Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir


Nicat Əliyev
Nicat Əliyev

►Vəkil Yalçın İmanov: “Heç bir əsas olmadan qərarın Nicat Əliyevə, onun müdafiəçisi kimi, mənə verilməməsi bu işin Avropa Məhkəməsinə çıxarılmasının qarşısını almaq cəhdindən başqa bir şey deyil"

Ali Məhkəmədə üç ay əvvəl "Azadxeber.org" saytının redaktoru Nicat Əliyev barəsində çıxarılmış qərar bu günə qədər nə onun özünə, nə də vəkilinə verilib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib.

Vəkil deyir ki, aprelin 7-də İnqilab Nəsirovun sədrliyilə Nicat Əliyevin kassasiya şikayəti üzrə qərar verilib və jurnalistin 10 il azadlıqdan məhrum edilməsinə dair hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. O vaxtdan bəri dəfələrlə Ali Məhkəməyə müraciət etsə də, qərarı ala bilmir.

"Hətta hakim İnqilab Nəsirovun özü ilə də danışmışam. Bildirmişdi ki, yaxın günlərdə göndəriləcək. Üstündən on gündən artıq vaxt keçib, amma hələ də göndərilməyib", - Yalçın İmanov bildirib.

BÜROKRATİK ƏNGƏL

Müdafiəçi qərarın heç bir əsas olmadan verilməməsini "siyasi məhbusun işinin Avropa Məhkəməsinə çıxarılmasına bürokratik əngəl" kimi dəyərləndirir:

"Ali Məhkəmənin qərarından sonra altı ay ərzində Avropa Məhkəməsinə müraciət etmək olar. Bu müddətin üç ayı arxada qalıb, biz hələ qərarı ala bilməmişik. Məlum oldu kimi, Nicat Əliyev siyasi məhbus kimi tanınıb. Hesab edirəm ki, heç bir əsas olmadan qərarın Nicat Əliyevə, onun müdafiəçisi kimi, mənə verilməməsi bu işin Avropa Məhkəməsinə çıxarılmasının qarşısını almaq cəhdindən başqa bir şey deyil".

Yalçın İmanov əlavə edib ki, yaxın günlərdə qərarı ala bilməsə, Məhkəmə-Hüquq Şurasına şikayət edəcək.

Nicat Əliyev 2012-ci ildə Bakıda keçirilən "Eurovision" musiqi yarışması öncəsi həbs olunub.

"Eurovision məhbusu" adlandırılan Nicat Əliyev CM-nin 234.1-ci (narkotik), 281-ci (dövlət əleyhinə çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Nicat Əliyev və onunla birlikdə mühakimə olunan daha doqquz dindar hakimiyyətin siyasətini tənqid edən vərəqə və videodisklər yaymaqda günahlandırılır.

Lakin jurnalist ittihamların saxta olduğunu, yarışma ərəfəsində hökuməti tənqid edən fikir və yazılarına, o cümlədən "gey-parad"a etiraz etdiyinə görə cəzalandırıldığını bildirir.

Buna da bax:

XS
SM
MD
LG