Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:35

Yanan bina işi: «JEK müdiri niyə orada oturub?»


Yanan bina
Yanan bina

-

Binəqədidə 16-mərtəbəli yaşayış binasında ötən il mayın 19-da baş vermiş yanğından zərərçəkənlər bu iş üzrə aparılmış istintaqdan narazı qalıblar. Bunu onlar iyunun 30-da keçirilən məhkəmədə bildiriblər.

«HEÇ KİM BİZDƏN HEÇ NƏ SORUŞMUR»

«JEK müdirinin heç arayış verməyə ixtiyarı yoxdur. O, nə üçün orada oturub?», – zərərçəkmiş İdris Xəlilov bildirib.

Digər zərərçəkmişlər Feyzulla Bağırov, Tofiq Mustafayev, Səbinə Manafova, Heyvagül Əfəndiyeva da vəkillərin işin istintaqa qaytarılması, təqsirləndirilən şəxslərin həbsdən buraxılması barədə vəsatətlərini müdafiə ediblər. «Bu işə düzgün baxılmayıb», – H.Əfəndiyeva deyib.

Təqsirləndirilən şəxslərdən binanı üzləyən «Global Construction» şirkətinin sədr müavini Ələkbər Əsgərov da istintaqdan narazılıq edib: «13 aydır bizi saxlayıblar, heç kim də bizdən heç nə soruşmur. Binanın yanması ilə yanaşı, istintaqın o cür aparılmasına görə biz hər gün mənəvi baxımdan ölüb-dirilirik».

«2010-CU İLDƏ BAKIDA OLMAMIŞAM»

Ə.Əsgərovun vəkili Elvin Səlimov onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət qaldırıb. Qeyd edib ki, ittiham verilən maddələrin ona heç bir aidiyyəti yoxdur.

Təqsirləndirilən şəxslərdən «Global Stone»un baş direktorunun müavini Uğur Bəşirov istintaq zamanı müdafiə hüququnun pozulduğunu məhkəmənin diqqətinə çatdırıb: «Vəkilimlə görüşümə imkan verilməyib. Vəkilim iş materialları ilə tanış ola bilməyib. Yazıblar ki, biz guya 2010-cu ildən əlbir olmuşuq, halbuki, mən 2010-cu ildə ümumiyyətlə, Bakıda olmamışam. Bu da ittihamın absurd olduğunu göstərir».

«İttihamda yazıblar ki, guya mən həkim kimi texnoloqun savadını, ixtisasını yoxlamalı idim. Bu nə deməkdir? Hansı həkim bunu yoxlayır», – bunu isə Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov bildirib.

«HƏKİM RƏYİ VAR»

Təqsirləndirilən şəxslərdən Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədovun vəkili onun səhhətinin ağırlığını əsas gətirib, cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatət qaldırıb: «Həkim rəyi var ki, o, bu vəziyyətdə məhkəməyə çıxa bilməz. Xahiş edirik, onun barəsində cinayət işi ayrılsın və vəziyyəti yaxşılaşana qədər icraat dayandırılsın».

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin heç birinin təmin olunmasına ehtiyac olmadığını bildirib. Prokuror deyib ki, təqsirləndirilən şəxslər barəsində həbs qərarının dəyişdirilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxslərin müdafiə hüququnun kobud pozulması faktı da yoxdur. O, işin məhkəmə baxışına verilməsini təklif edib.

Əfqan Hacıyevin sədrliyi ilə hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib. Məhkəmə iclası iyulun 11-nə təyin olunub.

Yanğından ziyan çəkən sakinlər məhkəmədən sonra AzadlıqRadiosuna onları narazı salan məsələləri danışıblar.

Zərərçəkmiş Səbinə Manafova ittiham aktında bir xeyli məqamların səhv olduğunu deyir: "İstintaq düzgün aparılmayıb.

İttiham aktını oxuyanda gördüm ki, orada çoxlu səhvlər var. Anamın adı Elviradı, Safura yazıblar. İttiham aktında dəymiş ziyanla bağlı məbləği də düzgün göstərməyiblər. Müstəntiqə də bunu dedim. Deyir ki, "nə yazmısınızsa, biz də onu göstərmişik". Sübut elədim ki, mən elə şey yazmamışam. Mən ziyanın 100 minə yaxın olduğunu yazmışam, onlar isə 47 min göstəriblər. Sonra deyir ki, ekspert analiz eləyib, bu rəqəmləri çıxarıb. Yazıblar ki, guya, anam mənzildən çıxanda əlində pul olub, onu itirib. Halbuki, elə bir şey olmayıb".

“DEMİŞDİLƏR, YORĞAN-DÖŞƏK DƏ VERİLƏCƏK”

Səbinə Manafova onu da qeyd edir ki, telekanallarda bütün mənzillərin lazımi avadanlıqlarla təmin olunduğu barədə materiallar yayımlansa da, bu, həqiqətə uyğun deyil:

"Əvvəla, mənzillər keyfiyyətsiz təmir olunub. Divar kağızları qopub tökülür. Mənzillərə də ancaq mebel qoyublar. Soyuducu, televizor, qab-qacaq, kondisioner və s. bunların heç birini verməyiblər. Halbuki, əvvəlcədən nümunə kimi bir mənzili təmir eləyib, içinə də avadanlıqları yığıb televizorda göstərdilər. Bizə də demişdilər ki, "belə olacaq, hətta xalça, yorğan-döşək də veriləcək, siz çörək alıb, girib yaşayacaqsız". Amma belə olmadı".

Afət adlı digər zərərçəkmiş də aldadıldıqlarını bildirir:

"Dedilər ki, mənzilə daxil olun, komissiya gələcək, nə çatışmırsa, hamısı ilə təmin olunacaqsız. Sonradan nə komissiya gəldi, nə də əşya verildi. Adi soyuducu yoxdur ki, məhsulu qoyaq, xarab olmasın. Əlimizdə də pul yox idi ki, özümüz alaq".

Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG