Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:04

Həbsdə olan cəbhəçi: 'Ölüm aclığı keçirirəm...'


Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı (video arxiv)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev 28 gündür aclıq etdiyini deyir. Bu müddətdə təxminən 20 kq çəki itirdiyini deyən cəbhəçi buna baxmayaraq, aclığı dayandırmaq niyyətində olmadığını vurğulayıb. Salayev bu barədə oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində çıxışında danışıb. Məhkəmədə onun həbsdən vaxtından əvvəl şərti buraxılmasıyla bağlı şikayətinə baxılırdı.

"Oradakıların hamısı yaxşı bilir ki..."

Bu prosesdə tərəflərdən biri də Salayevin saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsidir. Müəssisə rəhbərliyi AXCP üzvü haqqında mənfi rəy verib, onun vaxtından əvvəl azadlığa çıxmasına etiraz edib. Məhkəməyə cəzaçəkmə müəssisəsinin nümayəndəsi gəlməmişdi.

"Üzləri yoxdur gəlməyə. Oradakıların hamısı yaxşı bilir ki, mənə necə işgəncə verilib. Yatdığım yerdən qaldırdılar, aparıb işgəncə verdilər. İki-üç dəfə şəxsən müəssisənin rəisi Şakir Qəniyev işgəncə verib. Sonra da 10 gün "kars"a saldılar, orada quru aclıq elədim, qətiyyən əhəmiyyət vermədilər. Bunlar üçün insan həyatının qiyməti yoxdur", – Salayev belə deyib.

AXCP üzvünün sözlərinə görə, 17 saylı Cəzaçəkmə Müəssisəsində onu məhbusların gözü önündə döyüblər. O vurğulayıb ki, ona verilən işgəncələrin izləri hələ də bədənində qalır. Boyun nahiyəsində xəsarət izini göstərən Salayev əlavə edib ki, son bir ay ərzində ailə üzvləri ilə telefon danışıqlarına da qadağa qoyulub: "Səbəb də budur ki, mən onların tələbinə boyun əymirəm. Tələb də budur ki, əfv ərizəsi yazmalıyam, AXCP-dən istefa verməliyəm...".

Həbsdən buraxılmayıb

Hakim Salayevin işə aidiyyəti olmayan məsələlər haqqında danışdığını bildirərək onun çıxışını davam etdirməsinə imkan verməyib. Sonda isə cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülərək onun vaxtından əvvəl həbsdən buraxılmasının məqsədəuyğun olmadığı bildirilib.

Salayevin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Penitensiar Xidmətdən Salayevin dediklərinə münasibət öyrənmək mümkün olmayıb. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bundan öncə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, penitensiar müəssisələrdə saxlanılan bütün məhkumların qanunda nəzərdə tutulan hüquqları təmin olunur, onların arasında ayrıseçkiliyə yol verilmir. İşgəncə iddialarını təkzib edən Sadıqov əlavə edib ki, bu barədə şikayəti olan Penitensiar Xidmətə müraciət edə bilər: "Müraciətlər obyektiv, hərtərəfli şəkildə araşdırılır".

Xatırlatma

Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

XS
SM
MD
LG