Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Paşinyanın bəyanatı Yerevanda etiraz doğurub


Sentyabrın 14-də Milli Məclisin qarşısına etirazçılar toplaşıb
Sentyabrın 14-də Milli Məclisin qarşısına etirazçılar toplaşıb

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Azərbaycanla imzalanacaq hansısa sənədin olmasına dair məlumatları təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Nikol Paşinyanın sentyabrın 14-də verdiyi bəyanatların ardınca Milli Məclisin qarşısına toplaşanlar onun istefasını tələb ediblər.

Parlamentdə keçirilən “hökumət saatında” Paşinyan demişdi:

“Mən öz üzərimə sülh naminə çətin qərarlar qəbul etmək məsuliyyətini götürmüşəm, amma çətin qərar Ermənistanın dövlət maraqlarına qarşı qərar demək deyil. Biz elə bir sənəd imzalamaq istəyirik ki, onun imzalanması nəticəsində, bizi bəlkə də tənqid edəcək, lənətləyəcək, satqın adlandıracaqlar. Xalq hətta bizi hakimiyyətdən kənarlaşdırmaq qərarı da qəbul edə bilər. Amma biz bütün hallarda minnətdar olacağıq ki, bunun nəticəsində Ermənistan Respublikası özünün 29.8 min kvadrat kilomerlik ərazisində möhkəm sülh əldə edəcək”.

Azatutyunun yazdığına görə, baş nazir daha sonra Facebook səhifəsində və eləcə də canlı efirdə əmin edib ki, belə bir sənəd yoxdur:

“Heç bir sənəd imzalanmayıb və imzalanmaq üçün hazırlanmır. Bu, dost olmayan xarici qüvvələr tərəfindən ölkənin müqavimətini qırmaq məqsədli informasiya təxribatıdır”.

Simonyan da 29.8 min kvadrat kilometr məsələsini vurğulayıb

Daha sonra Paşinyanın çıxışını parlamentin spikeri Alen Simonyan izah etməyə çalışıb:

“Baş nazirin çıxışı o barədə idi ki, heç kim, heç nə vermir. 29.8 min kvadrat kilometr Ermənistanın bütün ərazisidir. Heç kim nəyinsə təhvil verilməsindən danışmayıb. Söhbət nə Artsaxdan (Qarabağ-red), nə də Ermənistan Respublikasından getmirdi. Ermənistanın ərazisi bizim üçün qırmızı xətdir. Biz bu ərazi uğrunda mübarizə aparmalıyıq. Biz dəhliz barədə söhbətlərdə iştirak etmirik. Dəhliz deyilən bir anlayış yoxdur”.

Simonyan xatırladıb ki, üçtərəfli bəyanatda söhbət yalnız Laçın dəhlizindən gedir:

“Başqa bir sənəd yoxdur. Biz çox istərdik ki, Ermənistan Respublikasının 29.8 min kvadrat kilometrlik ərazisində təhlükəsizliyimizi möhkəmləndirəcək bir sənəd olsun”.

Azərbaycan MN: "Qarşı tərəfə canlı qüvvə və texnika baxımından ciddi ziyan dəyib"
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalayıb. İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG