Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:35

İndiki uşaqlar daha zəifdir?


"Z nəsli"nin yetkin həyata qədəm qoyması pandemiya, tənhalıq və iqtisadi qeyri-sabitlik dövrünə düşür.
"Z nəsli"nin yetkin həyata qədəm qoyması pandemiya, tənhalıq və iqtisadi qeyri-sabitlik dövrünə düşür.

Qərb dünyasında böyüklər gənc nəsilləri "qar dənəciyi" olmaqdan tutmuş, ev almaq əvəzinə pullarını avokadoya xərcləməyə qədər ən qəribə şeylərdə ittiham ediblər. Ancaq BBC yazır ki, gənc nəsillərin daha zəif, daha tənbəl və dözümsüz olmaqda ittiham edilməsi yeni fenomen deyil.

"İndiki uşaqlar" söhbətinin tarixi çox qədimdir. Bəs görəsən, milleniallarla "Z nəsli"nin əvvəlki nəsillərdən daha zəif olması haqda deyilənlər nə qədər doğrudur?

Norma olmaqdan çıxmış standartlar

Mütəxəssislər deyirlər ki, 1946 – 1964-cü illər arasında doğulan və Qərbdə "Baby boomers" adlandırılan nəsillə 1965 – 1980-ci illər arasında dünyaya gələn "X nəsli" bu yeni iki nəsli çox sərt tənqid edir, onları artıq çoxdan norma olmaqdan çıxmış standartlarla ölçür.

İnsanlar min illərdir ki, gənc nəsillərdən şikayət edir. Avstraliyanın Kvinslend Texnologiya İnstitutundan menecment professoru Piter O'Konnor deyir ki, böyüklərin gənclərin xarakterini tənqid etməsi əsrlərlə mövcud olan bir fenomendir.

İttihamlar

Bu ilin fevralında britaniyalı daşınmaz əmlak eksperti Körsti Ellsopp gəncləri lüks əşyalara və idman zallarına çox pul xərcləməkdə, qənaətcil olmamaqda günahlandırıb. Özü evlərin indikindən qat-qat ucuz olduğu 1990-cı illərdə ilk evini valideynlərinin köməyi ilə alan Ellsoppun sözləri birmənalı qarşılanmayıb.

2017-ci ildə isə avstraliyalı daşınmaz əmlak maqnatı Tim Qurner də oxşar ittihamlar səsləndirmiş, gəncləri ev əvəzinə "avokado tostu" almaqda günahlandırmışdı. Halbuki onun ölkəsində son 10 ildə evlərin qiyməti iki dəfə artıb, maaş artımı isə 30 faizi keçməyib.

2016-cı ildə "Generation Snowflake" (qar dənəciyi nəsli) ifadəsi "Kollinzin ingilis dili lüğəti"nə daxil edilib. Bu ifadə 1980 – 1994-cü illər arasında doğulan insanlara şamil edilir. Onlar əvvəlki nəsillərə nisbətən hər şeydən daha tez inciyən nəsil kimi xarakterizə edilir.

Saat 9-dan 5-dək ofisdə olmaq istəməyən "Z nəsli" də tənqiddən öz nəsibini alır. Ofisdə çox vaxt keçirən daha yaşlı nəsil hələ də onları anlamaqda çətinlik çəkir.

Araşdırmalar

2010-cu ildə aparılan bir araşdırma universiteti 2004 – 2008-ci illər arasında bitirən millenialların, həqiqətən, ali məktəbi 1987-ci ildən öncə bitirənlərə nisbətən daha dözümsüz olduğunu deməyə əsas verən nəticələrə gəlib. Başqa bir araşdırma isə gənc nəsillər arasında nevrotizm və tanınma ehtiyacının artığı qənaətinə gəlib. 2012-ci ildə aparılan daha bir araşdırma isə gənclərin keçmişdəkindən daha çox özlərinə fokuslandığını üzə çıxarıb.

Ancaq bir çox mütəxəssislər gənclərin daha zəif olması iddiasından uzaq durmağa çağırır. Onlar hesab edirlər ki, hər şey müasir və texnologiya mərkəzli cəmiyyətin yetişdirdiyi nəslə yanaşma ilə bağlıdır.

"LifeStance Health" klinikasında mental sağlamlıq mütəxəssisi olan doktor Karl Nassar deyir ki, əvvəlki nəsillərə hisslərini basdırmaq öyrədildiyi halda, yeni nəsillərə bunun əksi öyrədilir. Nassar nəsil fərqlərindən əziyyət çəkən yeniyetmə və ailələrlə işləyir. O hesab edir ki, yaşlı nəsil üçün yumşaqlıq və həssaslıq zəiflik əlaməti olduğundan bu qavrayış problemləri meydana çıxır.

Şəffaflıqla bağlı sosial norma

Analitika və sorğularla məşğul olan tanınmış Amerika şirkəti "Gallup"ın baş redaktoru Cennifer Robison da bu fikri dəstəkləyir. ""Gen X" və "Boomer" nəslinin də problemləri var, ancaq onları səsləndirmək qeyri-peşəkar sayılır. O baxımdan, gənclərin "qar dənəciyi" kimi görünməsi əslində şəffaflıqla bağlı sosial normanın təzahürü olmuş ola bilər", – o deyir.

Ev sahibi olan "bumer"lər gənc olanda əksər kapitalist ölkələri iqtisadi çiçəklənmə dövründə idi. İndi onlar özləri kimi gənc yaşda ev ala bilməyən gəncləri zəiflikdə günahlandırırlar. Ancaq bu zaman ev qiymətlərinin astronomik sürətlə artması, maaş artımınınsa durğunluq halı, qeyri-sabit iş şərtləri nəzərə alınmır. Halbuki insanların ipoteka götürə bilməsi bilavasitə bu amillərdən asılıdır.

"Z nəsli"nin yetkin həyata qədəm qoyması pandemiya, misli görünməmiş tənhalıq və iqtisadi qeyri-sabitlik dövrünə düşür. Bu səbəbdən onların ən depressiv və narahat nəsil olması təsadüfi deyil.

XS
SM
MD
LG