Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Miqrasiya və az maaş arasında qalan yoxsul özbəkistanlılar


Nurobod vilayəti
Nurobod vilayəti

47-yaşlı Rüstəm illərlə Rusiyada tikinti və digər işlərdə çalışıb. Bir gün Özbəkistanın Səmərqənd şəhərinin yaxınlığında kiçik biznes qurmaq qərarına gəlib.

Di gəl, yol kənarındakı mağazasını hazırlayıb, soyuducuları alandan sonra, onun içini doldurmağa pulu qalmayıb. “Hər şey fikirləşdiyimdən də baha başa gəldi. İndi məhsulları almağa pulum yoxdur”, – kimliyinin bilinməsini istəməyən və təxəllüsdən istifadə edən Rüstəm AzadlıqRadiosuna deyib.

Rüstəmin gözləməkdə olan mağazası Özbəkistanın iqtisadiyyatını təmsil edir. Son illərdə Özbəkistanda ticarət üçün daha çox imkanlar olmasına baxmayaraq, ölkənin 35 milyonluq əhalisinin əksəriyyətinin maddi vəziyyəti ürəkaçan deyil.

Rüstəm Rusiyanın Soçi şəhərində yaşayıb işləyərkən yaşlı atasına ayda 100-400 dollar arası pul göndərirmiş. O, miqrasiya pozuntusuna görə 2019-cu ildə Rusiyadan deportasiya olunub və 2024-cü ilin sonuna qədər geri qayıda bilməyəcək. Rüstəm bu pozuntunun ədalətsiz olduğunu iddia edir.

Günə 15-20 dollar

O deyir, yaşadığı kəndə yaxın Nurobod şəhərində evlərdə təmir və yenidənqurma işləri apararaq gündə cəmi 15 dollar qazana bilər.

Səmərqənddə bu rəqəm gündə təxminən 25 dollara qədər yüksəlir. Hazırda avtomobili olmadığı üçün orada iş tapsa da, pulun təxminən dörddə biri nəqliyyat xərclərinə gedəcək.

Son vaxtlarda o və həyat yoldaşı, İsrailə getməyi götür-qoy edirlər. Bu arada yaşlı insanlara baxmaq üçün Səmərqənddən İsrailə gedənlərin sayı artıb.

Orada beş illik yaşama icazəsi ilə ayda 2 min dollar qazana biləcəyini deyən Rüstəm, Səmərqənddəki yerli agentliklərin bu işin alınması üçün 15 min dollardan çox pul istəməsindən şikayətlənir.

Rüstəm 1999-cu ildə evləndiyini, amma həyat yoldaşı ilə cəmi 4 il birlikdə yaşadığını, sonra işləmək üçün Rusiyaya getdiyini danışır. Bu il isə ilk dəfə oğlu da Rusiyaya işləməyə gedib.

“Bugünkü Özbəkistan dünənki Özbəkistan deyil”

Ötən həftə Səmərqənddə 2003-cü ildən bəri ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı keçirilib. Prezident Şavkat Mirziyoyev tədbirdə çıxış edib. “Böyük İpək Yolunun kəsişməsində yerləşən bugünkü Özbəkistan dünənki Özbəkistan deyil. Avropa, Asiya və Afrika qitələri arasında ticarət, iqtisadi, mədəni, elmi və texnoloji mübadilə mərkəzi olan Özbəkistan, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirir”, – o deyib.

Bu gün Özbəkistanın daha dinamik iqtisadiyyata malik olduğu şübhəsizdir.

2016-cı ildə keçmiş prezident İslam Kərimovun vəfatından sonra onun yerinə keçmiş baş nazir Mirziyoyev gəldi. Onun gəlişindən sonra Özbəkistan Vaşinqtonda yerləşən “Heritage Foundation” analitik mərkəzinin İqtisadi Azadlıq İndeksində 178 ölkə arasında 166-cı yeri tutmuşdu.

Özbəkistan bu il eyni indeksdə 176 ölkə arasında 109-cu yerdə qərarlaşıb ki, bu da hökumətin özəlləşdirmə, xarici investisiyaların cəlbi və çətin tənzimləmə sistemini düzəltmək səylərini əks etdirir.

Lakin bütün bunlara baxmayaraq, turizm mərkəzi Səmərqəndin yerləşdiyi vilayət kasıb olaraq qalır, Nurobod isə su qıtlığından əziyyət çəkir.

İş yerləri, azalan maaş

Səmərqənddən 80 kilometr məsafədə yerləşən, 10 mindən az əhalisi olan bölgənin inzibati mərkəzi bir vaxtlar Sovetobod adlanırdı. Bölgə Sovet İttifaqında uran istehsal edən şəhərlərin Moskvanın yönləndirdiyi iqtisadi faydalarından yararlanırdı. Amma indi ordakı əhalinin əksəriyyəti üçün orta maaş, Özbəkistanın Dövlət Statistika Komitəsinin ölkə üzrə ayda təxminən 300 dollar olduğunu iddia etdiyi orta əməkhaqqından xeyli aşağıdır.

