Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:48

'Yakovun kitabları' yəhudi romanıdır?


 Olqa Tokarçuk
Olqa Tokarçuk

Polşalı yazıçı Olqa Tokarçuk 2014-cü ildə "Yakovun kitabları"nı Polşada nəşr etdirəndə onu həm ölkənin sağçı, həm də solçu qrupları tənqid etmişdi. İllər keçdikcə bu reaksiya artdı ki, azalmadı.

1000 səhifəlik bu roman bir yəhudi kult liderinin həyatı haqdadır. İvrit də daxil olmaqla dünyanın bir çox dilinə tərcümə olunan bu kitab qlobal fenomenə çevrilib və müəllifinə ədəbiyyat sahəsində Nobel mükafatı qazandırıb.

Gözəl yəhudi romanı

Eyni zamanda Polşada yəhudilərə münasibət haqda olan bu kitab ABŞ-da yenicə nəşr olunsa da, oxucuların maraq və müzakirəsinə səbəb olub.

Romanın əsas fiquru XVIII əsrdə yaşamış real şəxs, yəhudi kult lideri Yakov Frankdır. Frank öz davamçılarının o dövrün ravvinliyinə qarşı üsyanına rəhbərlik edir. Bir məqamda o, hətta insanların kütləvi şəkildə katolisizmə keçməsinə səbəb olur. Onun həyatı haqqında çoxlu mif və əfsanələr dolaşır. Tarixi fakt və detalları bədii hekayə ilə birləşdirən bu kitab müasir polyak ədəbiyyatının mühüm və maraqlı nümunələrindən biri sayılır.

Tokarçukun artıq Polşanın sərhədlərini çoxdan aşmış oxucu auditoriyası bir addım da irəli gedərək "Yakovun kitabları"nı təkcə gözəl polyak kitabı yox, həm də Polşanın gözəl yəhudi romanlarından biri kimi görür. "The Times of Israel" qəzeti belə yazır.

"Virtual yəhudi"

"Polşada yəhudi mədəniyyəti hər yerdədir. Yəhudi məzarlıqları və sinaqoqları ölkənin hər yerinə səpələnib. Holokostsa ölkə tarixində mühüm yer tutur. Ancaq yəhudilərlə ünsiyyət imkanı çox deyil. Tokarçuk kimi ziyalılar həm də buna görə yəhudi mədəniyyəti ilə bu qədər dərindən maraqlanırlar", – qəzet yazır.

"Bu, bütün Şərqi Avropada görülən fenomendir. Yəhudi mədəniyyəti qeyri-yəhudilər tərəfindən qeyri-yəhudilər üçün yaradılır, ancaq yəhudilər haqdadır", – Vrotslav Universitetinin Yəhudi elmləri kafedrasının müdiri Martsin Vodzinski deyir.

Jurnalist Rut Qruber Şərqi Avropada müasir yəhudi mədəniyyətinə həsr olunmuş araşdırma yazısında bu fenomenə ad da qoyub: "virtual olaraq yəhudi". (virtually Jewish)

Kommunizmin süqutundan sonra

Bir çox qeyri-yəhudilər üçün yəhudi mədəniyyətinə bu maraq keçmişin yaxşı öyrənilməmiş hissəsini və nasizm irsini daha yaxşı anlamaq istəyindən qaynaqlanır. Yəhudi əsilli polyak tarixçi Mariuş Kalçevyak bu fenomenin 1990-cı illərin əvvəllərinə, kommunizmin süqutu dövrünə gedib çıxdığını deyir. O zaman Polşa öz keçmişi haqda daha tənqidi düşünməyə başlamışdı.

Qəzet yazır ki, Tokarçukun Yakov Frank haqda yazmaq qərarı da buna bənzər səbəblərdən qaynaqlanmış ola bilər. Yəhudi mistisizmini araşdıran alim Qerşom Şolem də daxil olmaqla, bir çox xarici araşdırmaçı Yakov Frankla maraqlanıb. Ancaq Polşanın özündə Frank haqda ilk müasir yazılar yalnız kommunizmin süqutundan sonra çıxmağa başlayıb. Növbəti 20 il ərzində isə polyak yazıçı və tarixçilər Frank və onun hərəkatının tarixi haqda bir çox yazı dərc etdiriblər.

Hekayədən romana

Bu, həm də ziyalıların Polşanın intellektual tarixi və multikulturalizm potensialı ilə maraqlanması demək idi. 2006-cı ildə Tokarçuk Frank haqqında ilk qısa hekayəsini dərc etdirir. Sonradan məhz bu hekayə böyüyüb "Yakovun kitabları" romanına çevrilir. Tokarçuk eyni zamanda Polşanı açıq, intellektual və multikultural cəmiyyət kimi göstərən tarixi hadisələrlə maraqlanan varşavalı ziyalılar qrupunun bir parçası idi. Bu yanaşma həm də ölkədə get-gedə güclənən sağyönlü siyasətə qarşı antidot kimi görülməkdədir. İudaizmlə xristianlıq arasında rahat hərəkət edə bilən Frank bu mənada ideal ilham mənbəyi idi.

"… Frank göstərirdi ki, insan eyni vaxtda polyak, katolik və yəhudi ola bilər", – Krakovdakı Yaqellon Universitetinin Polyak elmləri kafedrasının professoru Roma Sendıka deyir.

XS
SM
MD
LG