Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:17

Rusiyada Yakutiya rejissorunun filmi ‘millətçiliyinə’ görə qadağan olunub


Rusiyada medianı tənzimləyən dövlət qurumu – Roskomnadzor Yakutiya rejissoru Stepan Burnaşovun ən çox kassa gəliri gətirən “Ayta” filmini bloklayıb.

Vedomosti saytı yzır ki, film Rusiyanın striminq platformalarından silinib.

Sayt xəbər verir ki, Roskomnadzorun rəyinə görə filmdə ruslara qarşı millətçilik təbliğ olunur.

Qurumun nümayəndəsi narazılığını belə ifadə edib:

"Filmdə insanlar arasında milli zəmində bərabərlik olmaması nümayiş etdirilir. Belə ki, bir millətdən olan qəhrəmanların müsbət keyfiyyətləri başqa bir millətin mənfi keyfiyyətləri ilə qarşılaşdırılır. Belə informasiyanın audiovizual xidmətlərlə yayılması yolverilməzdir”.

Filmin süjetinə görə Ayta adlı məktəbli qız intihar edir. Onun cibindən “Afonya, mən sənə nifrət edirəm” yazılmış kağız parçası tapılır.

Afonya bu yaxınlarda Aytanı sinif yoldaşları ilə birgə diskotekadan sonra evə yola salmış rus polisin adıdır.

Qız xətəxanada dünyasını dəyişərkən onun hamilə olduğu müəyyənləşir. Aytanın atası və qəsəbə sakinləri bu qənaətə gəlirlər ki, Afonya qızı zorlayıb. Onlar qisas almaq qərarına gəlirlər. Amma sonra məlum olur ki, kağız parçasında adı çəkilən Afonya qonşu qəsəbədən olan məktəblidir.

Filmin sonunda polis işçisi qızın atasını bağışlayır və deyir ki, “başqa cür yaşamaq istəyir”.

Rejissor Stepan Burnaşov filmin bloklanması barədə xəbərə reaksiya verərkən deyib ki, əksinə bu filmdə adamların “bizimkilər” və “özgələrə” bölünməsinin faciəyə səbəb olduğu göstərilir.

Hələ ki prokat lisenziya ləğv edilməyib

Xəbər verilir ki, Rusiya Mədəniyyət Nazirliyi hələ ki “Ayta” filminin prokat lisenziyasını ləğv etməyib.

Təqdimatı fevralda keçirilən film kassaya 26.4 milyon rubl gəlir gətirib və Zimni müəllif kinosu festivalının iki mükafatına layiq görülüb.

Bu, Yakutiyanın ən gəlirli filmidir.

Filmin rəqəmsal relizi bu ilin mayından başlanıb.

“Ayta” filminin anonsunu “Kinopoisk”, Okko, Wink və Premier striminq platformaları veriblər. Hazırda bu platformalarda filmə giriş bağlıdır.

XS
SM
MD
LG