AYİB-nin Orta Asiya üzrə baş iqtisadçısı Erik Livni (Eric Livny) Səmərqənddən kənarda, lüks kurortda keçirilən üç günlük beynəlxalq konfransda AzadlıqRadiosuna müsahibə verib. O, aşağı maaşların struktur problemi olduğunu etiraf etməklə yanaşı, Özbəkistan iqtisadiyyatı sarıdan “son dərəcədə optimist” olduğunu deyib. “Sizin böyüməkdə olan gənc nəsliniz var, amma adekvat iş yerləri yoxdur. Bu o deməkdir ki, maaşları aşağı yönəldən təzyiq mövcuddur. Əlbəttə, ixtisassız işlər baxımından bu, bir alıcı bazarıdır və təbii ki, bu istehlak və tələbata məhdudiyyətlər qoyur. Ancaq bu, bir anlıq görüntüdür. Əgər buna hərəkətli bir şəkil kimi baxsanız, işlər yaxşılaşır”, – Livni əlavə edib.

“Məsələn, [Özbəkistanda] yayda hava çox isti olur və bir çox evdə kondisioner yoxdur. Amma mənə dedilər ki, burada ən sürətlə artan istehlak mallarından biri kondisionerdir. Ona görə də bu [həyat keyfiyyəti baxımından] göstərici ola bilər. Elektron avadanlığın pərakəndə satışı da sürətlə inkişaf edir”, – iqtisadçı vurğulayıb.

Mirziyoyevin islahatları

Özbəkistanı müşahidə edənlər üçün əsas sual ondan ibarətdir ki, proqnozlaşdırılmayan xarici mühit və hələ də rəqabətsiz siyasi sistem nəzərə alınmaqla, Mirziyoev və onun hökuməti həyat səviyyəsinin yaxşılaşmasına yetərincə sürətlə nəzarət edə biləcəkmi?

Hakimiyyətinin ilk illərində o, vacib islahatlarla böyük coşğu yaratdı, pambıqçılıqda sistematik məcburi əməyə son verdi, milli valyuta olan somu tam konvertasiya olunan hala gətirdi, turizm sənayesinin inkişafından ötrü bir çox ölkələrə səyahət məhdudiyyətlərini aradan qaldırdı.

Amma 65-yaşlı lider yeddi illik yeni müddət üçün iyulun 9-da növbədənkənar, rəqabətsiz seçkilərə getdiyi bir dönəmdə ölkənin çətinlikləri üst-üstə yığılmaqdadır.

Pul köçürmələri

Beynəlxalq Valyuta Fondu (BVF) noyabrda 2022-ci il üçün 6 faizlik proqnozlaşdırdığı iqtisadi artımı yüksək qiymətləndirib. Bununla belə, BVF hazırda 12 faiz olan inflyasiya ilə bağlı qarşıdakı “qeyri-müəyyənlik”lə bağlı xəbərdarlıq edib.

Keçən il pul köçürmələrinin iki dəfə artması istehlaka təkan verən amildir. Pul köçürmələrindən asılı digər ölkələr, o cümlədən kiçik qonşuları Qırğızıstan və Tacikistanla müqayisədə, daha çox özbəkistanlı işləməyə Rusiyaya gedir.

Bu artımın səbəblərindən biri 2022-ci ilin fevralında Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonrakı sanksiyaların iflasa səbəb olacağı gözləntilərinə rəğmən Rusiya rublunun möhkəmlənməsi idi.

Rusiyaya getməkmi, getməməkmi...

Əvvəllər Moskvada, indi isə Səmərqənddə işləyən bir çox taksi sürücüsü AzadlıqRadiosuna deyib ki, rublla bağlı qeyri-müəyyənlik oraya qayıtmalarına mane olur.

25-yaşlı Daler Rusiyada heç vaxt işləməyib. O, Səmərqənd qatar stansiyasından gələnləri şəhərin mərkəzindəki otellərə aparır. Altı nəfərdən ibarət ailənin ən kiçik oğlu olduğundan Özbəkistanda qalıb, ailəsinə baxır.

Daler deyir ki, Peterburqda avtobus sürücüsü işləyən bir neçə dostu var. Onlar sentyabrda Rusiya prezidenti Vladimir Putin səfərbərlik elan edəndə evlərinə qayıdıblar. Daler iddia edir ki, onların və bəzi əsgərlik yaşında olan rusiyalıların Özbəkistana gəlməsi, iki otaqlı mənzillərin kirayə qiymətini qısa müddət ərzində 200 dollardan 700 dollara qaldırıb. Amma səfərbərlik bitəndə dostları Rusiyaya qayıdıblar. Çünki Səmərqənddə avtobus sürücüsü kimi günə ancaq 17-22 dollar arası pul qazanmaq mümkündür.

*AzadlıqRadiosunun sorğusuna cavab olaraq, İsrailin Özbəkistandakı səfiri Zehavit Ben Hillel bildirib ki, səfirlik işədüzəltmə proqramı ilə bağlı “yüksək araçı məbləğlərindən” xəbərdardır. Onun sözlərinə görə, iki ölkə 2022-ci ildə proqram üçün işçi qəbulunun “özəl təşkilatlar deyil, hökumətlər tərəfindən” gerçəkləşdirilməsi üzrə müqavilə bağlayıblar. “Sazişin icrası ilə bağlı bürokratik prosedurların tezliklə başa çatacağına ümid edirik. Beləliklə də, işləmək istəyənlər İsrail işəgötürənləri və Özbəkistan işçilərinin xeyrinə hər iki hökumətin qaydalarına əsasən İsrailə gələ biləcəklər”, – Hillel əlavə edib.

XS
SM
MD
LG