Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Yunis Səfərovun işi Gəncə məhkəməsindən alındı: qudalığa görə


Y.Səfərov məhkəmədə
Y.Səfərov məhkəmədə

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisi güllələməkdə suçlanan Yunis Səfərovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınıb. Səbəb adıçəkilən məhkəmədə Y.Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə baxan hakim Natiq Əliyevin zərərçəkmiş E.Vəliyevlə qohumluğudur.

Cinayət işində başqa ittiham epizodları da var

N.Əliyev həm də Gəncə Ağır Cinayətlər Məhkəməsinin rəhbəridir. Onun sədrliyi ilə Y.Səfərov və digərlərinin işi üzrə 3 məhkəmə iclası keçirilmişdi. İlk iclasda vəkillərdən Cavad Cavadov işin Gəncədən alınıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi haqda vəsatət qaldırmışdı. Vəkil onu əsas gətirmişdi ki, bu cinayət işində təkcə icra başçısının güllələnməsi deyil, başqa ittiham epizodları da var. Məsələn, təqsirləndirilən şəxslərdən bəziləri tutularkən onların təhlükəsizlik xidməti əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsi haqda ittiham. Bu son hadisələrin isə Bakıda baş verdiyi iddia olunur, ona görə də, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxmalıdır. O zaman vəkilin vəsatəti təmin olunmadı və bu işə N. Əliyevin sədrliyi ilə baxılması davam etdirildi.

Qohumluq

Daha sonra mediada hakim N.Əliyevin bu işdə zərərçəkmiş olan keçmiş icra başçısı ilə qohumluğu haqda məlumat yayıldı. Bildirildi ki, məhkəmə sədri E.Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşıdır. Fevralın 17-də keçirilən məhkəmə iclasında vəkil Nazim Musayev bu əsasla işə nəinki N.Əliyevin, ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin baxılmasına etiraz etdi. Vəkil dedi ki, N.Əliyev məhkəmənin sədridir. Hətta iş ondan alınıb, bu məhkəmənin başqa bir hakiminə verilsə də, yenə baxması düzgün olmayacaq. Çünki o məhkəmənin digər hakimləri də N.Əliyevin sədrliyi altında fəaliyyət göstərir. Vəkil vurğuladı ki, əslində, N.Əliyev özü öncədən qohum olduğuna görə bu işə baxmaqdan imtina etməliydi.

Etiraz təmin olunub

Vəkilin sözügedən etirazı baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdi. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, etiraz təmin olunub.


Y.Səfərov və digərlərinin işi Gəncədən alınaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Burada onların işinə məhkəmənin sədr müavini Əfqan Hacıyev baxacaq.

Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG