Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:58

Həbsdəki cəbhəçi rəisin onu döydüyünü deyir


Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı (Video arxiv)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev işgəncəyə məruz qaldığını deyir. Bu barədə öz məhkəməsində məlumat verən Salayev iddia edir ki, hətta iki dəfə onu saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev şəxsən döyüb.

Sentyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılmaqla bağlı şikayətinə baxılıb. AXCP üzvünə kəsilən cəzanın müddətinin başa çatmasına 10 ay qalıb. Xəzər Rayon Məhkəməsi avqustda onun buraxılması barədə ərizəsini təmin etməmişdi. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Aclıq etdiyini deyir

Salayevin məhkəmədə bildirdiyinə görə, saxlandığı cəzaçəkmə müəssisəsində bir müddət öncə ona bir sənəd imzalatdırmaq istəyiblər. O, sənəddə konkret nəyin yazıldığını deməsə də, onu imzalamağı şərəf və ləyaqətinə sığışdırmadığını vurğulayıb. Onun sözlərinə görə, məhz sənədi imzalamaqdan imtina etdiyinə görə işgəncəyə məruz qalıb, müəssisədəki cərimə kamerasına (kars) salınıb.

"Təzyiqlərə etiraz olaraq sentyabrın 8-dən aclıq keçirirəm. Əvvəl quru aclıq edirdim, su da qəbul etmirdim. Apellyasiya məhkəməsi ilə əlaqədar Kürdəxanıdakı istintaq təcridxanasına köçürüləndən sonra yalnız su qəbul edirəm. Aclıq aksiyasını hələ də davam etdirirəm", – AXCP üzvü belə deyib.

O əlavə edib ki, şərtləri qəbul etməyəcəyi halda, haqqında yeni cinayət işi başlanıb həbs müddətinin uzadılmasıyla hədələnib.

"Bizə şərait yaradılmır"

Penitensiar Xidmətdən Salayevin dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Zəfər Əhmədli AzadlıqRadiosuna bildirib ki, Salayevin işgəncəyə məruz qalması, cərimə kamerasına salınması haqda məlumatlıdırlar. Bu məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə də məktub göndəriblər: "Penitensiar Xidmətdən cavab olaraq bildirilib ki, Zamin Salayev "kars"a salınmayıb, istintaq təcridxanasına köçürülmə öncəsi karantində saxlanılıb, heç bir sənəd imzalamağa da məcbur edilməyib. Təəssüf ki, bizə bu şikayətləri yerində araşdırmaq üçün şərait yaradılmır. Ombudsman Aparatından bizə deyildi ki, məsələni nəzarətdə saxlayırlar".

Ombudsman Aparatından Salayevin durumu ilə əlaqədar Penitensiar Xidmət və digər aidiyyəti orqanlara müraciət olunduğu bildirilib.

Xatırlatma

Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

XS
SM
MD
LG