Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 01:33

YouTube mühafizəkar Rusiya kanalını və Duginin hesabını bağlayıb


Aleksandr Dugin
Aleksandr Dugin

YouTube rusdilli Tsargrad TV kanalını, habelə onun keçmiş baş redaktoru, kremlyönlü politoloq Aleksandr Duginin hesabını bağlayıb.

YouTube platformasının sahibi olan Google şirkətinin nümayəndələri iyulun 28-də deyiblər ki, bu hesablar sanksiyalar barədə qanunların və ticarət qaydalarının pozulmasına görə bağlanıb.

Google bunu da bildirib ki, özünü mühafizəkar pravoslav xristianların təmsilçisi kimi təqdim edən və bir milyondan çox izləyicisi olan telekanal bir daha bərpa olunmamaq qərarı ilə ləğv edilib.

Tsargrad kanalının təsisçisi və sahibi Konstantin Malofeyev Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqında iştiuraka görə 6 ilə yaxındır ki, ABŞ-ın sanksiya siyahısındadır.

O habelə Ukraynanın şərqində moskvayönlü separatçılara dəstək verməkdə günahlandırılır.

Telekanalın redaktoru Daria Tokareva deyib ki, YouTube onların kanalını xəbərdarlıqsız bağlayıb və şirkət hesabının məhkəmə qaydasında bərpası uğrunda mübarizə aparacaq.

May ayında Facebook Çeçenistan lideri Ramzan Kadyrov-un, çeçen əsilli Rusiya millət vəkili Adam Delimkhanov-un, Çeçenistan parlamentinin spikeri Magomed Daudovun və Çeçenistan baş naziri Abuzaid Vismuradovun Instagram hesablarını bağlayarkən də məhz ABŞ sanksiyalarından çıxış etmişdi.

Dugin və keçmiş sovet respublikaları

Azərbaycanda yaxşı tanınan Aleksandr Dugin Bakı və Yerevanın qarşıdurmasında özünü Bakının dəstəkçisi kimi təqdim edir.

Lakin o bu mövqeyinin səbəbini açıq bildirir və bunu rəsmi Bakının Rusiya hökumətinə “loyallığı” ilə əsaslandırır.

Dugin bir vaxtlar BMT səsverməsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bakının bu hərəkətini “dost olmayan” addım adlandırmış və əlavə etmişdi ki, “Rusiyaya düşmən Azərbaycanın varlığına dərhal son qoyula bilər”.

The Interpreter jurnalı Krımın ilhaqından az sonra yazırdı ki, bir çox Qərb ekspertləri özünü Avrasiya Hərəkatının lideri kimi təqdim edən Dugini ekstremist kimi tanıyırlar.

O demişdi ki, Moskva Krım məsələsində kimin onu dəstəklədiyinə və kimin dəstəkləmədiyinə diqqətlə göz qoyur:

“Beləliklə, biz kimin dost, kimin düşmən olduğunu biləcəyik”.

O habelə bəyan etmişdi ki, Rusiyaya Vladimir Putin rəhbərlik etdikcə, heç bir keçmiş sovet respublikası özünü təhlükəsizlikdə hiss etməməlidir:

“Keçmiş sovet respublikalarının ərazi bütövlüyünün qarantı Rusiya özüdür. Əgər Rusiya onlardan hansınınsa ərazi bütövlüyünün qarantı olmaq istəməsə, həmin ölkənin ərazi bütövlüyü pozulacaq…Moskva ilə qarşıdurmada olan heç bir keçmiş sovet respublikası özünün indiki sərhədlərində mövcud olmayacaq”.

Dugin 2016-cı ildə demişdi ki, Azərbaycan da Ermənistan kimi Avrasiya İqtisadi İttifaqına daxil olsa, Moskva Qarabağ problemini həll edər.

O bildirmişdi ki, Moskva hələki Azərbaycanın Qarabağ məsələsindəki hüququnu dəstəkləyir, amma əgər Bakı Moskvanın əleyhinə getsə, bu mövqe dəyişə bilər.

XS
SM
MD
LG