Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

Yeni vəzifə təyinatlarına reaksiyalar


Sülhəddin Əkbər: “Görünür, bundan sonra rejim sərt xətt tərəfdarlarına etibar edəcək”

“Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin edilən Əli Nağıyev xüsusi xidmət orqanlarının zabitidir, bu sahədə uzun zaman çalışıb. Hətta bir müddət nazir müavini də olub. Bu sahədə yetərli təcrübəsi var. Eyni zamanda Vilayət Eyvazov da daxili işlər nazirinin müavini idi və onun da kifayət qədər idarəçilik təcrübəsi var”, – ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sədr müavini olmuş Sülhəddin Əkbər prezident İlham Əliyevin son təyinatlarını şərh edərkən söyləyir.

Dövlət başçısının sərəncamı ilə Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.

DTX-nın keçmiş sədri Mədət Quliyev bir qədər öncə ləğv edilən Müdafiə Sənayesi Nazirliyinin başına gətirilib, bu təyinatdan əvvəl İlham Əliyev sözügedən nazirliyin yerində yaradılan “Azərsilah” ASC-nin ləğvi haqda sərəncam verib.

Keçmiş daxili işlər naziri Ramil Usubov isə prezident yanında təhlükəsizlik şurasının katibi təyin edilib.

Sülhəddin Əkbər hesab edir ki, ölkə rəhbərliyi ölkədə yaranmış durumdan narahatdır və hakimiyyəti möhkəmləndirmək istəyir.

“Bu məqsədlə illər ərzində sınaqdan çıxmış və sərt xətt tərəfdarı olan, daha etibarlı kadrları irəli çəkir”, – deyə o, əlavə edir.

Nazir müavini işləyərkən Vilayət Eyvazovun adı işgəncə, nazir müavini olmuş Əli Nağıyevin isə adı korrupsiya ittihamlarında hallanıb.

Sülhəddin Əkbər isə bu təyinatlara təəccüblənmədiyini bildirir. “Rejimin təbiəti, xarakteri nəzərə alınarsa gözlənilən təyinatlardır”, – keçmiş nazir müavini izah edir.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

O, yeni təyinatları hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsi kimi də dəyərləndirir:

“Hakimiyyətdəki sərt xətt tərəfdarlarının və mətbuatın dili ilə desək, Naxçıvan klanının mövqeləri güclənir. Görünür, bundan sonra rejim sərt xətt tərəfdarlarına etibar edəcək. Son zamanlar ikinci hakim ailənin güclənməsi, Naxçıvan klanının mövqelərinin zəifləməsi haqda söz-söhbət gəzirdi. Amma görünür, ikinci qruplaşma mövqelərini gücləndirə bilib. Hakimiyyətdaxili mübarizədə bunu əks dalğa kimi də qiymətləndirə bilərik”.

İlham İsmayıl: “Əli Nağıyev peşəkardır”

Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri, xüsusi-xidmət orqanlarının keçmiş əməkdaşı İlham İsmayıl son təyinatları və maaş artımını yanvardan sonra atılan addımların davamı sayır.

Eyni zamanda o da Sülhəddin Əkbər kimi “ənənəvi qüvvənin – Naxçıvan klanının hakimiyyətdaxili mübarizədə qalib gəldiyini” güman edir.

O digər təyinatların üzərində dayanmasa da, Əli Nağıyevin DTX-ya rəhbər gətirilməsini təqdir edir. İlham İsmayılın fikrincə, ölkənin xüsusi xidmət orqanı nəhayət “öz kadrını” tapıb:

“İndiyə qədər polis işçiləri bu quruma başçı gətirilirdi. İndi isə həqiqi xüsusi xidmət orqanının əməkdaşı gətirilir. O, vaxtilə əməliyyat işçisindən general rütbəsinə qədər yüksəlib. Əli Nağıyev peşəkardır. O məsələnin peşəkar kimi, qanunvericilik çərçivəsində həllinin tərəfdarı olub. Nazir müavini işlədiyi müddətdə belə də olub”.

Mehman Əliyev: “Mehriban Əliyeva gətirilə bilər”

“Güc strukturlarının gücləndirilməsində məqsəd koordinasiyanı, bütünlükdə təhlükəsizlik sistemini vahid bir sistemə tabe etdirməkdir”, – “Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev dövlət başçısının son təyinatları haqda danışarkən belə deyir:

"Məsələn, Əli Nağıyev peşəkar MTN-çi olub, işini yaxşı bilir. Ramil Usubovun Təhlükəsizlik Şurasına katib təyin edilməsi də məhz onun peşəkar olması və təhülkəsizlik sisteminin vahid idarəetməyə keçidini təmin etmək üçün ola bilər. Bu, bir başlanğıcdır”.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyevin qənaətincə, ölkə keçid dövründədir və son hadisələrin arxasında indiki birinci vitse-prezident, dövlət başçısının xanımı Mehriban Əliyevanın dövlət başına gətirilməsi dayana bilər:

“Onun siyasi xadim kimi aktivləşməsi, önə çəkilməsi hiss olunur. Görünür, yeni bir sistem, yeni bir komanda yaradılır. Keçid dövründə təhlükəsizlik sisteminin gücləndirilməsi hakimiyyət üçün yetərincə vacibdir”.

Xəbər agentliyinin rəhbəri ölkədə hadisələrin çevik xarakter aldığını söyləyir, o, növbəti aylarda çoxsaylı kadr təyinatlarının olmasını və növbədənkənar seçkilərin keçirilməsini istisna etmir.

Mehman Əliyev belə bir gedişi beynəlxalq qurumların, ABŞ-ın, Qərbin Azərbaycandan islahatlar, köhnə qaydada idarəetmədən imtina çağırışları ilə əsaslandırmağa çalışır. Üstəlik də cəmiyyətin fəallaşmasını qeyd edir.

XS
SM
MD
LG