Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

ATƏT gənclərin məhkəməsinin qapalı keçirməsindən narahatdır


ATƏT bayraqları
ATƏT bayraqları
Ruslan Bəşirli və onun müavinləri vəkillərindən imtina edib
Dövlət çevrilişinə cəhddə ittiham olunan «Yeni Fikir» Gənclər Birliyinin sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin aprelin 5-də keçirilən məhkəmə iclasında vəkillər prosesin qapalı aparılmasına etiraz ediblər. Məhkəmə etirazı qəbul etməyib. Ruslan Bəşirlinin vəkili Osman Kazımovun verdiyi məlumata görə, bundan sonra təqsirləndirilən şəxslər vəkillərdən imtina ediblər.

Osman Kazımov: «Bizdən imtina etdilər və elə əsaslandırdılar ki, müdafiə tərəfinin verdiyi vəsatətlər təmin olunmur, ittiham tərəfinin vəsatətlərini isə məhkəmə təmin edir. Müdafiə üçün bərabər imkan yaratmır. Belə şəraitdə müdafiəçilərin məhkəmədə qalmasına zərurət yoxdur».


Məhkəmə müdafiədən imtinanı qəbul edəndən sonra vəkillər iclası tərk edib. Proses qapalı keçirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən «Azadlıq» radiosuna verilən məlumata görə, qapalı keçən iclasda təqsirləndirilənlər dövlət ittihamçısı və hakimin suallarına cavab verməkdən imtina ediblər. Sonra məhkəmədə şahidlər dindirilib.
Aprelin 5-də ATƏT-in Bakı Ofisi də bu məhkəmə prosesinin qapalı keçirilməsindən narahatlığını bildirib.


Ofisin rəhbəri Maurisio Pavesi bildirib ki, prosesin qapalı keçirilməsi barədə məhkəmənin qərarı bütövlükdə bu məhkəmənin özünü sanki dövlət sirrinə çevirir və bu da təəssüf doğurur.


ATƏT-in Bakı Ofisinin sözçüsü Ülvi Axundu deyir ki, məhkəmənin qapalı keçirilməsi qərarı onun beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməyə imkan vermir: «Qapalı olan təqdirdə ATƏT-in müşahidəçiləri də monitorinq aparıb məhkəmənin standartlara cavab verib-verməməsini təyin edə bilməyəcəklər. Eyni zamanda, bu qərar ofisimizin təəccübünə də səbəb olub. Çünki işdə sübut saylan video-kaset dəfələrlə televiziyalarda nümayiş olunub. Ancaq ümid edirik ki, bu, son qərar deyil».


Təqsirləndirilənlərin vəkilləri də bildiriblər ki, prosesin qapalı keçirilməsi barədə qərar ləğv olunsa, onlar müdafiədə iştirak edəcəklər. Növbəti məhkəmə prosesi isə aprelin 6-a təyin olunub.


Ötən il keçirilən parlament seçkisində «Yeni Fikir» Gənclər Birliyi müxalifətin aksiyalarında aktiv iştirak edib.


XS
SM
MD
LG