Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:47

Məscidlərə hücum edən 'ilhamını' Balkan müharibələrindən alıb


Hücumun ardınca yaralılara tibbi yardım göstərilir
Hücumun ardınca yaralılara tibbi yardım göstərilir

AzadlıqRdaiosunun müxbiri Robert Coalson yazır ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidlərdən birinə hücumu əks etdirən 17 dəqiqəlik vahiməli video özünü Brenton Tarrant kimi təqdim edən şəxsin avtomobilini Əl Nur məscidinə sürməsi ilə başlanır. Az sonra orada 41 nəfər güllələnəcək.

Avtomobilin salonunda az qala robot səsi ilə duetin oxuduğu serb millətçi mahnısının sədaları eşidilir. Musiqinin səsi Tarrantın maşınındakı GPS sisteminin komandalarına qarışır.

Bu mahnı 1995-ci ildə, 1990-cı illərdə Yuqoslaviyanın dağılması ilə nəticələnmiş etnik müharibələrin qızğın vaxtında peyda olub. Həmin müharibələr 130 min insanın ölümü ilə nəticələnib.

Bosniya serblərinin lideri Radovan Karadzic Beynəlxalq Cinayətlər Məhkəməsində (2016)
Bosniya serblərinin lideri Radovan Karadzic Beynəlxalq Cinayətlər Məhkəməsində (2016)

Belə görünür ki, adı “Karazdic, serbləri hücuma apar” mahnısında söhbət bir vaxtlar “Bosniyanın cəlladı” ləqəbini qazanmış Bosniya serb lideri Radovan Karazdicdən gedir. Bu şəxs bəşəriyyətə qarşı cinayətlərinə görə 2016-cı ildə beynəlxalq tribunal tərəfindən məhkum edilib.

Mahnının sözləri isə belədir: “Canavarlar gəlirlər, xəbərin olsun, ustaşi və türklər”. Buradakı “ustaşi” sözü, belə görünür ki, xorvat millətçilərinə, “türklər” sözü isə boşnaklara işarədir.

Antimüsəlman şüarı

Mahnının çox güman ki, 1995-ci ildə yazılmış videoklipi ilk dəfə internetdə 2006-cı ildə peyda olub və o vaxtdan bəri radikal ağdərili irqçilər arasında çox məşhurlaşıb.

Bu klipdə əyinlərində serb yaraqlılarının hərbi uniforması olan üç nəfər görünür. Klipdə görünən akkordeonçu Novislav Djajic-in daş ifadəli üzü irqçilər üçün bir növ simvola çevrilib.

Djajic soyqırımındakı iştirakına görə 1997-ci ildə Almaniyada məhkum edilib. Sonradan ona qarşı soyqırım ittihamına xitam verilib, amma o 14 qətldə iştirakına görə beş il iş alıb. Həbsxanadan azad olunduqdan sonra üçüncü bir ölkəyə deportasiya edilib.

Bu mahnının sözləri sonradan müxtəlif dillərdə təkrar-təkrar yazılıb, amma onun antimüsəlman xətti dəyişməz qalıb. Mahnı tez-tez “Serbiya güclüdür” və ya “Kababı ləğv edək” adları ilə görünür. Onun antimüsəlman şüarı Serbiyadan başlasa da, Avropa və dünya boyunca bütün ağ irqçilər tərəfindən qəbul edilib.

Yeni Zelandiyanın hakimiyyət orqanları müəyyənləşdiriblər ki, silahlı 28 yaşlı avstraliyalıdır. Lakin xəbərlərdən bəlli olur ki, polis hazırda artıq barəsində qətl ittihamı irəli sürülmüş bu şübhəlinin hücumu təkbaşına həyata keçirib-keçirmədiyini aydınlaşdırmağa çalışır. Polis həm də bu şəxsin bütün hücumu videoya almış və Brenton Tarrant adı ilə internetdə dərc etmiş şəxslə eyni adam olduğunu müəyyənləşdirməlidir.

Sosial mediada yayılmış videodakı şəxsin Kraystçeçrç məscidinə hücum edən olduğu düşünülür
Sosial mediada yayılmış videodakı şəxsin Kraystçeçrç məscidinə hücum edən olduğu düşünülür

49 nəfərin həyatına son qoymuş hücumlardan əvvəl Tarrant internetdə 74 səhifəlik manifest dərc edib. O burada bildirir ki, “son vaxtlar əsasən kababı ləğv edən” kimi işləyib.

Hücumun canlı translyasiyasının videosunda Tarrantın güclü avtomatik tüfənginin qundağında “Kababı ləğv et” şüarı yazılıb. Silahın üstündə başqa adlar da var. Bunlar əfsanəvi serb cəngavəri Milos Obilicin və serb şahzadəsi Lazar Hrebeljanovicin adlarıdır. Onların hər ikisi 1389-cu il Kosovo döyüşündə osmanlı türklərinə qarşı vuruşublar.

“İslam işğalçıları”

Öz manifestində Tarrant heç bir təşkilatın üzvü olmadığını və yalnız 2011-ci ildə 77 nəfəri qətlə yetirmiş norveçli Ander Breivikdən “ilhamlandığını” bildirir.

Breivik də hücumdan əvvəl 1500 səhifəlik traktat yazmışdı və bu yazıda yüzlərlə dəfə Balkanların adı çəkilirdi. The Economist məcmuəsi yazır ki, Breivik bu “əsərində” “Serbiya” sözünü 341, “Kosovo” sözünü 143, “Bosniya” sözünü 343 və “Albaniya” sözünü 208 dəfə işlədib.

Breivik yazırdı ki, NATO-nun 1999-cu ildə Kosovo müharibəsi zamanı Serbiyanı bombalaması onun hücumunun əsas motivi olub.

Şübhəlinin silahının üstünə yazdığı bəzi adlar
Şübhəlinin silahının üstünə yazdığı bəzi adlar

O bildirir ki, ABŞ və Avropa hökumətlərinin “bizim serb qardaşlarımızı bombardman etməsi tamamilə yolverilməz idi”.

Tarrantın manifestində də eyni ritorikadan istifadə olunub. Onun fikrincə “ABŞ zəiflədilməlidir ki, ABŞ/NATO qüvvələrinin müsəlmanların tərəfində, Avropanı islamçı işğalçılardan təmizləməyə çalışan xristian avropalıları qətliam etdiyi vəziyyyət bir daha yaranmasın”.

Manifestdə özünü “28 yaşlı adi Ağ adam”, habelə “şotland, irland və ingilis soyköklü avstraliyalı” adlandıran Tarrant bu hücumu “antimühacirət, antietnik dəyişmə və antimədəniyyət dəyişməsi” əleyhinə həmlə kimi xarakterizə edir.

Tarrantın Kraystçerç məhkəməsinin qarşısına martın 16-da çıxarılacağı gözlənilir.

The New Zealand Herald qəzeti məscid hücumlarının 1943-cü ildən bəri ölkənin ən böyük kütləvi qətliamı olduğunu yazır.

XS
SM
MD
LG