Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

'Bizə terror ittihamı verilir, dünyaya isə ölkədə terror olmadığı deyilir'


Gəncə işi
Gəncə işi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərə yaxın vaxtlarda hökm oxunacaq. Onların işi üzrə il yarıma yaxındır davam edən məhkəmə prosesində artıq axırıncı mərhələdir – təqsirləndirilənlər son sözlərini deyirlər.

Təqsirləndirilən şəxslərdən keçmiş polis əməkdaşı Vüqar Məmmədov son sözündə bildirib ki, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara rəsmi hesabatları var. Orada göstərir ki, 2018-2019-cu illərdə ölkə ərazisində terror aktları qeydə alınmayıb. Digər tərəfdən də, icra başçısına qarşı sui-qəsd olayı terror aktı kimi qiymətləndirilib, onlara terrorçuluq ittihamı verilib: "Bu ziddiyyətdir axı, bir tərəfdən, dünyaya hesabat verilir ki, terror aktı olmayıb. Digər tərəfdən də, bizə ittiham verilir ki, siz terror aktı törətmisiniz...".

Polis ailəsində yetişdiyini, heç bir cinayət törətmədiyi halda, 3 ildən çoxdur həbsdə saxlandığını vurğulayan Məmmədov buna görə kompensasiya ala bilərsə, Qarabağda həlak olanların ailələrinə və yaralananlara dəstək məqsədilə "Yaşat" Fonduna köçürəcəyini vəd edib.

"Cibimə gözüm baxa-baxa narkotik qoydular"

Ceyhun Salahov deyir ki, onları "mütəşəkkil dəstə" adlandırırlar, amma o, təqsirləndirilən şəxslərdən cəmi üçünü tanıyır. Digərləri ilə məhkəmə zalında, istintaq təcridxanalarındakı kameralarda tanış olub: "Mənim Yunislə əlaqəmə dair heç bir sübut olmadığı halda, əllərim qandallı vəziyyətdə cibimə gözüm baxa-baxa narkotik qoydular, məni şərlədilər. Sonra başqa ittihamlar da verdilər. Guya mən Gəncədə Yunis üçün ev kirayələmişəm. Yalandır. Gəncədə mənzil kirayələmək nə çətin işdir ki? Dindirilən polislərin, hal şahidlərinin heç biri məni tanımadı. Bu da onların yalan danışdığını sübut edir".

Salahov çıxışının sonunda vurğulayıb ki, bu hadisənin terror kimi təqdim olunub, onlarla günahsız insanın həbsinə, ölümünə sifariş verənlər mütləq günün birində məsuliyyətə cəlb olunacaqlar. Ancaq o vaxta qədər günahsız adamların özləri ilə yanaşı, onların ailə üzvləri, azyaşlı uşaqları da əziyyət çəkir.

Digər təqsirləndirilən şəxslər, o cümlədən sabiq icra başçısı Vəliyevi odlu silahla vurmaqla suçlanan Səfərov da son sözə hazırlaşmaqdan ötrü vaxt istəyib. Onlara avqustun 12-nə qədər vaxt verilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

XS
SM
MD
LG