Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:20

Artırılan cərimələrdən toplanan vəsait hara xərclənəcək?


Sürücü - yol polisi: Əlbəyaxa davaların səbəbləri
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Sürücü - yol polisi: Əlbəyaxa davaların səbəbləri

Dəyişən maddələr

Son vaxtlar Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artması gözə çarpır. Prezident İlham Əliyev iyulun 17-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Orda da bir çox cərimələrin artırılması diqqət çəkir. Dəyişikliyədək 60 manat ödənən cərimə məbləği artıq 80 manata çatdırılıb. Söhbət bu pozuntulardan gedir:

- İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi;

- "Giriş qadağandır" yol nişanının tələblərinin pozulması;

- Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməyə, yolayrıcını keçmə qaydalarının pozulması;

- Üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq sola və ya geriyə dönmək, yaxud maneəni kənardan keçmək.

Sərxoşluq durumunun müəyyənləşdirilməsi üçün tibbi müayinədən imtina edənlərin pul cəzasının aşağı həddi də 400 manatdan 500 manata yüksəldilib. Sürücülük hüququ məhdudlaşdırılmış şəxsin avtomobil sürməsinə görə də cərimələr də artırılaraq 200 manatdan 300 manata çatdırılıb. Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin cəriməsi də 100 manatdan 150 manata yüksəldilib.

Yolda sürət həddini aşmağa görə cərimələr də artırılıb. Müəyyənləşdirilən sürəti 41-60 km/saat həddində aşanlar 200 manat miqdarında cərimələnəcək. Əvvəllər bu hala cərimə 150 manat cərimə ödənilirdi. Müəyyənləşdirilən hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimənin məbləği də 250 manatdan 300 manata çatdırılıb.

Məcəlləyə yeni cərimə növləri də əlavə edilib. Məsələn, narkotik təsiri altında maşın sürənlər 600 manat cərimə ödəyəcək və ya 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum ediləcək.

Sürücülər hər il nə qədər cərimə ödəyir?

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, son illər ölkədə sürücülərin ödədiyi cərimələrin həcmi ardıcıl şəkildə artır. Ötən il bu rəqəm maksimuma çataraq 136.5 milyon manat olub.

Cədvəl: 2017-2022-ci illərdə yol hərəkət qaydalarının pozulması ilə bağlı təyin olunmuş cərimələrin məbləği

İl

Cərimələrin məbləği (manat)

2022

136 milyon 522 min

2021

128 milyon 904 min

2020

118 milyon 223 min

2019

119 milyon 44 min

2018

85 milyon 634 min

2017

73 milyon 731 min

Cədvəldən göründüyü kimi, 2017-ci illə müqayisədə ötən il Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilən cərimələrin məbləği iki dəfəyə yaxın artıb.

Cərimələr necə xərclənir?

Toplanan cərimələrin necə xərclənməsi "Yol hərəkəti haqqında" Qanunla tənzimlənir. Həmin qanundan bilinir ki, toplanan cərimələrin cəmi 7 faizi dövlət büdcəsinə köçürülür. Vəsaitin yerdə qalan 93 faizi Daxili İşlər Nazirliyinə, Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı Nəqliyyat Agentliyinə və Şuşa Şəhəri Dövlət Qoruğuna verilir. Şuşa Şəhəri Dövlət Qoruğu bu siyahıya prezidentin bu il martın 30-da imzaladığı fərmanla əlavə edilib.

Toplanan cərimə məbləğinin istifadəsinə dair Nazirlər Kabinetinin də qaydaları var. Həmin qaydalarda yol hərəkəti qaydalarının pozulmasına görə toplanan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti aparan və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə edilməsi nəzərdə tutulub. Bu baxımdan, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin artırılması adıçəkilən dövlət qurumları ilə yanaşı, dolayısıyla yol polislərinin gəlirlərinin artmasına da yol açacaq.

XS
SM
MD
LG