Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:35

7 il əvvəlki daşqının bugünkü fəsadları...


Saatlının Yeni Novruzlu kəndində 7 il bundan əvvəl daşqın zamanı.
Saatlının Yeni Novruzlu kəndində 7 il bundan əvvəl daşqın zamanı.

“Elə o vaxtdan kim səsini çıxardısa, tutub aparıb atdılar polisə. Nə haqqımızı tələb edə bildik, nə etirazımızı bildirdik. Nəticəsi də belə oldu ki, hələ də əziyyət içərisində yaşayırıq”.

Saatlının Yeni Novruzlu kəndində yaşayan Nurəhməd Həsənov AzadlıqRadiosu-na danışır ki, 7 il əvvəl kəndi sel basıb. Nəticədə onlarla təsərrüfat tamamilə məhv olub. Zərər bu ailədən də yan ötməyib. Ancaq vaxtında dövlət tərəfindən yardım olunmadığından ailə hələ də fəsadları aradan qaldıra bilməyib:

Buna da bax:Vaqon yanıb, gənc ailə küçədə yaşayır

“KOMPENSASİYA ÖDƏNİLMƏDİ”

“Evdə çatlar var və vaxt ötdükcə daha da genişlənir. Təmir-bərpaya görə qəpik də ödənilmədi. Nə də özləri gəlib düzəltmədi. Bar verən 70-ə yaxın ağacımız məhv oldu. Bircəciyinin də kompensasiyası ödənilmədi. Kənddə bu vəziyyətdə qalan təkcə biz deyilik, bizim kimi başqa ailələr də var ki, vaxtilə kimisini polislə, həbslə, kimisini işsiz qoymaqla hədələdilər deyə, adamlar haqlarını tələb edə bilmədi. Ancaq elə ailələr var ki, nə təsərrüfatına, nə evinə zərər dəyməmişdi, icrada, orda-burda qohumu, dostu vardı deyə, fürsətdən istifadə edib yardım da aldılar, evlərini təmir də etdirdilər”.

Kənd sakini Qasım Əzizov da həmin hadisə zamanı su basmış əkin sahəsinə görə kompensasiya ala bilmədiyini deyir:

“O vaxt çox adamın əkin sahəsi su altında qaldı, ancaq qara qəpik də ödənilmədi. Prezidentin ayırdığı pullar kimin cibinə getdi, bilmədik. Bir müddət gözlədik, gördük hökumətin kömək etmək fikri yoxdur, hərə öz başının çarəsinə baxdı. Bəzi ailələrin də ağzını yummaq üçün 100 manatdan paylandı və “sus” göstərişi verildi. Ancaq ev-eşiyi salamat olanlar var ki, dost-tanış hesabına icra hakimiyyətindən yardım ala bildi”.

Buna da bax:​ 'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'

“KİMSƏ EVİNİ TƏMİR ETDİRMƏK İSTƏYİRSƏ...”

2010-cu ilin mayında Sarısu gölündə bəndin yarılması nəticəsində Saatlının Yeni Novruzlu və Dəllər kəndlərini su basıb. Hər iki kəndin sakinləri evakuasiya olunub. Sular çəkildikdən sonra kəndlilər evlərinə dönsələr də, evlərin təmir-bərpası və dəymiş zərərin ödənilməsi üçün uzun müddət yerli icra hakimiyyətinə get-gəl ediblər.

Saatlı rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, hələ 7 il əvvəl rayonun fövqəladə hallar komissiyası daşqından zərər çəkmiş evləri siyahıya alıb və lazımi tədbirlər görülüb:

Buna da bax:​ Lal-karlar üçün internat məktəbinin köçkünləri tualetə çöldə gedirlər

“Deyilənlərin heç bir əsası yoxdur. Həmin ailələrə yardım da olunub, zərər dəymiş evlər də bərpa edilib. O kənddə zərər çəkmiş və yardımdan kənarda qalmış ev yoxdur. Bu məsələ çoxdan bitib. İndi kimsə evini təmir etdirmək istəyirsə, 7 il əvvəlki daşqının boynuna yıxmasın”, – qurumdan bildirilib.

XS
SM
MD
LG