Bank həmin məlumatları yalnız məhkəmə qərarı əsasında təqdim etməlidir. X.İsmayıl ilə bağlı məsələdə isə heç bir məhkəmə qərarı olmadan onun hesabı haqda məlumatlar verilib.

***Buna da bax-Xədicə İsmayıl: 'Anam buna görə mənə qadağa qoyub...'

«Üstəlik, Vergilər Nazirliyi subyektiv hüquqa malik deyil, iddiaçı kimi çıxış edə bilməz. Çünki məhkəmə qərarının icrası icra şöbəsinə, icra məmurlarına aid məsələdir», - Y.İmanov bildirib.

X.İsmayıl və nümayəndəsi bu iddianın məhkəmə baxışına verilməsinə etiraz edib.

Hakim Aidə Hüseyn etirazla bağlı qərar vermək üçün müşavirəyə gedib. Bu üzdən məhkəmənin hazırlıq iclası fevralın 28-nə qalıb.

Xatırlatma

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona ittiham olunduğu iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

XS
SM
MD
LG