►Prezident son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizə endiyini deyir
“Bütün günü işə, işdən də evə. Nə kinoya gedirik, nə gəzməyə. Yoxsulluğun buynuzu olur?!”. Maddi çətinliklərə görə, Tovuz rayonundan paytaxta köçən Aydın Məmmədov belə deyir. O, rayondakına nisbətən vəziyyətinin düzəldiyini, amma özünü yenə yoxsul saydığını bildirir.
A. Məmmədovun sözlərinə görə, çevrəsindəki insanların da çoxu eyni durumdadır. Rəsmi statistika və hökumətlə Aydının sözləri üst-üstə düşmür, çünki ölkədə Aydın kimi kasıbların 5 fazi olduğu deyilir.
Prezident İlham Əliyev İstanbulda - Dünya Humanitar Sammitindəki çıxışında Azərbaycanda yoxsulluğun səviyyəsinə də toxunub və deyib ki, son 12 ildə ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, ötən il yoxsulluq səviyyəsi 4.9 faiz, 2013-cü ildə 5.3 faiz, daha bir il öncə isə 6 faiz olub.
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul “Azərbaycanda yoxsuluq meyarı nədir” sualını belə cavablayır:
“Dövlət Statistika Komitəsinin (DSK-nın) yararlandığı metodologiyaya görə, ölkə üzrə yaşayış minimumu yoxsulluq həddi sayılır. Sadə şəkildə desək, ölkədə neçə adamın (faiz ifadəsində) həmin həddən aşağı gəlirlərinin olması DSK-nın ev təsərrüfatlarının gəlirləri ilə bağlı sorğusu əsasında müəyyənləşdirilir. Adambaşına gəliri yaşayış minimumu səviyyəsindən az olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisi kimi qəbul edilir və bu əhali yoxsul sayılır”.
“Yoxsulluq göstəricisi reallıqdan uzaqdır”
Ekspert belə sorğuların bütün iqtisadi rayonları əhatə etdiyini və ev təsərrüfatlarının təsadüfi seçimlə müəyyənləşdirildiyini də sözlərinə əlavə edir:
“Hər rüb 4 min 250 ev təsərrüfatında, orta hesabla, 17 min şəxs sorğuya cəlb olunur. Sorğunun necə keçirilməsi, ümumiyyətlə, keçirilib-keçirilməməsi barədə heç bir fikrim yoxdur. Ancaq rəsmi açıqlanan gəlir və xərclər, o cümlədən yoxsulluq göstəricisi reallıqdan uzaqdır”.
Yaşayış minimumuna gəlincə, İTM rəhbəri bildirir ki, o da real deyil, yəni hesablanmır:
“Ancaq qanunvericiliyin tələbinə görə, Minimum İstehlak Səbəti əsasında hesablanmalıdır. Üstəlik, bu rəqəmin üzərinə məcburi ödəmələr də (əməkhaqqından büdcəyə, sosial fonda və s.-ə) də artırılmalıdır. Bizdə isə bu göstərici hesblanmır və ilin sonunda Milli Məclis yaşayış minimumu barədə qərar verir, sonra da bu qərarı prezident imzalayır”.
“Aylıq gəliri 136 manatdan az olan hər kəs yoxsul sayılır”
Bu ilin yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhaliyə 146 manat, pensiyaçılara 115 manat, uşaqlara 117 manat müəyyənləşdirilib. Orta hesabla, ölkədə aylıq gəliri 136 manatdan az olan hər kəs yoxsul sayılır.
“Ailənizdə yuxarıda adıçəkilən sosial qruplardan (əmək qabiliyyətli, pensiyaçı, uşaq) varsa, hər birinə müəyyənləşdirilən minimum həddi toplayaraq, orta rəqəmi çıxara bilərsiniz. Bu rəqəmi tərəzinin xərc gözünə, bütün ailə gəlirlərinizi də gəlirlər gözünə qoyub, hansı xərcin ağır gəldiyini öyrənmək olar”.
“Belə məlumatlar ciddi sayılmır”
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, son illər iqtisadi problemlər çoxaldığından, açıqlanan statistika reallığı əks etdirmir:
“Yoxsulluğun artdığı bir ölkədə bunun əksini söyləmək doğru deyil. Belə məlumatlar ciddi sayılmır”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda yoxsulluq həddi beynəlxalq göstəricilərə uyğun müəyyənləşdirilmir:
“Sovet dövrü üsullarıyla hesablayırlar. Yoxsulluq həddi, əsasən, minimum yaşayış səviyyəsinə görə müəyyənləşir. Azərbaycanda bu səbətə qida məhsulları və geyim daxildir. Ancaq istirahət, təhsil, nəqliyyat və s. vacib məsələlər diqqətdənkənar qalır. Sözügedən göstəricilər beynəlxaq standartlarda var”.