Sahibkarlar Diqlas Ticarət Mərkəzindəki yanğın zamanı onlara dəymiş ziyanın dövlət yardımın verilməsini alqışlayıblar. Lakin ekspertlər belə bir dəstəyin müsbət və mənfi cəhətlərini təhlil etməyə çalışırlar. Bəzi fəallar isə prezidentin bu qərarını hətta tənqid edirlər.
Keçmiş deputat Nazim Bəydəmirli öz Facebook hesabında bu haqda yazır:
“Mənim ödədiyim vergilərin hesabına yenə kompensasiya veriləcək, yenə də insanlar öz risklərini sığortalamayacaq, yenə də məmur qazanacaq! Növbəti hadisəyə qədər...belə də olacaq...çünki məsləhət verənlər də, məsləhət verməyi "monopoliyaya" alıblar!”
Prezident İlham Əliyevin bu addımından narazı qalanların əsas arqumenti budur ki, sığorta sistemi tətbiq olunmalı və bədbəxt hadisələr zamanı dövlət büdcəsi istismar olunmamalıdır.
Sahibkarlara dəymiş ziyana görə dövlət büdcəsindən nə qədər vəsait ayrılacağı hələ bəlli deyil.
Prezident bildirib ki, Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalıdır, digər qurumlar isə yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.
İqtisadiyyat şərhçisi Toğrul Maşallı deyir ki, ziyanı dövlət ödəməməlidir:
“Sahibkarlar öz mallarını sığorta etməyiblər. Eyni zamanda onların qarşısında cavabdehliyi dövlət yox, məhz Diqlas Ticarət Mərkəzinin sahibi daşımalıdır. Bu vəsaiti dövlətin ödəməsi müəmmalıdır. Əgər dövlət bu halda ödəniş edirsə, o zaman keçmişdə baş verən bütün hadisələrə görə kompensasiya ödəməlidir. İndiyə qədər belə yanğınlara görə də kompensasiya verilməlidir. Bu ödənişlərin məntiqi yoxdur”.
Bəs hadisənin baş verdiyi Diqlas Ticarət Mərkəzinin əsl sahibi kimdir?
Bu sual hələ ki, qaranlıq qalır. İndiyə qədər üzə çıxan şəxslər Ticarət Mərkəzinin təmsilçiləridir.
Prezident administrasiyası: "Bunun sizinçün əhəmiyyəti yoxdur...önəmli olan odur ki, ziyan ödənilsin"
Martın 28-da, Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümov deyib ki, obyektin sahibi ilə dövlət özü məşğul olacaq:
“Bu ödəniş cənab prezidentin şəxsi təşəbbüsü və qayğısıdır. Sonrakı etaplarda sahibkarlar var, həmin obyektin yiyələri var, onlar hüquqi müstəvidə dövlət qarşısında hesabat verəcəklər. Bunun sizinçün elə bir əhəmiyyəti yoxdur. Sizinçün önəmli olan odur ki, dəymiş ziyan sizə ödənilsin”.
Amma araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, obyektin əsl sahibinin kim olmasının əslində böyük əhəmiyyəti var. Bu məlumatı gizli saxlamaqla əslində dövlət iqtisadi cinayətkarlığı həvəsləndirir.
2012-ci ildən bəri hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilik mülkiyyətçinin və təsisçinin adını kommersiya sirri sayaraq gizli saxlayır.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev öz Facebook səhifəsində yazır ki, sahibkarların gizli saxlanması sivil dünya praktikasına ziddir - biznes obyektlərinin gerçək sahibləri cəmiyyət üçün açıq olmalıdır.
"Qarşılaşdığımız problemə baxın - minlərlə insan işlədiyi mülkün gerçək sahibinin kim olmağından xəbərsizdir, problemi onunla müzakirə edə bilmir. Onu rəsmi təmsil edən şəxs isə açıq deyir ki, onlardan icazəsiz heç bir vəd verə bilməz".
Qanun korrupsiyanın tərəfindədir
Deputat Vahid Əhmədov deyir ki, bu qanunun bu maddəsinin dəyişməsi barədə müzakirə Milli Məclisin gündəliyinə gələ bilər, amma bu yəqin ki, tezliklə baş verməyəcək, çünki məsələ çoxtərəflidir.
“Bütün ölkələrdə praktika var, əksər ölkələrdə bu məlumatı gizli saxlayırlar, hüquqi şəxsin yalnız ünvanı göstərilir, amma ad, familiya göstərilmir. Ad-familiyanı yalnız hüquqi şəxsin sahibi və onun vəkalət etdiyi şəxs bilir. Bunu da ona görə edirlər ki, həmin mülkiyyətin mülkiyyət hüququnu qoruyurlar. Onun sahibini şantajdan qoruyurlar”.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə deyir ki, 2012-ci ildə qanun dəyişəndən sonra korrupsiyanı üzə çıxarda biləcək araşdırmalar aparmaq çətinləşib və iqtisadi cinayətkarlıq üçün şərait yaranıb.
“Şəffaflıq ölkədə bu cür faciəvi hadisələrin qarşısını almağa kömək edərdi, çünki hamı bilərdi ki, nə kimindir və nəyin arxasında kim dayanır, hansı hadisənin arxasında kim durur. Biznes sahibləri də daha məsuliyyətli davranardılar. Amma bu bir dövlət siyasəti olaraq elan edildi ki, Azərbaycanda hökumət oliqarx biznesini dəstəkləyir və biznesin arxasında hansı nazirin durduğunu cəmiyyətin bilməsini istəmir. Qanunu dəyişdirdilər və nəticə də budur”.
Ümumilikdə isə beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyanın geniş yayıldığını deyirlər. “Beynəlxalq Şəffaflıq” təşkilatının son hesabatına görə, Azərbaycan 180 ölkə arasında 122-ci yerdədir.