Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:25

«Bir nəfər gəldi ki, «buranı almışam»»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«40 ildir burada ağaclar əkib qulluq etmişik, uşaq, qoca – hamı bu ağacların kölgəsində istirahət edir. Yayın cırhacırında kölgəyə yığışıb samovar tüstülədirik, nərdtaxta oynayırıq. Ümumiyyətlə, ağlımıza sığışdıra bilmirik ki, bu kiçik, sıx yerdə nə tikmək olar?».

«BURANI ALMIŞAM»

Xırdalan şəhərində Geodeziya İdarəsinin işçilərinin yaşadığı üçmərtəbəli binada aləm bir-birinə dəyib. Binanın sakini Nazim Səfərov deyir, qarışıqlığa səbəb bir neçə gün əvvəl həyətdə peyda olan bir nəfərin «buranı almışam» deməsi olub. Sakinlər istirahət parkını itirməməkdən ötrü nə edəcəklərini bilmirlər.

Bina sakini Yusif Əhədi: «Xocasən bələdiyyəsindən sənəd göstərir ki, 12 sot torpaq sahəsini alıb. Aldığı sahəyə kanalizasiya borusu, qaz xətti düşür. Nə tikəcək, bəlli deyil».

Sakinləri əsasən Geodeziya İdarəsinin işçilərindən ibarət binada həm də 10 köçkün ailəsi məskunlaşıb. Ümumilikdə, 36 ailənin üzvlərinin dincəldiyi və hazırda sökülməkdə olan istirahət guşəsi həm də onları bir araya gətirən yeganə məkandır. Bu guşə yox olandan sonra uşaqların əylənməyə, yaşlıların dincəlməyə yeri qalmır. Buna görə də sakinlər söküntünün qarşısının alınması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət ediblər.

«UŞAQ BAĞÇASI TİKİLƏCƏK»

Abşeron rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazi həqiqətən də bir sahibkara satılıb. Ancaq, hələlik, tikinti işlərinin aparılması ilə bağlı qurumun icazəsi alınmayıb. Qurum ərazidə fərdi ev tikintisinə icazə verməyəcək, hündürmərtəbəli binanın tikintisi isə ərazinin kiçikliyinə görə mümkün deyil.

Elə ərazini alan şəxsin də burada nə fərdi ev, nə də hündürmərtəbəli bina tikmək fikri var. Hər halda, sahibkar Maksim Yusifov deyir, ərazidə bağça tikməyi düşünür: «Bircə ağac da kəsilməyəcək. Elə ağacların arasında birmərtəbəli 2-3 bina tikiləcək. Təyinatı da uşaq bağçası olacaq».

Sakinlərsə deyirlər, istirahət guşəsinin əllərindən alınıb yerində sahibkarın ödənişli uşaq bağçası tikməsi onları qane etmir. O zaman razılaşarlar ki, bu binanın uşaqlarını həmin bağçaya pulsuz qəbul etsinlər.

XS
SM
MD
LG