Britaniya yazıçısı Zadie Smith «The Guardian»a yazdığı məqalədə xarici bədii ədəbiyyatın gözəlliyindən və Roald Dahl-ın təsirindən söz açıb.
Yazıçı hazırda amerikalı yazıçı və alim Shoshana Zuboff-un 700-səhifəlik «Nəzarət kapitalizmi əsri» (The Age of Surveillance Capitalism) kitabını oxuduğunu yazır.
«Əgər kitabın əhəmiyyəti içində yaşadığımız dünyanı nə qədər effektiv təsvir etməsi və bu dünyanı dəyişmək üçün nə qədər potensialının olması ilə ölçülsəydi, onda mənə görə, o bu əsrdə çap edilmiş ən mühüm kitabdır. Mən ən azı Zuboff-un əsas ideyaları ilə tanış olmamış hər hansı gənc fəalı ciddi qəbul etməkdə çətinlik çəkirəm. Biz necə rəqəmsal əsrdə yaşaya və hələ də bunun nə demək olduğunu bilməyəcək qədər məsum ola bilərik? Zuboff bu zamana qədər cəhd edilmiş ən iri kapitalist kolonizasiyası aktından narahatdır. Ancaq bu bizim düşüncəmizin, davranışımızın, azad iradəmizin, özümüzün kolonizasiyasıdır. Buna baxmayaraq, bu kitab texnologiyaya qarşı da deyil. O, tənzimlənməyən, qəddar və amansız kapitalizmə qarşıdır. O, əslində, bu nəslin « Kapital»ıdır, ya da olmalıdır. Bütün arqument ondan ibarətdir ki, texnologiyanın istismarı tərzində qaçılmaz heç bir şey yoxdur. Başqa bir yol ola bilərdi. Hələ də ola bilər», - o yazır.
Uşaq kitabları
Smith yazır ki, onun yaradıcılığına ən çox təsir edən uşaq kitabları olub. O, Roald Dahl-ın «Sehrli barmaq» (The Magic Finger) kitabını və uşaqlığı sovet dövründə keçmiş Azərbaycan oxucularına da yaxşı tanış olan «Hörümçək Anansi»ni (Afrika nağılları) xüsusi qeyd edib.
Zadie Smith-in sözlərinə görə, dəyərini ala bilməyən kitablar arasında xarici kitablar xüsusi yer tutur: «İngilis dilində olmayan çox sayda qeyri-adi kitab heç bizim sahillərə gəlib çıxmır da. Misal olaraq, bu yaxınlarda oxuduğum ikisinin adını çəkə bilərəm: Willem Frederik Hermans-ın «Toxunulmamış ev» (An Untouched House) əsəri əksər Danimarka oxucularına məlum olan klassikadır, ancaq mənim üçün yenidir. Ruanda yazıçısı Scholastique Mukasonga-nın «Ayaqyalın qadın» (The Barefoot Woman) romanı isə …ağrılı, gözəl bir kitabdır».
Yazıçı onun fikrini dəyişmiş kitablardan da danışıb. Bu kitablar arasında Karen E Fields və Barbara J Fields-in yazdığı «İrq sənəti: Amerika həyatındakı bərabərsizliyin ruhu» (Racecraft: The Soul of Inequality in American Life) yazıçının irq məsələsi haqda «ən tənbəl» fikirlərini kökündən sorğulayaraq dəyişə bilib. O, bundan başqa, Emmanuel Carrère və Annie Ernaux-nun kitablarının onun fransız yazıçıları haqda fikirlərini dəyişdiyini və bu sahəyə marağını təzələdiyini qeyd edir.
Ağladan, rahatlıq gətirən kitablar
Smith onu ağladan kitablar arasında Elizabeth Strout-un «Yenə Oliv» (Olive, Again) romanının adını çəkib. Bu əsər «Oliv Kitteric» (Olive Kitteridge) adlı başqa bir kitabın davamı sayılır. Müəllifin yazıçılıq məharəti Smith-i heyrətləndirib.
Zadie Smith amerikalı müəllif Halle Butler-in «Yeni mən» (The New Me) və Raven Leilani-nin «Parıltı» (Luster) kitablarının qara yumorla dolu komik kitablar olduğunu yazır. Hər iki müəllif millenial nəslinin nümayəndəsidir.
Yazıçı daha sonra oxuyub bitirə bilmədiyi çoxsaylı kitablardan yazır. Onların arasında Proust, «Don Kixot», «İki şəhərin hekayəsi» və «Karamazov qardaşları»nın adını çəkir.
Smith Chris Ware-in kitablarının ona rahatlıq gətirdiyini yazır: «Bir neçə saat ərzində qarşımda ləzzətdən başqa bir şey olmadığını bilmək rahatlıq gətirir».
O hesab edir ki, hədiyyə verilən kitab öhdəlik yox, başdan-ayağa həzdən ibarət olmalıdır. Buna görə də çox vaxt qrafik romanlara üstünlük verir. Suriya əsilli fransız komiks rəssamı və rejissoru Riad Sattouf-un «Gələcəyin ərəbi» kitabının üç cildini xüsusi vurğulayır.