Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:41

Yeniyetmənin sarkazmı intellekt göstəricisidir


Uşağın inkişaf etməkdə olan beyninin sarkazmı tam qavrayıb mənimsəməsinə illər lazımdır.
Uşağın inkişaf etməkdə olan beyninin sarkazmı tam qavrayıb mənimsəməsinə illər lazımdır.

Oskar Uayld deyib ki, "sarkazm hazırcavablığın ən aşağı, zəkanınsa ən yüksək formasıdır". Ancaq yeniyetmələrin valideynləri və müəllimləri, böyük ehtimalla, sarkazmın çevik və ixtiraçı düşüncə əlaməti olduğuna inanmazlar.

Yetkinlik əlaməti

Psixoloq və nevroloqlar bu mövzunu çox araşdırıblar. Onlar müəyyən ediblər ki, sarkazm beynin birdən-birə çox sayda mərhələni aşaraq düzgün interpretasiyaya yetişməsini tələb edir. Bunun üçünsə birbaşa ifadələrdən daha çox beyin gücünə ehtiyac var. BBC yazır ki, sarkazm daha çox yeniyetmələrə xas bir şey kimi görülsə də, əslində o, yetkinliyin əlamətidir. Çünki uşağın inkişaf etməkdə olan beyninin onu tam qavrayıb mənimsəməsinə illər lazımdır.

Bu qədər beyin enerjisi xərcləmək müqabilində sarkazm insanlar arasındakı münasibətlərə maraqlı nüanslar qatır, başqa vaxt təhqir kimi qəbul ediləcək replikaları isə yumşaldır. Bəzilərinə görə, sarkazm insanları daha yaradıcı olmağa məcbur edir. Bu isə onlara qanları qara olanda mənfi emosiyalardan qurtulmağa kömək edir.

Təlim proqramları hazırlayır

Kalqari Universitetinin psixolinqvistika professoru Penni Peksman sarkazmın əhəmiyyətinə o qədər inanır ki, sarkastik istehza qabiliyyəti inkişafdan qalanlar üçün təlim proqramları hazırlamağa başlayıb.

Peksman deyir ki, sarkazmın bu qədər mürəkkəb fenomen olması qismən onun uşaqlıq boyu davam edən uzun inkişaf trayektoriyasından qaynaqlanır.

Ümumən yaşı 5-dən aşağı olan uşaqlar sadəcə sarkazmı təyin etməyə qadir deyillər. Buna görə də onlar ifadələri həqiqi mənada anlayırlar. Hətta onlar sözlərin arxasında gizli mənaların olduğunu anlamağa başlayanda belə nüansları anlamağa çətinlik çəkirlər. Məsələn, onlar elə başa düşə bilərlər ki, kimsə onları aldatmağa çalışır. Sarkazmın yumorun bir hissəsi olduğunu anlamaqsa ən sonda gəlir. "Bu, çox gec inkişaf edir – orta hesabla təqribən 9-10 yaşlarında", – Peksman deyir.

Düşüncə nəzəriyyəsi

Bu inkişaf trayektoriyası uşağın "düşüncə nəzəriyyəsi"nin yaranması ilə üst-üstə düşmüş kimi görünür. "Düşüncə nəzəriyyəsi" uşağın başqalarının niyyətlərini anlama qabiliyyətidir. Yaş keçdikcə bu qabiliyyət get-gedə daha mürəkkəb hal alır.

Söz ehtiyatı və qrammatika da bu məsələdə rol oynayan amillər arasındadır. Sarkazmın gözlənildiyi, yaxud gözlənilmədiyi konteksti anlamaq da vacib amillərdən biridir. Bu isə yalnız sosial vəziyyətlərlə bağlı geniş təcrübə ilə qazanıla bilər. "Uşaq bütün bu hissələri özü üçün birləşdirməlidir. Ancaq sarkazmı anlamaq üçün onlardan heç biri təklikdə kifayət deyil", – Peksman deyir.

Peksmanın ən son araşdırması göstərib ki, uşağın böyüdüyü evdəki mühit onun sarkazmı anlaması və ondan istifadə etməsinə çox ciddi təsir göstərə bilər. Əgər valideynlər sarkazmdan istifadə edirlərsə, bu qabiliyyətin uşaqlarda da inkişaf etməsi gözlənilir.

10 yaşından sonra...

Peksman deyir ki, 4 yaşına doğru uşaqlarda başqa bir şəxsin düşüncəsinin onlarınkından fərqli olduğunu anlamaq qabiliyyəti formalaşır. Sarkazm həm də ona görə mürəkkəbdir ki, uşaq həm danışan adamın düşüncə tərzini, həm də sözlərinin başqaları tərəfindən necə təfsir olunmasını istədiyini anlamalıdır. Bu isə ikimərhələli mürəkkəb bir prosesdir. Mütəxəssislər ümumən 7 yaşdan kiçik uşaqların beyinlərində bir-birinə zidd iki fikri tutmaqda çətinlik çəkdiyini deyirlər.

Ancaq əksər uşaqlar yaşları 10-u keçəndən sonra bu çətin bacarığı mənimsəmiş olurlar. Bu yaşdan sonra onların bu bacarıqdan yararlanıb onunla eksperiment aparmaq, onun təsirlərini başqalarının üzərində sınamaq istəyi başa düşüləndir.

Fransanın Fontenblo şəhərində yerləşən "Insead" biznes məktəbindən Li Huan isə Harvard və Kolumbiya universitetlərində çalışan həmkarları ilə birlikdə sarkastik şərhlər ifadə etmək, eşitmək və xatırlamağın kreativ düşüncə üçün katalizator rolu oynadığını müəyyən edib.

XS
SM
MD
LG